27 may 2023 02:36
556

Zəngəzur dəhlizinin «Ümid» yolu

28 may 1992-ci ildə istifadəyə verilən «Dəmir İpək Yolu» müstəqilliyimizin, Türkiyə- Azərbaycan qardaşlığının, bütünlükdə türk dünyasının monolit birliyinin rəmzidir

Mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə keçirilən iclasında çıxış edən Prezident İlham Əliyev hazırda dünya siyasətinin ən aktual mövzularından olan Orta Dəhliz layihəsinin əsas tərəfdaşı və icraçılarından olan Azərbaycanın beynəlxalq əhəmiyyətli nəqliyyat-kommunikasiyalarla bağlı həlledici rolundan ətraflı bəhs etdi. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşən ölkəmizin bütün istiqamətlərdə daşımalarla bağlı perspektivlərini açıqlayıb. Avropaya, həmçinin Türkiyənin Aralıq dənizi limanlarına çıxışı təmin edən Bakı-Tbilisi-Qars dəmir yolunun, «Şimal-Cənub» nəqliyyat dəhlizi layihəsinin fəal iştirakçısı olan ölkəmizin inkişaf edən nəqliyyat infrastrukturunun beynəlxalq əhəmiyyətini diqqətə çatdırdı. «Biz, həmçinin ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, həm də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürmüşük» söyləyən Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsindən sonra imzalanan 2020-ci il 9 noyabr, 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatlarda nəzərdə tutulan iqtisadi kommunikasiya layihələrinin yerinə yetirilməsi ilə bağlı Azərbaycanın üzərinə düşən öhdəliklərin yerinə yetirildiyini xatırlatdı. «Dəhliz» sözündən qorxan Ermənistanın baş naziri Nikol Paşinyanın əsassız iddialarını da sağlam düşüncə tərzi ilə cavablandırıb: «Mənim istifadə etdiyim «dəhliz» sözünə gəldikdə, o zaman mən bu kəlməni dəqiq olaraq «Şimal-Cənub» dəhlizinə münasibətdə də işlətmişəm, bu söz elə həmin dəqiqliklə «Şərq-Qərb»” dəhlizinə münasibətdə də istifadə olunur. «Dəhliz» sözü heç də kiminsə ərazisinə göz dikmək demək deyil. Bu, beynəlxalq termindir və düşünürəm, beynəlxalq terminologiya ilə tanış olan insanlar yəqin ki, ona bu gün Ermənistanın baş naziri kimi məna verməzdilər». Dövlətçilik səviyyəsində hadisələri sağlam iradə ilə dəyərləndirmək qabiliyyətindən məhrum olan, Ermənistana bütün dövrlərdə rəhbərlik edənlərin böhtanlarına cavab regionda vəziyyəti kökündən dəyişəcək Zəngəzur dəhlizinin bərpasıdır.

Xatırladaq ki, bu gün Zəngəzur dəhlizinin beynəlxalq əhəmiyyətinin yüksək dəyərləndirilməsi Ulu Öndər Heydər Əliyevin dünənimizdən bugünümüzə hesablanmış uzaqgörən siyasətinin bəhrəsidir.Türkiyə ilə Azərbaycanın əsrlərdən bəri davam edən qardaşlığını ötən əsrin sonlarında düşünülmüş siyasəti ilə daha da möhkəmləndirən Ulu Öndər o çətin dövrdə «Ümid» körpüsünün açlmasına nail olmaqla Zəngəzur dəhlizinin təməlini qoymuş oldu.

