06 may 2023 11:11
437

Baş nazir: Zəngəzur dəhlizinin açılması Azərbaycanın regionda çəkisini artıracaq

Zəngəzur dəhlizinin açılması ölkə iqtisadiyyatını inkişaf etdirməklə yanaşı, Azərbaycanın regionda çəkisini artıracaq.

“İki sahil” xəbər verir ki, bunu şənbə günü "Heydər Əliyev və Azərbaycan müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi" mövzusunda keçirilən konfransda Baş nazir Əli Əsədov deyib.

O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsi, ev-eşiyindən didərgin düşmüş soydaşlarımızın öz doğma yurdlarına qayıtması idi. Heydər Əliyev o günün gələcəyinə dərindən inanırdı.

“Ata vəsiyyətini şərəflə yerinə yetirmiş Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycanın şanlı və parlaq qələbəsi, Qarabağın tacı olan Şuşada üçrəngli bayrağımızın dalğalanması Heydər Əliyevin amallarının təntənəsidir.

Bu gün işğaldan azad olunmuş torpaqlarımızda Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni bir hünər dastanı yazılır, şəhər və kəndlərimiz dirçəlir.

Qarabağ və Şərqi Zəngəzur genişmiqyaslı tikinti, inşaat, quruculuq meydanına çevrilib və Böyük qayıdış proqramının gerçəkləşməsi ilə bu torpaqlarda həyat yenidən canlanmağa başlayıb.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu bu torpaqlardakı dini, tarixi abidələrimizin, mədəniyyət incilərimizin bərpası və yenidən qurulması sahəsində böyük layihələr həyata keçirir”, - deyə Ə.Əsədov bildirib.