25 may 2023 23:23
273

Ermənisayaq demokratiya, yoxsa separatizmə dəstək?

«Beynəlxalq siyasətin dəmir qanunu» hesab edilən demokratiyadan antidemokratik məqsədlərlə istifadə terrordan daha dəhşətli təhlükədir

Demokratiya pərdəsi altında siyasi xarakterli mənfi ideyaların təbliği müxtəlif ölkələrdə baş verən «rəngli inqilab»ların dağıdıcı nəticələrində özünü göstərdi. Bəlli oldu ki, demokratiyanın yayılması kimi təqdim olunan humanist niyyətlərin arxasında supergüclərin maraqları dayanır. Məqsədlərini həyata keçirmək üçün istədikləri ölkələrdə formalaşdırdıqları «beşinci kolon»lardan, vətəndaş cəmiyyətlərindən vasitə kimi istifadə edənlər niyyətlərini demokratiya pərdəsi altında həyata keçirirlər. «Demokratiyaya doğru irəliləyən və insan hüquqlarının müdafiəsi təsisatlarını inkişaf etdirən hər bir ölkə bizim dostumuzdur və biz onları həmişə dəstəkləyirik» çağırışları altında antidemokratik bəyanatları ilə istədikləri dövlət haqqında fikir formalaşdırmağa çalışanların əslində separatizmi dəstəklədikləri günümüzün reallıqlarındandır. Bu, həm də milli münaqişələr üçün münbit şərait formalaşdırmaqdır. Sözdə «beynəlxalq siyasətin dəmir qanunu» kimi qəbul edilən demokratiya pərdəsi altında milli- mənəvi dəyərlərin itirilməsinə çalışanlar, xüsusilə, Şərqdə, müsəlman ölkələrində «təcrübələrini» sınaqdan çıxarırlar. Amma unutmaq olmaz ki, dövlətlər arasında siyasi münasibətlər məzmun baxımından müxtəlif olduğu kimi, dünyada baş verən hadisələrin ölkələr daxili və xarici siyasətlərinə təsiri də fərqlidir.

Dünyanın geosiyasi xəritəsini dəyişmək istəyən dairələrin 30 ildən artıq davam edən və artıq tarixin arxivinə göndərilən «Dağlıq Qarabağ münaqişəsi» ilə bağlı ikili standartların yaratdığı mənzərələr yaxın keçmişimizdə baş verən ədalətsizlikdir. Azərbaycanın ərazi bütövlüyünü tanıyan BMT Təhlükəsizlik Şurasının, Avropa Şurasının, ATƏT-in ölkəmizin ərazi bütövlüyünün toxunulmazlığı ilə bağlı qəbul olunan qətnamələri öz gücünə, ədalətli şəkildə icra edən ölkəmizə qarşı həmişə demokratiya pərdəsi altında ikili yanaşmalar mövcud olub.

Ölkəmizin haqq işinə ikili standartlarla yanaşma, erməni separatizminə dəstək Azərbaycanın qələbəsi ilə başa çatan İkinci Qarabağ müharibəsindən sonra da davam edir. 30 ilə yaxın Ermənistanın işğalı altında qalan, tamamilə dağıdılan Azərbaycanın torpaqlarında ermənilərin törətdikləri vəhşilikləri, barbarlığı, vandalizmi görməyən supergüclər, UNESCO kimi maddi-mənəvi sərvətlərin qorunması ilə məşğul olan humanitar təşkilat belə ölkəmizə qarşı etinasız münasibət göstərirdilər.

