20 may 2023 18:48
417

“İstedadlar ocağı”nın təqdimat mərasimi keçirilib

Mayın 20-də Beynəlxalq Muğam Mərkəzində Əməkdar incəsənət xadimi, sənətşünas alim Ziyadxan Əliyevin “İstedadlar ocağı” kitabının təqdimat mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki, müəllif bu kitabı Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin ensiklopediyası kimi hazırlayıb.

Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda şəhid olan vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə həsr olunmuş videoçarx təqdim edilib.

Kitab müəllifin özünün də məzunu olduğu Əzizm Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbinin (indiki Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdindəki İncəsənət Kolleci) 100 illiyinə həsr olunub. Nəfis şəkildə tərtib olunmuş 560 səhifəlik kitabda təhsil müəssisəsinin (1920-ci ildən 2020-ci ilə qədər) tarixi, bütün tələbələrin (onlar 6 minə qədərdir) adları, ünlü məzunların fotoşəkilləri, mükafat alan rəssamların siyahısı, məzunların yaratdığı əsərlərin fotoxronikası, fotoşəkilləri və s. təqdim olunub.

Tədbirdə çıxış edən Ziyadxan Əliyev kitabın ərsəyə gəlməsində ona köməklik göstərmiş şəxslərə təşəkkürünü bildirib və yeni nəşrin məziyyətlərindən danışıb. Bir əsrlik tarixə malik Əzim Əzimzadə adına məktəbin keçdiyi tarixi yola nəzər salan müəllif məktəbin istedadlı fırça ustaları ilə yanaşı, vətənpərvər məzunlarından da bəhs edib. Bildirib ki, məktəbin məzunlarından 4-ü Birinci Qarabağ müharibəsində şəhid olub.

Diqqətə çatdırılıb ki, yeni kitabın layihə rəhbəri və “Ön söz” müəllifi Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, redaktorları sənətşünaslıq üzrə fəlsəfə doktoru Aslan Xəlilov və Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı, dizayneri Aysel Əliyevadır.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva əsərin ensiklopedik siqlətinə vurğu edib, alimi bu fundamental əsərin gün üzü görməsi münasibətilə təbrik edib, ona yeni uğurlar diləyib. Komitə sədri bu əsərin həm adıkeçən məktəbin əlamətdar yubileyinə, həm “Heydər Əliyev İli”nə gözəl töhfə olduğunu deyib.

O, Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinin şöhrətinə layiq tərtib olunmuş kitabı milli incəsənətimizin öyrənilməsi və təbliği baxımından yüksək dəyərləndirib.

“Milli incəsənətimizdə fenomen kimi dəyərləndirilən Əzim Əzimzadənin gənc yaradıcıların yetişdirilməsinə özəl diqqət yetirilməsi ənənəsi günümüzdə də 100 yaşını keçmiş kollecdə uğurla davam etdirilməkdədir. Bu da bizə 44 günlük Vətən müharibəsində Zəfər qazanmış Azərbaycanımızı, onun incəsənətini işıqlı gələcək gözlədiyini söyləməyə əsas verir.

Respublikamızda müxtəlif profilli, çoxsaylı ali və orta ixtisas təhsil məktəblərinin olmasına baxmayaraq, onların arasında məhz “Əzimzadə məktəbi”nin adı bütün (keçmiş) SSRİ məkanında tanınır və istedadlar ocağı olaraq fəxrlə çəkilirdi. XX yuzilliyin 20-ci illərinə qədər Bakıda (ümumən Azərbaycanda) rəssamlığın tədrisi bir coxlarının düşündüyü kimi yox dərəcəsində olmayıb. Lakin “Əzimzadə məktəbi” özündən öncəki sənət mühitlərini, xalq yaradıcılığını tədris plan-proqramına cəlb etməklə, peşəkar müstəviyə daşımaqla yeni bir mərhələ başlayıb. Əgər fəaliyyətləri qədim dövrlərə təsadüf edən sənətkarlar ayrı-ayrı ustalardan dərs almışdısa, “Əzimzadə məktəbi” açıldıqdan sonra fəaliyyət göstərən yaradıcıların çoxu ilk təhsilini həmin məktəbdə alıb. Bu anlamda, Azərbaycanda rəssamlığın tədrisi tarixini xronoloji ardıcıllıqla izləməli olsaq, tərəddüdsüz deyə bilərik ki, hazırda Rəssamlıq Akademiyasının nəzdində fəaliyyət göstərən İncəsənət Kolleci respublikamızın tarixində özəl yeri olan təhsil ocaqlarındandır. Onun 100 ili aşan zəngin tarixi ilə tanışlıq göstərir ki, məktəbin mövcudluğu, səmərəli fəaliyyəti sayəsində milli təsviri və dekorativ-tətbiqi sənətimizin inkişafını gerçəkləşdirən minlərlə rəssam yetişib. Onların şöhrətinin çoxdan ölkə sınırlarını aşması və yaratdıqları sənət örnəklərinin Azərbaycanı şöhrətləndirən bədii-mənəvi qaynaqlara çevrilməsi bu təhsil ocağının yerini, rolunu dəqiq ifadə edir. Əminik ki, kollecin indiki kollektivi də illərlə formalaşan tədris metodu ənənələrini qoruyub saxlamaqla, bu təhsil ocağının şöhrətini layiqincə yaşada biləcəkdir”,- deyə komitə sədri vurğulayıb.

Tanınmış sənətşünas alim, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyevin araya-ərsəyə gətirdiyi bu ensiklopedik siqlətli kitabın bütün sənətsevərlər üçün qiymətli qaynaq olacağına inamını ifadə edən Q.Paşayeva kitabın uzun illik əməyin məhsulu olduğunu vurğulayıb. Onun sözlərinə görə, əsərdə müəllifin “Əzimzadə məktəbi”nə, ustadlar ustadı Əzimzadənin öz şəxsiyyət və yaradıcılığına sevgisi fonunda Azərbaycan mədəniyyətinə, ümumən mədəniyyətə, sənətə vurğunluğu parlaq şəkildə görünür. Çox şadıq ki, Ziyadxan Əliyev öz sevgi və vurğunluğunu peşəkarlıq müstəvisində təcalla etdirə bilib.

O deyib: “Kitab “Əzimzadə məktəbi”nin 100 illik yubileyi münasibəti ilə hazırlansa da, nəşrinin 2023-cü ilə - “Heydər Əliyev İli”nə düşməsini də təsadüf yox, təvafüqlük hesab edirəm. Bu kitab Ümummilli Liderimizin şərəfinə adlandırılmış 2023-cü ilə ən gözəl sənət töhfələrindən biridir”.

Qənirə Paşayeva kitabın rus və ingilis dillərinə çevirilməsinin də vacibliyinə toxunub.

Sonra kitabın hazırlanmasında əməyi olanlara Milli Məclisin Mədəniyyət komitəsi adından təşəkkürnamələr təqdim olunub.

Təqdimat mərasimində digər çıxış edənlər də kitabın araya-ərsəyə gəlməsini yüksək qiymətləndirib, müəllifə yeni-yeni uğurlar arzulayıblar. Diqqətə çatdırılıb ki, kitab Azərbaycan təsviri sənət tarixi ilə maraqlananlar üçün əvəzsiz bir mənbədir.

Tədbir musiqili proqramla davam edib.