27 sentyabr 2026 13:13
116

Zəfərə aparan yol: Milli iradə, dövlət gücü və tarixi yaddaş

Milli yaddaş xalqın keçmişlə bu gün arasında qurduğu mənəvi bağdır. Biz tariximizi nə qədər yaxşı xatırlayırıqsa, gələcəyimizi də bir o qədər möhkəm və sağlam təməllər üzərində qura bilərik.

2020-ci il sentyabrın 27-si Ermənistanın azərbaycanlılara qarşı 200 ildən artıq davam edən etnik təmizləmə və soyqırımı siyasətinə son qoyan prosesin başladığı, ədalətin, həqiqətin və milli ləyaqətin öz yerini tapdığı gündür. Azərbaycan xalqı və dövləti, şanlı Ordumuz 44 gün davam edən bu Zəfər yürüşündə böyük bir sınaqdan şərəflə və ləyaqətlə çıxdı. İllər boyu gözlədiyimiz, həsrətində olduğumuz Qələbəyə nail olmaqla yanaşı “məğlub xalq” sindromunu da geridə qoyduq; bu gün başımız dikdir, alnımız açıqdır. Bizə bu qüruru və fəxarəti yaşadan şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla yad edir, qazilərimizə Allahdan şəfa diləyirəm.

Azərbaycan xalqının tarixi yaddaşında doğma torpaqlardan məcburi köçürülmə, deportasiya, qırğınlar və müharibələrlə bağlı ağır səhifələr var.  XX əsrin əvvəllərində Azərbaycan xalqının üzləşdiyi faciələr, 1918-ci il hadisələri, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ərəfəsində və sonrakı dövrdə baş verən qarşıdurmalar, yaşayış məntəqələrinin dağıdılması və dinc insanların qətlə yetirilməsi xalqımızın yaddaşında silinməz izlər qoyub. Sonrakı onilliklərdə də azərbaycanlıların öz tarixi torpaqlarından çıxarılması davam edib. 1948–1953-cü illərdə Ermənistan SSR ərazisində yaşayan 150 mindən çox azərbaycanlının deportasiya edilməsi bu siyasətin ən ağır mərhələlərindən biri olub. 1988-ci ildən etibarən isə Ermənistan ərazisində yaşayan azərbaycanlı əhali kütləvi şəkildə öz yaşayış yerlərindən qovulub. Bu çətin tarixi unutmamaqda əsas məqsəd keçmişin ağrılarını gələcəyə daşımaq deyil. Əsas məqsəd baş verənləri unutmayaraq onların təkrarlanmasına yol verməməkdir. 1980-ci illərin sonlarında Sovet İttifaqında yaranmış siyasi böhran milli və ərazi məsələlərinin yenidən gündəmə gəlməsinə səbəb oldu. Qarabağ ətrafında başlanan proses qısa müddətdə silahlı qarşıdurmaya çevrildi. 1990-cı illərin əvvəllərində Azərbaycan genişmiqyaslı müharibə ilə üzləşdi. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı yeddi rayon işğal edildi, yüz minlərlə insan doğma yurdlarından didərgin düşdü. Şəhər və kəndlər dağıdıldı, Azərbaycanın tarixi və mədəni irsinə ciddi ziyan dəydi. Xocalı faciəsi isə həmin müharibənin xalqımızın yaddaşında ən ağır səhifələrindən biridir. 1992-ci il fevralın 26-da Xocalıda dinc əhaliyə qarşı törədilmiş qətliam nəticəsində yüzlərlə insan həlak oldu. Bu faciə Azərbaycan xalqının yaddaşında mülki əhalinin müharibələr zamanı müdafiəsinin nə qədər vacib olduğunu göstərən çətin tarixi hadisə kimi qalıb. Bu gün həmin illərə qayıdarkən bir həqiqəti unutmamalıyıq: müharibə yalnız döyüş meydanında baş vermir. Müharibənin ən ağır nəticələrini insanlar, ailələr, uşaqlar, yaşlılar yaşayır. Doğma evini itirmək, ailə üzvünü itirmək, illərlə öz yurduna qayıda bilməmək insan yaddaşında dərin iz buraxır.