Ölkəmizdə səfərdə olan Roma Papası Fransiskin, İslam Əməkdaşlıq Təşkilatı rəhbərlərinin bəyanatlarında, paytaxtımızda keçirilən Dünya Dini Liderlərinin sammitlərində toplantılarında humanitar forumlarda iştirak edən yəhudi, katolik, pravoslav, müsəlman dini rəhbərləri dəfələrlə qeyd ediblər ki, multikulturalizm dəyərlərinə sadiq Azərbaycanda dini konfessiyalar arasında heç bir ziddiyyət, qarşıdurma mövcud deyil. Belə ki, naşı siyasətçilərin, populistlərin, bölgədə baş verənlərdən xəbəri olmayan, ancaq erməni lobbisinin sifarişini yerinə yetirənlərin, ya da buna çalışan bəzi dırnaqarası siyasətçilərin ölkəmizə qarşı iradlarının heç bir əsası yoxdur. «Getsinlər baxsınlar, ermənilər müsəlman abidələrini nə günə qoyublar?! Niyə 30 il ərzində bu məsələ ilə bağlı UNESCO məsələ qaldırmayıb?» söyləyən Prezident İlham Əliyev haqlı olaraq bəyan edir ki, UNESCO hər hansı ölkənin filialı deyil. UNESCO-nu Ermənistan vandalları tərəfindən dağıdılan ərazilərində törədilən vəhşilikləri görməyə dəvət edən Azərbaycanın tələbinə də etinasızlıq göstərildi. Təşkilat rəsmiləri guya «məsələnin siyasiləşdirilməməsi» bəhanəsi ilə işğal altında qalan ərazilərimizdə erməni vəhşiləri tərəfindən dağıdılan abidələrimizi görmək istəmədilər. Əksinə, Azərbaycanı guya erməni məbədlərini dağıtmaqda ittiham etdilər. Bu cür sərsəm xəyallar uyduranlar bilməli idilər ki, Ermənistanda artıq bir nəfər də olsun azərbaycanlı qalmayıb. Vətən müharibəsi isə Azərbaycan ərazilərində aparılıb. Dağıntılara, ekoloji terrorlara məruz qalan dini, tarixi abidələr, talan edilən yeraltı, yerüstü sərvətlər Azərbaycana məxsusdur. UNESCO tərəfindən illərdən bəri demokratiya pərdəsi altında Azərbaycana göstərilən ədalətsiz münasibəti anlamaq o qədər də çətin deyil. Çünki təşkilatın hazırkı rəhbəri işğalçını dəstəkləyən fransız əsilli ermənipərəstdir.

Azərbaycana qarşı antidemokratik yanaşmaya daha bir nümunə ABŞ-da keçirilən demokratiya sammitləridir. 2021-ci il dekabrın 9-10-da keçirilən «Birinci Demokratiya Sammiti» məramına uyğun təşkil edilməmişdi. İnsanlığa münasibətdə qəddarlığı ilə seçilən, Azərbaycan xalqına qarşı soyqırımlar törədən, yüzminlərdə soydaşımızı qətlə yetirən «demokratik» Ermənistanın iştirak etdiyi Sammit haqqında başqa açıqlamaya ehtiyac yoxdur. Azərbaycan, Türkiyə, Macarıstan və Çin kimi ölkələrin dəvət edilmədiyi Sammitin təşkilində məqsəd demokratiyanın təbliği deyil, ABŞ-ın dünyada guya insan hüquqlarının qorunması, himayədarı, «demokratiya mayakı» kimi tanıdılması idi.

 Xatırladaq ki, özlərini söz azadlığının, ədalətli seçki sisteminin, korrupsiya və insan hüquqlarına qarşı mübarizənin avanqardları kimi təqdim etmək istəyən Qərbdə çiçəklənən korrupsiya ilə bağlı çoxlu faktlar var. «Demokratiya seçimi»ndən kənarda qalan qüdrətli dövlətlər Sammiti hegemonluq missiyasının dünyaya bəyan edilməsi kimi qiymətləndirdilər. Afrikanın dünyada qanunun aliliyinin ümumi göstəricisinə görə ən geridə qalan ölkələrin dəvət olunduğu Sammitdə əsl demokratik dəyərlərə sadiq dövlətlərin nümayəndələrinin «diqqətdən kənarda qalması» müəmmalı idi. Halbuki, «Demokratiya Sammiti»nə dəvət olunan 110 ölkənin üçdə biri «Freedom House» təşkilatı tərəfindən müəyyən edilmiş demokratik meyarlarda zəif nəticə göstərən ölkələr olub.

2023-cü il martın 30-da ABŞ-ın təşkilatçılığı ilə keçirilən « İkinci Demokratiya Sammiti» əvvəlkindən heç də fərqlənməyib. Adı demokratiya olan bu Sammit də Qərbin özünəməxsus oyunları əsasında təşkil edilib. Azərbaycan və Türkiyə növbəti dəfə guya antidemokratik ölkə kimi Sammitdən kənarda qalıb.

