27 may 2023 01:13
1438

Rekordlara imza atan güclü qadınlar

Qadınların sirli varlıqlar olması hər zaman kişilərin gileyləndiyi mövzudur. Zərif cinsin nümayəndələrinin nə düşünüb, necə davranacağı hər zaman qarşı tərəfin maraq dairəsində olub. Bu yazıda isə qeyri-adi bacarıqları ilə “Ginnesin Rekordlar Kitabı”na daxil olan qadınlardan bəhs edilir.

Qan donorluğu üzrə dünya rekordçusu

31 mart 2023-cü ildə Kanadanın Alberta şəhərindən olan 80 yaşlı qadın qan donorluğu sayına  görə “Ginnesin Rekordlar Kitabı”na düşüb.  Josefina Mixalyuk 1965-ci ildə 22 yaşında qan verməyə başlayıb və o vaxtdan bəri ümumilikdə 203 vahid qan verib.  Əvvəlki rekordu Madhura Ashok Kumar  tərəfindən bağışlanan 117 ədəd idi. Josefinanın sözlərinə görə,   onu ilk dəfə donorluq etməyə böyük bacısı razı salıb. "Mən ona qoşulmağa qərar verdim və bu, başlanğıc idi" deyib. Qan qrupu O+ olan Mixalyuk, ianələrinin başqalarına kömək etdiyini bilməyi çox sevdiyini söyləyib. Yalnız bir neçə il  o, donor ola bilməyib, çünki qadınlar hamiləliyin doqquz ayı ərzində və ondan sonrakı bir il ərzində qan verə bilməzlər. Josefinanın dörd övladı olduğuna görə həmin illərdə donor ola bilməyib. Həmçinin bir neçə əməliyyat keçirdiyinə görə də bir il qan verməkdən çəkindirib. 

O, hər dəfə bir vahid qan verir.  Josefina, həmçinin qeyd edib ki, hər qanvermədən sonra  o, özünü "enerjili" hiss edir Yaşının çox olmasına  baxmayaraq, onun ianə nisbəti zərrə qədər də aşağı düşməyib, hələ də orta hesabla ildə dörd litrdən çox qan verir.

Ayağı amputasiya olmuş xanımın rekordu

Bir ayağı amputasiya olunmuş qadın “divara söykənərək uzunmüddətli oturma” hərəkəti üzrə “Ginnesin Rekordlar Kitabı”na düşüb.
Belə ki, o, 2 dəqiqə 8 saniyə ərzində bir ayağı və digərini əvəz edən protez ayaqla bütün rəqiblərini üstələyə bilib.
Qadın 1993-cü ildə sümük xərçəngi nəticəsində bir ayağını itirib. Darina  deyir ki, onun  bu qələbəsi  dünyadakı milyonlarla fiziki qüsurlu insanlar üçün ilham mənbəyi olacaq.

Ən uzun duvağın sahibəsi

Əslən yunan Kiprindən olan Mariya Paraskeva adlı qız 2018-ci ildə eyni anda iki arzusunu yerinə yetirdi. O, həm evləndi və eyni zamanda, uşaqlıq arzusunu həyata keçirərək dünyanın ən uzun gəlinlik fatasının sahibəsi oldu. Qeyri-adi toy aksessuarının  uzunluğu 6962 metrdir. Üç ay ərzində hazırlanan və futbol meydançası boyda olan örtük Mariyaya 4000 avroya başa gəlib.

Mariyanın “İnstagram”səhifəsində paylaşdığı videoda qızın bəylə futbol meydançasının ortasında dayandığı nümayiş olunub. 7 kilometrə yaxın uzunluğu olan duvağı da məcburən elə büküblər ki, həmin meydana yerləşsin.

Mariya müsahibəsində rekordlar kitabına düşmək istədiyini etiraf edib.
Onun sözlərinə görə, fatanı meydançaya uzatmaq üçün 30 könüllünün yardımından istifadə edib.

Ən iri halqaları fırladan Getti

Amerikalı Getti Kehayova qeyri-adi  bacarığı ilə peşəkar gimnastları kölgədə qoyur. Bacarıqlı Getti uzunluğu 7,1 metr olan halqanı fırladaraq heç bir çətinlik çəkmir.Qeyd edək ki, Kehayovlar ailəsinin üzvləri  bu qeyri-adi bacarıqlarına görə dəfələrlə "Ginnesin Rekordlar Kitabı”na düşüb.