Azərbaycanın 2020-ci ildə əldə etdiyi nəticəni 44 günlük müharibənin hərbi hadisələri ilə izah etmək düzgün olmaz. Bu nəticəyə aparan yol uzun illər ərzində formalaşan dövlətçilik siyasəti, iqtisadi imkanların yaradılması, beynəlxalq əlaqələrin genişləndirilməsi, ordunun gücləndirilməsi və Azərbaycanın öz mövqeyini beynəlxalq müstəvidə ardıcıl şəkildə müdafiə etməsi ilə bağlı idi. Bu baxımdan 1990-cı illərin əvvəllərinə qayıtmaq, Azərbaycanın hansı vəziyyətdən keçdiyini və həmin mürəkkəb dövrdə hansı dövlətçilik əsaslarının yaradıldığını xatırlamaq vacibdir.

1993-cü ildə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın müstəqillik tarixinin ən çətin mərhələlərindən birinə təsadüf etdi. Ölkədə siyasi qarşıdurma, iqtisadi böhran, hərbi sahədə nizamsızlıq və Qarabağ münaqişəsinin yaratdığı ağır vəziyyət dövlətçiliyin gələcəyi ilə bağlı ciddi suallar doğururdu. Sonrakı dövrdə dövlət idarəçiliyinin möhkəmləndirilməsi, sabitliyin təmin olunması, hüquqi dövlət institutlarının formalaşdırılması və müstəqil Azərbaycanın siyasi sisteminin əsaslarının yaradılması istiqamətində mühüm addımlar atıldı. 1995-ci ildə Konstitusiyanın qəbul edilməsi də bu prosesin mühüm mərhələlərindən biri oldu. Ulu öndər Heydər Əliyevin dövlətçilik siyasətinin mühüm istiqamətlərindən biri Azərbaycanın iqtisadi imkanlarının artırılması idi. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın dünya iqtisadiyyatına daha fəal inteqrasiyası, xarici investisiyaların cəlb edilməsi və ölkənin enerji imkanlarının genişləndirilməsi baxımından əsas hadisəyə çevrildi. Bu gün geriyə baxanda aydın görünür ki, iqtisadi güc ilə dövlətin siyasi və müdafiə imkanları arasında birbaşa əlaqə var. Güclü ordu üçün güclü iqtisadiyyat, iqtisadiyyatın inkişafı üçün isə sabit dövlət və uzunmüddətli strategiya lazımdır. Heydər Əliyevin müəyyən etdiyi enerji strategiyası sonrakı illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirildi. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, daha sonra isə TANAP və TAP kimi layihələr Azərbaycanın regional və beynəlxalq əhəmiyyətini artırdı. Enerji layihələri yalnız iqtisadi layihələr kimi deyil, Azərbaycanın müstəqil xarici siyasətinin və regional əməkdaşlığının mühüm istiqamətlərindən biri kimi də formalaşdı.

Azərbaycan Qarabağ məsələsinin həllində uzun illər beynəlxalq hüquqa və beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə istinad edib.

1993-cü ildə BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri qəbul edildi. Bu sənədlərdə atəşkəsə çağırışlarla yanaşı, işğal olunmuş Azərbaycan ərazilərindən qüvvələrin çıxarılması məsələsi də əksini tapmışdı. ATƏT-in Minsk prosesi də münaqişənin siyasi yolla həllinə xidmət edən beynəlxalq mexanizmlərdən biri idi. Lakin uzun illər davam edən danışıqlar işğalın aradan qaldırılması ilə nəticələnmədi. Azərbaycan Prezidentinin rəsmi saytında da bu prosesin tarixi və beynəlxalq sənədlər ayrıca qeyd olunur. Burada mühüm bir nəticə ortaya çıxır. Beynəlxalq hüquq mühüm prinsip və mexanizmlər müəyyən edir, lakin həmin prinsiplərin həyata keçirilməsi üçün siyasi iradə və real icra mexanizmləri də lazımdır.