Tarixə nəzər salaq. Hər zaman bölgədə vəziyyəti gərginləşdirən, qeyri-sabit ölkə kimi qəbul edilən, Sovet imperiyasının dəstəyi ilə torpaqlarımızı işğal edən Ermənistanın təcavüzkarlıq planlarında Naxçıvan Muxtar Respublikasına yiyələnmək planları da var idi. Azərbaycanın ən qədim torpaqlarından olan Naxçıvanı blokadada saxlamaqla niyyətlərini həyata keçirəcəklərini zənn edən Ermənistanın başıboş rəhbərləri bir məqamı unudurdular ki, türk dünyasının müqəddəs torpağı Naxçıvan çaqqal-çuqqal məskəni deyil, yadellilərə qan udduran ərənlər yurdudur. AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə Naxçıvan MR Ali Məclisinin Sədri kimi muxtar respublikanı səbatsız iqtidardan, eyni zamanda Ermənistanın təcavüzündən qoruyan, ən çətin məqamlarda belə xalqına bələdçi, dəstək olan müdrik şəxsiyyət Heydər Əliyev o mürəkkəb zamanlarda da ağlının, zəkasının qüdrəti ilə çıxış yolu tapdı.

İqtisadi böhranla üzləşən, enerjisi, təbii qazla təminatı Ermənistan tərəfindən kəsilən ata-baba yurdu Naxçıvanı erməni təcavüzündən qoruyan, xalqına bağlı olduğunu tarixi xidmətləri, fədakarlığı ilə təsdiqləyən zəmanəsinin dahisi Heydər Əliyev «Türkün türkdən başqa dostu yoxdur» kəlamına güvənərək bu hikmətə arxalandı. Naxçıvanla Türkiyəni birləşdirəcək ən sərfəli yollar axtarıldı. Qardaşlığın keçmişdə sınaqdan çıxmış çətin dövrləri xatırlandı.

… Qardaş ölkənin ağır günlərində Mustafa Kamal Atatürkün Kazım Qarabəkir Paşaya yazdığı məktubu xatırlayaq: «Əldə bir qəpik paranın olmadığını siz bilirsiniz. Hələ də içəridə pul üçün bir mənbə tapılmır. Başqa tərəfdən belə bir mənbə tapılana qədər Azərbaycan hökumətindən bir qədər geniş ölçüdə borc almağınız haqda düşünmənizi və əldə etmənizi rica edirəm.» O zaman Türkiyənin Azərbaycanda səfiri olan Məmduh Şövkət bəy məktubu dövlət xadimi Nəriman Nərimanova çatdırır. Təbii ki, lazımi yardım göstərilir. Türkiyənin vəziyyətini nisbətən yüngülləşdirəcək qızıl, xeyli yanacaq, ərzaq tədarük edilib Qarsa göndərilir. Görkəmli ictimai-siyasi xadim, böyük ədib Nəriman Nərimanovun Mustafa Kamal Paşaya yazdığı məktubda qeyd olunan «Paşam, qardaş qardaşa borc verməz, əl tutar» sözlərinin sevincini sonrakı illərdə hər iki xalq gündəlik həyatında hiss etdi.

Qardaşlıq həmrəyliyinə ehtiyac ötən əsrin sonlarında bir daha təzələndi. Əllər birləşdi, bir yumruq oldu. İmperiyaların xəyanətləri üzündən qardaşları ayıran Araz yenidən qardaş sevincinə şahidlik etdi. Türkiyənin o dövrdəki rəhbərliyi ilə danışıqlar aparan Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Araz çayı üzərində körpü inşa edildi. Tərəflərin birgə razılığı ilə «Ümid» adlandırılan körpü həqiqi mənada nicat yolu oldu. Enerji, təbii qaz, ərzaq sarıdan korluq çəkən naxçıvanlılara ikiqat sevinc bəxş edən Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasının daha bir nümunəsi kimi salnaməmizə yazılan «Ümid» körpüsünün açılması nəinki erməniləri, Naxçıvanı «kor bağırsaq» adlandıran, Azərbaycanın çoxəsrlik tarixini daşında, qayasında yaşadan bu qədim ulu məskənə ögey münasibət göstərən, Qars müqaviləsinin ləğvini istəyən AXC-Müsavat cütlüyünün səriştəsiz siyasətbazlarını da narahat edirdi. O vaxlar nəinki AXC-Müsavat cütlüyünün iqtidarsızları , bəlkə də ən təcrübəli siyasətçilər belə müdrik şəxsiyyət Heydər Əliyevin bu addımının gələcəkdə Azərbaycan xalqına qazandıracağı siyasi, iqtisadi əhəmiyyəti dərk edə bilməzdilər. Lakin xalqının fədakar oğlu olduğunu həyatının, siyasi fəaliyyətinin bütün məqamlarında göstərdiyi fədakarlıqlarla sübut edən böyük siyasətçi Heydər Əliyevin dühası elə bir zirvədə qərarlaşmışdı ki, o ucalığın qüdrətini görmək hər insana nəsib olmazdı.

