20 may 2023 16:24
471

Sumqayıtın musiqi və xor kollektivləri şəkili həmkarlarının qonağı olub FOTOLAR

Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin xalq çalğı alətləri orkestri və Sumqayıt şəhər Bülbül adına İncəsənət Məktəbinin “Şəfəq” uşaq xoru Şəki şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin dəvəti ilə şəkili həmkarlarının qonağı olub.

“İki sahil” xəbər verir ki, bu barədə  Şəki Regional Mədəniyyət İdarəsindən məlumat verilib. Bildirilib ki, “Heydər Əliyev İli” çərçivəsində Şəki Heydər Əliyev Mərkəzində reallaşan konsertdə Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri ifa olunub. Konsertin sonunda Şəki Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Ağaəli Cəlilov çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təqdim olunan maraqlı və rəngarəng konsert proqramına görə kollektivin rəhbərinə təşəkkürünü bildirib.

Sumqayıt Musiqi Kollecinin direktoru, beynəlxalq və respublika müsabiqələri laureatı, tanınmış pianoçu Səbinə Mehdiyeva dəvətə və yaradılmış şəraitə görə təşkilatçılara minnətdarlığını bildirib, Azərbaycanın tarixi və mədəniyyəti üçün bir çox şəxsiyyətlər yetirmiş Şəki torpağında çıxış etmələrindən böyük qürur hissi keçirdiklərini vurğulayıb.

Konsertdə çıxış edən Şəki şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdlərinin ifaları da qonaqlar tərəfindən yüksək qiymətləndirilib.