Azərbaycan diplomatik müstəvidə öz mövqeyini qorudu, ərazi bütövlüyü məsələsini beynəlxalq gündəmdə saxladı və eyni zamanda müdafiə imkanlarını gücləndirdi.

2003-cü ildən sonrakı dövrdə də bu siyasətin əsas istiqamətlərindən biri Azərbaycanın ərazi bütövlüyü məsələsinin beynəlxalq platformalarda ardıcıl şəkildə müdafiə edilməsi oldu. Prezident İlham Əliyevin çıxışlarında BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, beynəlxalq hüququn prinsiplərinə və Azərbaycanın ərazi bütövlüyünə dəfələrlə istinad edildi.

Uzun illər ərzində Azərbaycanın iqtisadi imkanlarının artması ordunun maddi-texniki bazasının yenilənməsinə, müasir silah və texnologiyaların alınmasına, hərbi qulluqçuların hazırlığının gücləndirilməsinə imkan verdi.

2016-cı ilin Aprel döyüşləri bu prosesin əsas mərhələlərindən biri oldu. Həmin döyüşlər Azərbaycan Ordusunun hazırlıq səviyyəsini və yeni imkanlarını göstərdi. Prezident İlham Əliyev də sonrakı çıxışlarında Aprel döyüşlərinin 2020-ci il müharibəsinə gedən yolda əhəmiyyətini qeyd edib.

2017-ci ildə Cocuq Mərcanlıda yaşayışın bərpası isə başqa bir məna daşıyırdı. İşğaldan azad edilmiş əraziyə insanların qayıdışı Böyük Qayıdışın ilkin nümunələrindən birinə çevrildi. Həmin dövrdə Cocuq Mərcanlının bərpası ilə bağlı Prezident İlham Əliyevin sərəncamları əsasında evlərin, məktəbin, yolun və digər infrastrukturun yaradılması həyata keçirildi.

2020-ci ilin iyulunda Tovuz istiqamətində baş verən hadisələr isə vəziyyətin nə qədər həssas olduğunu bir daha göstərdi. Sentyabrın 27-də genişmiqyaslı hərbi əməliyyatların başlaması ilə Azərbaycan tarixinin yeni mərhələsi başladı.

2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsi Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtəsinə çevrildi. Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarının əhəmiyyətli hissəsi və bir sıra yaşayış məntəqələri azad edildi. Noyabrın 8-də Şuşanın azad olunması müharibənin ən mühüm mərhələlərindən biri oldu. Şuşa Azərbaycanın mədəniyyət tarixinin, musiqisinin, ədəbiyyatının, memarlığının ayrılmaz hissəsidir. Ona görə də Şuşanın azad olunması hərbi nəticə ilə yanaşı, milli-mədəni baxımdan da böyük əhəmiyyət daşıyırdı.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanatla hərbi əməliyyatlar dayandırıldı. Bəyanata uyğun olaraq Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması təmin edildi. Ağdamın noyabrın 20-də, Kəlbəcərin noyabrın 25-də, Laçının isə dekabrın 1-də Azərbaycana qaytarılması 44 günlük müharibədən sonrakı mərhələnin mühüm hadisələri oldu.

2022-ci il avqustun 26-da Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsi ilə bu proses davam etdi. 2023-cü ilin sentyabrında isə Azərbaycan dövlət suverenliyini bütün ərazisində tam bərpa etdi.

Beləliklə, 2020-ci il Zəfəri Azərbaycanın ərazi bütövlüyünün bərpasından dövlət suverenliyinin tam təmin olunmasına qədər uzanan yeni mərhələnin başlanğıcı oldu.