O dövrdə Türkiyənin Baş naziri olan rəhmətlik Süleyman Dəmirəllə danışaraq vəziyyəti müzakirə edən tarixi şəxsiyyət Heydər Əliyevin səyi nəticəsində qısa müddətdə Azərbaycanın ayrılmaz parçası, Naxçıvanın alınmaz qalası, mənəvi dayağı olan Sədərək rayonunun ərazisində, Araz çayı üzərindən körpünün inşasına başlanıldı. Sədərək- Dilucu körpüsünün tikintisi gözlənildiyindən də tez müddətdə başa çatdırıldı.

28 may 1992-ci ildə körpünün açılışını birgə qeyd edən türkiyəli qonaqlar da naxçıvanlılar kimi sevinc içərisində idilər. İllərdən bəri qardaşları ayırdığı üçün həmişə lal axan Araz da bu qardaşlıq sevincinə qoşulmuşdu. Muxtar respublikanın paytaxtında əsl bayram təntənəsi yaşanırdı. Hər iki qardaş ölkənin dövlət bayraqları ilə bəzədilmiş körpü ilə muxtar respublikaya gətirilən humanitar yardımlar blokadada qalan insanlara qardaşlıq ərmağanı idi.
Bu yolu arzuların körpüsü, türk dünyasına açılan pəncərə adlandıran Ulu Öndər inanırdı ki, qardaşlıq körpülərinin sayı daha çox olacaq. «Ümid»in açılış mərasimində birliyin əbədiliyi üçün xeyir-dua verən rəhmətlik Süleyman Dəmirəlin «Bu körpü təkcə Azərbaycanı və Türkiyəni birləşdirmir, bu, Avropa ilə Asiya arasında körpüdür. Avropa və Asiya ölkələrinin qarşılıqlı, faydalı əlaqələrinə xidmət edə bilər» sözləri artıq reallıqdır.

Həmin yolla Naxçıvana ərzaq gətirildi, muxtar respublika Türkiyənin enerji şəbəkəsinə qoşuldu. Bu , yardım qardaşın qardaşa dayaq olması, dəstəyi idi.
Həmin körpü Ulu Öndərin söylədiyi «Biz bir millət, iki dövlətik» müdrik kəlamını əbədiləşdirdi. Sonrakı illərdə «Ümid» ümidlərə yol açdı. Azərbaycan –Türkiyə dostluğu neft- qaz kəmərlərinin reallaşmasını asanlaşdırdı. «Əsrin müqaviləsi»nin imzalanması, neft strategiyasının hazırlanması bütün dünyanın ən iri neft şirkətlərinin diqqətini Azərbaycana yönəltdi. Neft-qaz kəmərlərinin Türkiyənin ərazisindən keçməsi üçün qətiyyət göstərən Ulu Öndər bir daha əvəzolunmaz siyasətçi, geniş dünyagörüşünə malik dahi şəxsiyyət, türk dünyasının öndəri olduğunu sübut etdi. O illər sonradan belə xatırlandı: «Əgər «Ümid» çətin şəraitdə yaşayan naxçıvanlılara yaşam, həyat bəxş etdisə, enerji layihələri Türkiyə ilə birlikdə Avropanın bir çox ölkələrinə işıq, nur gətirdi.»

