28 may 2023 13:54
363

Azərbaycan xalqının zəngin dövlətçilik tarixinin parlaq səhifəsi

“Öncə qürurla bildirmək istərdim ki, bu il təntənə ilə keçirdiyimiz Azərbaycan Xalq Cumhuriyyətinin 105-ci ildönümü 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfərin tükənməz sevinci ilə əhatə olunubdur. Məhz ona görə də dünyanın hər yerində 28 May xüsusi əzəmətlə qeyd edilir”.

Bunu “İki sahil”ə açıqlamasında  Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

O qeyd edib ki, Azərbaycan Xalq Cumhuriyyəti cəmi iki il yaşasa da onun siyasi, hüquqi, tarixi və mənəvi əhəmiyyəti Azərbaycan var olduqca fəxrlə qeyd ediləcəkdir. O dövrün hədsiz dərəcədə keşməkeşli, mürəkkəb və ziddiyyətli bir dövr olmasına baxmayaraq, bir qrup Azərbaycan ziyalısının fədakarlıqla Azərbaycan Xalq Cumhuriyyətini qurduğunu deyən xanım deputat əlavə edib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin irsinin qorunmasında böyük xidmətləri olub: “Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən 2007-ci il mayın 25-də Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal bəyannaməsi abidəsinin açılışı olub. Prezident İlham Əliyev Xalq Cümhuriyyətinin irsini yüksək qiymətləndirib, dövlət başçısının Sərəncamı ilə 2018-ci il ölkədə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib”.

Məlahət İbrahimqızı xatırladıb ki, Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyev Azərbaycanın hərtərəfli inkişafını təmin edən məqsədyönlü və düşünülmüş siyasət həyata keçirdi və böyük uğurlara imza atıldı: “Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixin ən güclü Azərbaycan dövləti 2020-ci ildə öz ərazi bütövlüyünü bərpa etdi. Bu gün hər kəs Azərbaycanın nəinki regional lider statusunu, hətta Avropada böyük nüfuzunu etiraf edir. Azərbaycan bugün Avropanın, eləcə də Avropanın 10-a yaxın ölkəsi ilə strateji tərəfdaşlığa malikdir. Xalqımızı dünyaya qalib xalq kimi tanıdan Müzəffər Ali Bsş Komandanımız hər ötən il dövlətimizin gücünü və nüfuzunu daha da artırır. Azərbaycan regional müstəvidən qlobal müstəviyə doğru inamla irəliləyir, beynəlxalq miqyasda nüfuzlu dövlətə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyev qəlbləri fəth edən bu bayrağı azad edilmiş bütün bölgələrdə qürurla qaldırır, Azərbaycanın mədəniyyət beşiyi Şuşanın bu gün regionun siyasi və mədəniyyət mərkəzlərindən birinə çevrilməsini təmin edir. Fürsətdən istifadə edərək qeyd etmək istərdim ki, bu il, müstəqilliyimizi dönməz, sarsılmaz və əbədiyyətədək yaşamasının təminatçısı olan və çağdaş dövlətimizin qurucusu və banisi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü Cumhuriyyətin qurulmasının 105 illiyi ilə eyni zamanda keçirilir. Əslində Azərbaycan xalqı ilə Cumhuriyyət bir-birindən ayrılmaz bir dəyərdir və Azərbaycan var olduqca da belə olacaqdır. Bayramımız mübarək”.