2020-ci ilin hadisələrini yalnız hərbi əməliyyatların xronologiyası ilə izah etmək olmaz. Həmin dövr Azərbaycan cəmiyyətinin də böyük mənəvi sınaqdan keçdiyi bir zaman idi. Tovuz hadisələrindən sonra Birinci vitse-prezident Mehriban Əliyevanın 20 iyul 2020-ci il tarixli xalqa müraciəti bu baxımdan diqqətəlayiqdir. O, şəhidlərimizin xatirəsini yad edir, yaralı hərbçilərimizə şəfa diləyir, eyni zamanda cəmiyyəti emosional gərginlik şəraitində təmkinli olmağa çağırırdı. Müraciətdə informasiya müharibəsinin əhəmiyyətinə və təxribatlara uymamağın vacibliyinə də toxunulurdu. Sentyabrın 27-də müharibə başlayandan sonra xalqın yaşadığı hisslər daha da ağırlaşdı. Cəbhədən gələn xəbərlər, şəhid xəbərləri, yaralı hərbçilər haqqında məlumatlar hər bir ailəyə toxunurdu. Eyni zamanda ordumuzun irəliləməsi xalqda böyük ümid və inam yaradırdı. Belə bir şəraitdə dövlət rəhbərliyinin xalqa ünvanladığı mesajların xüsusi mənası vardı. İnsanların narahatlığını, anaların keçirdiyi hissləri, şəhid ailələrinin ağrısını nəzərə alan müraciətlər cəmiyyətin mənəvi bütövlüyünün qorunmasına xidmət edirdi. Müharibə dövründə informasiya cəbhəsi də mühüm əhəmiyyət daşıyırdı. Azərbaycanın mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılması, saxta məlumatların yayılmasının qarşısının alınması və xarici auditoriyaya doğru məlumatların təqdim edilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilmişdi.

Gəncəyə raket hücumlarından sonra Mehriban Əliyevanın 17 oktyabr 2020-ci il tarixli paylaşımında mülki əhalinin hədəfə alınmasına diqqət çəkilməsi də bu baxımdan vacib idi.

Müharibənin ağır günlərində cəmiyyət üçün əsas məsələlərdən biri də şəhidlərin ailələrinə mənəvi dayaq olmaq idi. Çünki müharibənin statistik rəqəmlərinin arxasında hər birinin öz həyatı, ailəsi, arzuları olan insanlar dayanırdı.

Şuşanın azad olunması isə xalqın uzun illər gözlədiyi tarixi hadisəyə çevrildi. Bu xəbər Azərbaycanın hər yerində böyük sevinc yaratdı. Eyni zamanda həmin günlərdə şəhidlərimizin xatirəsi bir daha ehtiramla yad edildi. Bu mənada 2020-ci ilin hadisələri bizə göstərdi ki, müharibədə dövlətin gücü hərbi imkanlarla ölçülmür. Cəmiyyətin birliyi, insanların bir-birinə mənəvi dəstəyi, dövlətə və orduya inamı da həmin ağır günlərin dayaqlarından idi.

Cənab Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi təsis edildi. Sərəncamda Vətən müharibəsində döyüşən əsgər və zabitlərimizin, arxa cəbhədə çalışan insanların və bütövlükdə Azərbaycan xalqının göstərdiyi birlik və həmrəylik qeyd olunur, şəhidlərin xatirəsinə ehtiram ifadə edilir.

Daha sonra Əmək Məcəlləsinə edilmiş dəyişikliklə sentyabrın 27-si Anım Günü kimi qanunvericilikdə də təsbit edildi.

Müharibədən sonra qarşıda duran vəzifələrdən biri də dağıdılmış şəhər və kəndlərin, tarixi və mədəni irsin bərpası idi. Qarabağda Ermənistanın işğalı dövründə yaşayış məntəqələri ilə yanaşı, tarixi, dini və mədəni abidələr də ciddi dağıntılara məruz qalıb. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işləri tarixi yaddaşın bərpasıdır.

