25 may 2023 10:27
287

Azərbaycanın Bolqarıstana akkreditə olunmuş Hərbi Attaşesi görüşlər keçirib

Bolqarıstan Respublikasının Sofiya şəhərində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Bolqarıstan Respublikasında akkreditə olunmuş Hərbi Attaşesi polkovnik Müşfiq Məmmədov və səfirliyimizin nümayəndələri Bolqarıstan Müdafiə Nazirliyi Müdafiə Siyasəti və Planlaşdırma İdarəsinin rəisi briqada generalı Radostin İliev, onun rəhbərlik etdiyi nümayəndə heyəti və Türkiyə Respublikası Silahlı Qüvvələrinin Bolqarıstan Respublikasındakı hərbi attaşesi ilə görüşüb.

Səfirlikdən "İki sahil"ə verilən xəbərə görə, Bolqarıstan Müdafiə Nazirliyində keçirilən görüş zamanı Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Bolqarıstan Respublikası Müdafiə Nazirliyi arasında ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsi aparılmış, iki ölkə arasında hərbi təhsil sahəsindəki əməkdaşlığın yüksək səviyyədə olduğu diqqətə çatdırılıb. Eyni zamanda Hərbi attaşe polkovnik Müşfiq Məmmədov 44 günlük Vətən Müharibəsi və işğaldan azad olunmuş ərazilərimizdə aparılan sürətli bərpa və quruculuq işləri barəsində Bolqarıstan Müdafiə Nazirliyinin heyətinə ətraflı məlumat verib.

Hərbi attaşe Vətən müharibəsində qazanılmış Qələbənin regionda yeni reallıqlar yaratdığını, dayanıqlı sülh və sabitlik üçün əlverişli şərait formalaşdırdığını, post-münaqişə dövründə bölgədə sülhün, təhlükəsizliyin və inkişafın təmin olunmasına dair Azərbaycanın baxışları və addımları, ölkəmiz tərəfindən aparılan bərpa və yenidənqurma işləri, nəqliyyat-kommunikasiya xətlərinin bərpası barədə məlumat verib. Bundan əlavə, son günlər Qarabağ və Şərqi Zəngəzur İqtisadi rayonlarında, eləcə də Azərbaycan Ermənistan şərti sərhədində baş verən gərginlik və ermənilərin regionda sabitliyin pozulması istiqamətində atdığı addımlar qarşı tərəfə bildirilib.

Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında bütün münasibətlərin, o cümlədən hərbi əməkdaşlığın dostluq və qarşılıqlı etibarlılıq üzərində qurulduğu xüsusi vurğulanaraq, Bolqarıstanın hər zaman iki ölkə arasındakı dostluğa sadiq qalacağı və etibarlı bir tərəfdaş olacağı briqada generalı Radostin İliev tərəfindən qeyd edilib. Tərəflər hər iki ölkə arasında müdafiə sahəsində işçi əlaqələrin və əməkdaşlığın davam etdirilməsinin zəruriliyini bildirib. Səmimi şəraitdə keçən görüş sonunda xatirə şəkilləri çəkilmiş və qarşılıqlı şəkildə hədiyyələr təqdim olunub.

Türkiyə Respublikasının Bolqarsıtan Respublikasındakı hərbi attaşesi ilə səmimi şəraitdə baş verən görüşdə Hərbi attaşe polkovnik Müşfiq Məmmədov Azərbaycan Türkiyə arasındakı qardaşlıq münasibətlərinin regiona gətirdiyi inkişaf və bu münasibətlərin hər hərbi əməkdaşlıq sahəsinə də müsbət təsir etdiyini xüsusi vurğulayaraq, strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu bildirib. Görüşün sonunda hər iki tərəf qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın bundan sonra da müvəffəqiyyətlə inkişaf etdiriləcəyinə və möhkəmlənəcəyinə əminliyini vurğulayıb.