08 oktyabr 2026 15:37
146

Cüdo üzrə dünya çempionatına həsr olunmuş "Tarixə toxunan" adlı sərgi açılıb

Azərbaycan Milli Xalça Muzeyində Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş "Tarixə toxunan" adlı sərgi açılıb.

Ekspozisiyada mundialın açılış mərasimində yer almış, Azərbaycan xalçaçılıq ənənələrindən ilhamlanaraq hazırlanmış səkkiz səhnə geyimi və onların yaradılmasına əsas verən tarixi xalçalar təqdim olunub.

Dizayner Ləman Süleymanovanın yaradıcı yanaşması ilə Azərbaycan xalçalarına xas ornament və rənglər müasir səhnə geyimlərində yeni ifadə qazanıb. Tarixi xalça nümunələri ilə onlardan ilhamlanaraq hazırlanan geyimlərin birgə nümayişi milli irslə müasir səhnə sənəti arasındakı əlaqəni əks etdirib.

Sərginin əsas məqsədlərindən biri Azərbaycan cüdosunu yalnız idman nailiyyətləri ilə deyil, ölkənin mədəni həyatının bir parçası kimi təqdim etməkdir. Dünya çempionatının açılış mərasimi üçün xüsusi hazırlanmış və milli-mədəni irsimizi əks etdirən səhnə geyimləri Azərbaycan Cüdo Federasiyası tərəfindən Azərbaycan Milli Xalça Muzeyinə hədiyyə edilib. Bununla dünya çempionatı günlərində beynəlxalq auditoriyaya təqdim olunan mədəni irsin bir hissəsinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması nəzərdə tutulur.

Ekspozisiya oktyabrın 11-dək hər gün saat 10:00-dan 18:00-dək Azərbaycan Milli Xalça Muzeyinin sərgi salonunda ziyarətçilər üçün açıq olacaq.