Bu istiqamətdə Heydər Əliyev Fondunun fəaliyyəti ayrıca qeyd olunmalıdır. Fond 2020-ci il dekabrın 8-dən etibarən işğaldan azad olunmuş ərazilərdə mədəni-dini abidələrin və məscidlərin bərpası layihələrinin icrasına başlayıb. Şuşada Aşağı Gövhər Ağa, Yuxarı Gövhər Ağa və Saatlı məscidlərində, Ağdam Cümə məscidində, Zəngilan məscidində və digər tarixi-mədəni obyektlərdə bərpa işləri həyata keçirilib. Bu fəaliyyətə daha geniş prizmadan baxmaq lazımdır. Çünki Qarabağın bərpası binaların, yolların və infrastrukturların yaradılması demək deyil. Burada tarixi məkanların, dini abidələrin, muzeylərin, məqbərələrin və mədəni irs nümunələrinin yenidən həyata qaytarılması da vacib yer tutur.

Mədəni irs bir xalqın yaddaşıdır. Ona görə də tarixi abidələrin bərpası keçmişə münasibətin göstəricisi olmaqla yanaşı, gələcək nəsillərə ötürülən mənəvi məsuliyyətdir.

Şəhidlərin adlarının memoriallarda yaşadılması, onların həyat yolunun muzeylərdə təqdim edilməsi və müharibənin canlı şahidlərinin xatirələrinin qorunması milli yaddaşın formalaşmasının bir hissəsidir.

Bakıda Zəfər parkının yaradılması da bu baxımdan əhəmiyyətlidir. Parkın açılışı 8 noyabr 2024-cü ildə keçirilib. Zəfər muzeyi də Vətən müharibəsinin tarixinin gələcək nəsillərə çatdırılması baxımından vacib yaddaş məkanıdır. Belə məkanların əsas vəzifəsi müharibənin səbəblərini, insanların yaşadığı ağrıları, şəhidlərin həyat yolunu, hərbi əməliyyatların gedişini və Zəfərdən sonra başlayan quruculuq mərhələsini bütöv şəkildə təqdim etməlidir. 2025-ci ildə Gəncədə açılan Memorial Kompleks də müharibənin ağır nəticələrinin gələcək nəsillərə çatdırılması baxımından vacib nümunədir. Kompleksdə XX əsrin əvvəllərindən başlayaraq deportasiya, kütləvi qırğınlar, Qarabağ münaqişəsi, Vətən müharibəsi, itkinlər və mina terroru kimi mövzuların təqdim edilməsi tarixi yaddaşın ardıcıllıqla qorunmasına xidmət edir.

Vətən müharibəsindən sonra şəhid ailələrinin və qazilərin sosial müdafiəsi dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi. Onların mənzil, məşğulluq, müalicə, reabilitasiya və sosial təminat məsələlərinin həlli istiqamətində müxtəlif proqramlar həyata keçirildi. “YAŞAT” Fondu da şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə dəstək göstərilməsi baxımından əsas mexanizmlərdən biridir. Mənim üçün burada əsas məsələ yalnız sosial yardımın göstərilməsi deyil. Şəhid ailəsi bilməlidir ki, onun övladının, həyat yoldaşının, atasının və ya qardaşının dövlət qarşısında göstərdiyi xidmət unudulmur. Qazi bilməlidir ki, keçdiyi mübarizə və yaşadığı çətinlik dövlətin və cəmiyyətin yaddaşındadır. Dövlətçilik yalnız institutların fəaliyyəti ilə ölçülmür. Dövlətçilik həm də ən ağır günündə vətəndaşının yanında olmaq məsuliyyətidir.

Bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Zəfərin yeni mərhələsini formalaşdırır.