Ən çox pirsinn sahibəsi

Dünyanın ən çox pirsinqi olan Eleyn Devidson sancaq üçün yastıqcaya bənzəyir. Braziliyada yaşayan Eleyn ilk pirsinqini 1977-ci ildə edib. 2006-ci ildə 4225 pirsinq sahibəsi olaraq “Ginnesin Rekordlar Kitabı” na daxil olan qadın tez-tez sırğalarını dəyişərək təzələri ilə əvəz edir.

Kişilər güclü olur, yoxsa?..

Deyirlər, kişilər güclü, qadınlar isə zəif cinsin nümayəndələridir. Lakin ABŞ-da yaşayan atlet xanım Mişel Kinni  bu deyimi alt-üst edib. Bu qadının qaldırdığı  daş kürələrinin ümumi çəkisi 539,77 kiloqramdır və bu il o, "Ginnes Rekordlar Kitab"ına dünyanın ən güclü qadını olaraq daxil olub.

Dodağında ən iri diski daşıyan Ataye

Efiopiyalı Ataye Eliqidaqne aşağı dodağında diskəbənzər "bəzək" əşyası daşıyır. Bu diskin diametri 60 sm-dir. Çox maraqlıdır ki, bu qəbilənin bütün qızları toydan bir il əvvəl bu əşyanı dodaqlarında daşıyırlar. Amma Atayenin diski digərlərindən çox böyükdür. O, hətta buna görə, "Ginnesin Rekordlar Kitabı"na daxil olmuşdur.

Ən çox döyməsi olan Culiya

Culiya Qnusenin 30 yaşı olanda porfiriya xəstəliyinə yoluxub. Bu xəstəlik zamanı günəş şüası altında dəridə suluqlar əmələ gəlir. Suluqlardan sonra isə qızın bədənində çoxsaylı çapıqlar meydana gəlib. Culiya komplekslərindən azad olmaq və çapıqları gizlətmək üçün tatudan istifadə edib. Hazırda onun dərisinin 95 faizi döymə ilə örtülüdür. O, hətta buna görə "Ginnesin Rekordlar Kitabı"na daxil olmuşdu.

Paraşütsüz yüksəklikdən düşən stüardessa

Əslində bu rekordun təkrarlanması çox da arzuolunan deyil. Bu rekorda imza atan Vesna Vuloviç ötən əsrin yetmişinci illərində JAT Yuqoslav Airlines 367 təyyarəsində stüardessa işləyirdi. Uçuşların birində təyyarədə bomba partlaması nəticəsində Vesna paraşütsüz təyyarədən - 10160 metr hündürlükdən düşərək sağ qalmağı bacardı. Qeyd edək ki, bu dəhşətli fəlakətdən sağ çıxan yeganə insan məhz o idi. Qəzadan sonra komaya düşən  22 yaşlı bu qız kəllə sümüyünün, üç fəqərənin, hər iki ayağının və çanaq sümüyünün sınığı da daxil olmaqla, bir çox zədələr almışdı.

Vesna Vuloviçin sözlərinə görə, özünə gələndən sonra ilk istədiyi şey siqaret çəkmək olmuşdu. Sonra isə pişiyinin və itinin harada olduğunu soruşmuşdu.

16 ay davam edən müalicə müddətinin 10 ayı boyunca Vuloviçin bədəni qurşaqdan ayaqlarınadək iflic vəziyyətində qaldı.

Lakin o mübarizə apardı və tam sağala bildi. Bu qəzadan xatırlatma olaraq yalnız kiçik bir axsaqlıq qaldı. Vesna Vuloviç xatirələrində qəza anını xatırlamadığına görə, qorxu hissi yaşamadığını qeyd edirdi. Buna görə də tam sağalandan sonra onun Yuqoslav Airlines şirkətində stüardessa işinə qaytarmaq cəhdi olsa da  ofis xarakterli vəzifədə çalışmağa başladı.

Vesna Vuloviçin adı yalnız 1985-ci ildə “Ginnesin Rekordlar Kitabı” na daxil oldu.

Samirə Tağıyeva, “İki sahil”