«Dəmir İpək Yolu» adlandırılan Bakı –Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə «Ümid»in varisləri artdı. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışında Ulu Öndərin xidmətlərini xatırladan Prezident İlham Əliyev «Bakı-Tbilisi-Qars dəmir yolu tarixi layihədir, strateji əhəmiyyətli layihədir…Bir sözlə, Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir. Bu yolun fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artacaq» sözləri ilə tarixi İpək Yolunun qlobal əhəmiyyətini iki qardaş ölkənin birgə səyinin nəticəsi adlandırdı. Bu qoşa əlin gücü ilə Bakı-Tbilisi- Ceyhan, Bakı-Tbilisi –Ərzurum neft –qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu gerçəkləşdi. İllərin sınağında bərkimiş bu əllər birləşərək İkinci Qarabağ müharibəsində dəmir yumruğa çevrilərək Ermənistanın başını əzdi. Hazırda Azərbaycanın işğal olunmuş ərazilərində aparılan bərpa-quruculuq işlərində də həmin əllər xarüqələr yaradır. Zəngəzur dəhlizinin inşası da türk dünyasının həmrəylik rəmzi kimi tunellərdən, körpülərdən, keçir, sıldırım qayaları fəth edir. Ulu Öndər Heydər Əliyevin vurğuladığı kimi, daha neçə niyyətləri gerçəkləşdirəcək «Ümid» ilk addım olsa da ardıcıllarının simasında qitələri dolaşacaq, əməkdaşlıq yolunu aydınladacaq neçə-neçə «yaşıl işıq»lardan keçəcək. Türk dünyasını əbədi olaraq bir amal ətrafında birləşdirəcək. Zəngəzur dəhlizinin açılmasında qətiyyət göstərən Prezident İlham Əliyev iradəsi ilə Ulu Öndərin davamçısı olduğunu təsdiqləyir.

Azərbaycanla Türkiyə prezidentlərinin imzaladıqları Şuşa Bəyannaməsində əks olunan «Tərəflər Azərbaycan və Türkiyəni birləşdirən Azərbaycan Respublikasının qərb rayonları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasında dəhlizin (Zəngəzur dəhlizi) açılmasının və həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisinin iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə mühüm töhfə verəcəyini qeyd edirlər» bəndinin reallaşması ilə türk dünyasından Avropaya uzanan yollar qardaşlıq, birlik həmrəylik rəmzi kimi bölgəmizə, dünyamıza sabitlik gətirəcək.

«Naxçıvanı Azərbaycana birləşdirəcək Zəngəzur dəhizi ilə bağlı bəzi çevrələrdəki qorxu və əndişələr, mənə görə, yersizdir. Artıq bütün Qarabağın atdığı bu addımlardan sonra belə qorxulara yer yoxdur» söyləyən Türkiyənin Prezidenti Rəcəb Tayyib Erdoğanın vurğuladığı kimi, gün gələcək, Zəngəzurdan çıxıb İstanbula qədər gedə biləcəyik. Bu əminliyin qarantı «Qərbi Zəngəzur da bizim tarixi torpaqlarımızdır və o torpaqlardan Zəngəzur dəhlizi keçəcəkdir» söyləyən Prezident İlham Əliyevin «Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik» sözləridir. Prezident İlham Əliyevin layihə ilə bağlı gördüyü işlər, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması bu mühüm kommunikasiyanın nəzərdə tutulduğu müddətdə istifadəyə veriləcəyinə yaratdığı əminlikdir.

28 may 2023-cü ildə Türkiyədə keçiriləcək prezident seçkilərinin ikinci turunda öz sözünü söyləyəcək xalqın iradəsi ilə türk dünyasının birliyi və həmrəyliyi təsdiqlənəcək. Həmin tarix Müstəqillik Gününün sevincini yaşayan Azərbaycan xalqı kimi, Türkiyə vətəndaşları üçün də əlamətdar hadisə kimi yaddaşlarda qalacaq.

Xuraman İsmayılqızı, «İki sahil»