26 may 2023 22:05
158

Moskva görüşündə Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyi qəbul edildi - Sadiq Qurbanov

Mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası keçirildi. Prezident İlham Əliyev tədbirdə qonaq qismində iştirak edib. Azərbaycan bu birliyin üzvü olmasa da dövlət başçısının qonaq qismində toplantıya dəvət edilməsi ölkəmizin beynəlxalq nüfuzunun, iqtisadi qüdrətinin göstəricisidir. İqtisadiyyatımızın sabitliyi regional iqtisadi əməkdaşlıq və sərmayə mühiti üçün mühüm amildir. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan bütün dövlətlərlə qarşılıqlı maraqların təmin olunmasına əsaslanan bərabərhüquqlu münasibətlər qurub. Ötən ilin iyulunda Avropa Komissiyası və Azərbaycan Enerji sahəsində Strateji Tərəfdaşlıqla bağlı Anlaşma Memorandumunu imzalayıblar. Bu anlaşmaya əsasən, ölkəmiz 2027-ci ilə qədər Avropaya təbii qaz ixracını iki dəfə artırmağı planlaşdırır. Azərbaycan Avropa ilə yanaşı, Avrasiya İqtisadi Birliyinə üzv olan ölkələrlə sıx iqtisadi münasibətlər qurub. Ermənistan istisna olmaqla birliyə üz olan dövlətlərlə sıx iqtisadi-ticarət əlaqələrinin inkişafı ticarət dövriyyəsinin artmasına da müsbət təsir edir.

“İki sahil” xəbər verir ki,  bu fikirləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov söyləyib.

Deputat daha dəqiq rəqəmlə ifadə edərək diqqətə çatdırıb ki, ötən il Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7 milyard dollar təşkil edib. Bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmi daha 38 faiz artıb. Ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olub. Yəni, birliyə üzv ölkələrlə ticarət əlaqələrinin qurulması, inkişaf etdirilməsi üçün Azərbaycanın bu təşkilata üzv olması vacib deyil.  Prezident İlham Əliyevin də bildirdiyi kimi, Azərbaycanın dayanıqlı və özünü təmin edən müstəqil iqtisadiyyatı və xarici siyasəti var. Bu, bizə müstəqil xarici siyasət yürütməyə imkan verir. Bu baxımdan tədbirdə yalnız qonaq kimi iştirak edən Azərbaycanın bu təsisata üzvlüyü müzakirə mövzusu deyil.  Ona görə də tədbirdə yalnız qonaq kimi iştirak edən Azərbaycanın bu təsisata üzvlüyü müzakirə mövzusu deyil. Bir məqamı da xüsusi qeyd edək ki, Azərbaycan üzv olmadığı təşkilatlarla iqtisadi-ticarət əlaqələrini uğurla həyata keçirmək praktikasına sahibdir. Məsələn, ölkəmiz Şanxay Əməkdaşlıq Təşkilatının üzvü olmasa da bu qurumla əməkdaşlıqdan kənarda deyil. Ölkəmizin üzv olmadığı platformalardan heç vaxt kənarda qalmadığına görə Avrasiya İqtisadi Birliyinin toplantısında qonaq qismində iştirakını da bu kontekstdə dəyərləndirmək lazımdır.

Digər tərəfdən, Azərbaycanın artan siyasi nüfuzu, iqtisadi qüdrəti, nəqliyyat qovşağı kimi əhəmiyyəti, son zamanlar xüsusilə aktual olan Orta Dəhlizin mərkəzində yerləşməsi digər dövlətləri ölkəmizlə iqtisadi əməkdaşlığı genişləndirməyə istiqamətləndirir. Ölkəmizin nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir. Azərbaycan Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malikdir. 15 milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanı yaxın vaxtlarda modernləşdiriləcək və yükaşırmaların həcmi 25 milyon tona çatacaq. Ölkəmizdə 8 beynəlxalq aeroport fəaliyyət göstərir. Onlardan ikisi işğaldan azad olunmuş torpaqlarda – Füzuli və Zəngilanda son iki ildə tikilib. Doqquzuncu beynəlxalq aeroport azad olunmuş Laçında tikilir və 2025-ci ildə istismara veriləcək. Ölkəmiz illik 500 min ton yük dövriyyəsi ilə regionda ən iri hava yük donanmasına malikdir. Bütün bunlar Azərbaycan tam iqtisadi müstəqilliyə nail olduğunu təsdiqləyir. Bu isə  ölkəmizin uğurla həyata keçirdiyi müstəqil xarici siyasət kursunu aparmaq imkanını təmin edir. Azərbaycan iqtisadiyyatı özü-özünü təmin edir və kənardan dəstəyə ehtiyacı yoxdur.

Sadiq Qurbanov vurğulayıb ki, strateji əhəmiyyət kəsb edən və bütün regionun sürətli inkişafına səbəb olacaq Zəngəzur dəhlizinin yaradılması mühüm əhəmiyyət kəsb edir. Azərbaycan ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, həm də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünün müəllifidir. Moskva görüşündə bu dəhlizin nə qədər önəm daşıdığı vurğulandı və Ermənistan baş nazirinin manipulyasiya cəhdi Azərbaycan Prezidentinin dəqiq və məntiqli cavabları ilə ifşa edildi. Ermənistan baş naziri Paşinyana diplomatiya dərsi keçən Prezident İlham Əliyev qeyd etdi ki,  Azərbaycan dövlətinin Ermənistana qarşı ərazi iddialarının olması ilə əlaqədar ittihamlar absurddur. Azərbaycanın bu cür iddiaları yoxdur. Bunu təsəvvür etmək üçün güclü fantaziyaya malik olmaq lazımdır. Digər tərəfdən “dəhliz” sözü heç də kiminsə ərazisinə göz dikmək demək deyil. Bu, beynəlxalq termindir və beynəlxalq terminologiya ilə tanış olan insanlar ona bu gün Ermənistanın baş naziri kimi məna verməzdilər.

Ümumiyyətlə, Moskvada keçirilən görüş Azərbaycan diplomatiyasının növbəti uğuru kimi yadda qaldı. Ermənistanın rəsmən Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını bir daha bəyan etməsi də bunun təsdiqidir. Bir sözlə, Moskva görüşündə Azərbaycan beynəlxalq hüquqa əsaslanan mövqeyi qəbul edildi.