İşğaldan azad edilmiş ərazilərdə yollar, hava limanları, yaşayış kompleksləri, məktəblər, xəstəxanalar, elektrik və su infrastrukturu yaradılır. İnsanların öz doğma yurdlarına qayıdışı təmin olunur. Bu mənzərəni tikinti və infrastruktur layihələri kimi qiymətləndirmək düzgün olmaz. Burada söhbət insanların öz doğma torpaqlarına qayıtmasından gedir. Bir vaxtlar məcburi köçkün kimi yaşayan ailələrin illər sonra doğulduqları şəhərlərə, kəndlərə qayıtması tarixin ən ağrılı səhifələrindən birinin bağlanması deməkdir. Məhz buna görə Zəfər uzun illər davam edən mübarizənin və dövlətçilik siyasətinin nəticəsi kimi dərk edilməlidir.

Tarixi yaddaş ilə sülh bir-birinə zidd anlayışlar deyil. Əksinə, həqiqi və dayanıqlı sülh üçün keçmişin doğru öyrənilməsi vacibdir. Müharibələrdən dərs çıxarmaq, insanların yaşadığı faciələri unutmaqmamaq və gələcək nəsillərə daha təhlükəsiz bir region qoymaq hər bir dövlətin məsuliyyətidir. Azərbaycanın yaşadığı Qarabağ münaqişəsi göstərdi ki, uzun müddət davam edən və həll edilməyən münaqişələr cəmiyyətlərin həyatında dərin yaralar yaradır. Bu gün Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri də əldə edilmiş nəticələri möhkəmləndirmək, Qarabağ və Şərqi Zəngəzurda həyatın bərpasını təmin etmək və regionda uzunmüddətli sülhün formalaşmasına töhfə verməkdir.  Dünən döyüş meydanında həll olunan məsələlərin bu gün quruculuq meydanında davam etdirilməsi də məhz bunun ifadəsidir.

Bu gün Vətən müharibəsinin başladığı günü xatırlayırıq. Birinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərimizi, 44 günlük Vətən müharibəsində canından keçən qəhrəmanlarımızı və Azərbaycan torpaqlarının müdafiəsi uğrunda şəhid olan bütün övladlarımızı ehtiramla yad edirik.

Anım Gününün mənası həm kədər, həm qürur, həm də məsuliyyətdir.

Kədərdir, çünki hər bir şəhidin arxasında yarımçıq qalmış bir ömür, övladını gözləyən bir ana, atasının yolunu gözləyən bir uşaq, həyat yoldaşını itirmiş bir qadın var.

Qürurdur, çünki bu insanların həyatlarını fəda etdikləri Vətən bu gün öz ərazi bütövlüyünü və dövlət suverenliyini təmin edib.

Məsuliyyətdir, çünki şəhidlərimizin bizə əmanət etdiyi Azərbaycanı daha da gücləndirmək, inkişaf etdirmək, onun tarixini və mədəniyyətini qorumaq bizim üzərimizə düşən vəzifədir.

27 Sentyabr həm də bizə bir həqiqəti xatırladır: heç bir Zəfər bir günün hadisəsi deyil. Zəfərin arxasında illərlə görülən iş, dövlətçilik iradəsi, diplomatik mübarizə, iqtisadi inkişaf, ordu quruculuğu, xalqın həmrəyliyi və ən əsası, Vətən sevgisi dayanır.

Bu gün azad Qarabağda dalğalanan Azərbaycan Bayrağı uzun illər bu torpaqların həsrəti ilə yaşayan insanların arzularının gerçəkləşməsinin ifadəsidir. Qarabağda yenidən qurulan şəhərlər, kəndlər, məktəblər, məscidlər, mədəniyyət ocaqları isə Zəfərin keçmişə aid olmadığını göstərir. Bu, gələcəyə doğru atılan addımdır.

Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə möhkəm cansağlığı, şəhid ailələrinə səbir və güc arzulayıram.

Azərbaycan xalqı Vətən uğrunda canından keçən övladlarını heç vaxt unutmayacaq. Onların adı xalqımızın yaddaşında, Azərbaycan tarixində və azad Qarabağın torpağında əbədi yaşayacaq.

Hicran Hüseynova,

Milli Məclisin komitə sədri, professor