Ölkəsində insan hüquq və azadlıqları pozulan, humanizm prinsiplərindən əsər-əlamət olmayan Ermənistanın demokratik ölkə hesab edilərək Sammitə dəvət edilməsi demokratiya adına təhqirdir. Ermənistanda aksiyalar zamanı polisin həm etirazçılara, həm də KİV nümayəndələrinə qarşı sərt davranışı, insanların təqiblərə məruz qalması beynəlxalq ictimaiyyətə, o cümlədən Birləşmiş Ştatlardakı rəsmi dairələrə də bəllidir. Amma tədbirin əsas təşkilatçısı USAİD və onun ermənipərəst rəhbəri, saxta « erməni soyqırımı»nı dəstəkləyən Samanta Pover üçün bu cür antidemokratik hərəkətlər qəbulediləndir. ABŞ Administrasiyasının təşkil etdiyi İkinci Sammitdə iştirakçıların sayı 120-yə çatdırılıb. Bosniya və Hersoqovina, Qambiya, Honduras, Kot-D’ivuar, Lixtenşteyn, Mavritaniya, Mozambik və Tanzaniya kimi ölkələrin sırasında Türkiyənin, Azərbaycanın adı yoxdur. Halbuki Qərbin etibarlı tərəfdaş adlandırdığı, beynəlxalq terrorizmə qarşı mübarizədə ABŞ-ın çağırışlarına ilk qoşulan Azərbaycan Cənubi Qafqazda siyasi, iqtisadi gücü, demokrtik islahatları ilə fərqlənən qüdrətli dövlətdir. Deyilənlərdən aydın olur ki, sammitlərdə iştirak üçün nəzərdə tutulan kriteriya demokratiyaya sadiqlik deyil, konyunktura, siyasi məqsədəuyğunluq əsas şərt kimi götürülüb.

Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin bu günlərdə yayılan, dünyada dini azadlıqların vəziyyətinə dair növbəti illik hesabatında da anti-Azərbaycan ruhu diqqəti cəlb edir.

Qərbi Azərbaycan İcmasının açıqlamasında qeyd edildiyi kimi, Azərbaycanda erməni dini abidələri ilə bağlı əsassız iddialara geniş yer verən Dövlət Departamentinin işğalçıya dəstək hesabatında nədənsə Ermənistandan azərbaycanlıların etnik və dini nifrət zəminində tamamilə qovulması, bu ölkədə vaxtilə dövlət tərəfindən qeydiyyatdan keçmiş 300-ə yaxın məscidin və azərbaycanlılara məxsus bütün digər dini və mədəni irsin dağıdılması faktları kölgədə qalıb. Çünki adı çəkilən hesabatda Azərbaycan ilə bağlı yalanların mənbəyi, əslində, «Ümumerməni Xeyriyyə İttifaqı», «Aragats Fondu» kimi ekstremist təşkilatlar tərəfindən maliyyələşdirilən ABŞ-ın Kornel Universitetinin təmsilçiləridirlər. İşğalçı ölkədə kabus kimi təbliğ edilən Azərbaycanafob meyilləri və xalqımıza məxsus dini və mədəni irsin, o cümlədən məscidlərin və qəbiristanlıqların dağıdılması kimi dini azadlıqların sistematik şəkildə pozulması faktlarının əks etdirilmədiyi hesabat da demokratiyaya ermənisayaq baxışın nümunəsidir. Ermənistandan azərbaycanlıların etnik və dini nifrət zəminində tamamilə qovulması, işğalçı ölkədə əsrlərdən bəri mövcud olan və dövlət qeydiyyatından keçmiş 300-ə yaxın məscidin və azərbaycanlılara məxsus bütün digər dini, mədəni irsin dağıdılması faktlarına istinad olunmur.

Avropa Parlamentinin anti-Azərbaycan ruhlu ermənipərəst deputatlarının rüşvət müqabilində separatizmi, Ermənistanın işğalçılıq siyasətini dəstəklədikləri kimi iyrənc oyunlar da deyilənlərə əlavə olunsa «erməniləşdirilmiş», qana boyanmış dünya demokratiyasının məqsəd və məramları açıq-aşkar görünər.

Xuraman İsmayılqızı, «İki sahil»