26 may 2023 23:19
172

Azərbaycan-Litva münasibətləri strateji tərəfdaşlıq prinsiplərinə uyğundur

Mayın 21-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Litva Respublikasına rəsmi səfəri ölkəmizin xarici əlaqələrinin coğrafiyasının genişlənməsi baxımından mühüm əhəmiyyətə malikdir. Səfər çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilmiş, danışıqlar aparılmış, rəsmi sənədlərin imzalanma mərasimi olmuşdur. Hər iki ölkə arasında imzalanmış sənədlər Azərbaycan-Litva əlaqələrinin daha da inkişaf etdirilməsinə zəmin yaradır.

Azərbaycanla Litva arasında bir çox sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticari, turizm, mədəniyyət, təhsil sahəsində əməkdaşlıq əlaqələri dinamik olaraq inkişaf etməkdədir. İkitərəfli münasibətlərdə hüquqi baza formalaşıb. Hər iki ölkə əlaqələrin inkişafında maraqlı olduqlarını daim nümayiş etdirir və bu istiqamətdə fəallıq nəzərəçarpan dərəcədə yüksəkdir.

Vilnüsdə keçirilən biznes forumdakı çıxışlar ölkəmizin iqtisadi potensialının yüksək olduğunu və xarici investorlar üçün əlverişli mühitin mövcudluğunu təsdiqləyib. Budəfəki biznes forum iqtisadi əlaqələrimizin dərinləşməsinə böyük stimul yaradacaq. Statistikaya görə, ötən il iki ölkə arasında ticarət dövriyyəsi təxminən 33 milyon ABŞ dolları təşkil edib. Ölkəmizdə Litvanın 20 kommersiya qurumu fəaliyyət göstərir. Azərbaycandan isə Litvaya 36 milyon ABŞ dolları məbləğində sərmayə qoyulub. Əməkdaşlığın dərinləşməsi üçün güclü potensial var. Yaxın illərdə ticarət dövriyyəsinin bir neçə dəfə artması proqnozlaşdırılır. Xüsusilə də enerji sahəsində yeni əməkdaşlığın formalaşacağını gözləmək olar.

Hələ keçən ilin may ayında Litva Prezidenti Gitanas Nausedanın Azərbaycana rəsmi səfəri çərçivəsində də Bakıda Litva-Azərbaycan əlaqələrinin inkişafı ilə bağlı görüşlər keçirilmişdi, müvafiq sənədlər imzalanmışdı. Litva ilə ikitərəfli əməkdaşlıq, eyni zamanda, Avropa İttifaqı-Azərbaycan çərçivəsində də önəmli rol oynayır. Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır. İxrac edilən qazın həcmi ildən-ilə artır. Litvada və Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması ilə də bağlı olan işlər paralel şəkildə aparılır. Həm Litvada, həm də Azərbaycanda bu sahəyə çox böyük diqqət göstərilir.

Litva Respublikasının ölkəmizə göstərdiyi marağın əsasında da Azərbaycanın son illərdə əldə etdiyi böyük uğurlar dayanır. Təsadüfi deyil ki, ölkə rəhbərinin rəsmi səfəri əməkdaşlıq üçün konkret təkliflərlə müşayiət olundu. Üstəlik, Avropa İttifaqı Azərbaycanın əsas ticari tərəfdaşıdır, Litva da Avropa İttifaqının üzvü kimi bu əməkdaşlıq münasibətlərinin bir parçası olaraq Azərbaycanla əlaqələrin gələcəyinə inamla baxır.  Bundan əlavə, respublikamızın regionda lider dövlətə çevrilməsi, habelə ölkəmizin hər bir sahədə müstəqil siyasət yeritməsi və enerji siyasətində Avropa məkanı ilə əməkdaşlığa xüsusi önəm verməsi də ölkəmizin tərəfdaşlıq qismində müsbət beynəlxalq imicini formalaşdıran mühüm faktorlardandır.

Şübhə yoxdur ki, Azərbaycan Prezidentinin Litvaya səfəri zamanı aparılan müzakirələr və imzalanan sənədlər qarşılıqlı əlaqələrin inkişafına güclü təkan verəcək,  ölkələrimiz arasında iqtisadi, siyasi və mədəni əlaqələri daha da gücləndirəcək və hər iki ölkə qarşılıqlı şəkildə bu əməkdaşlıqdan faydalanacaq.

Fuad Hüseynzadə,
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri