31 may 2023 16:42
514

Azərbaycanda dünya səviyyəli tədbirlərin keçirilməsi bir ənənə halını alıb- Tural İsmayılov

Azərbaycan dünya səviyyəli tədbirlərin keçirildiyi əsas ölkəyə çevrilib. Bunlar ölkədə bir ənənə halını alıb.

“İki sahil” xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov bildirib.

"Hər il ölkədə bütün dünyanın maraqla gözlədiyi forumlar, iclaslar, sərgilər keçirilir. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgiləri xüsusi əhəmiyyətə malikdir. Pandemiyanın iqtisadi təsirlərinin tam aradan qalxmadığı, müharibələrin dünya iqtisadiyyatına yaratdığı psixoloji təzyiqlər fonunda belə tədbirlər vacibdir. Prezident İlham Əliyev sərgidə qlobal enerji sektorunun bundan sonrakı gələcəyi ilə bağlı mühüm konturları açıqladı. Dövlət başçısı təkcə hazırkı mövqeyimizi deyil, həm də gələcək potensial layihələrin anonsunu verdi. Bəlli oldu ki, Yunanıstan-Bolqarıstan interkonnektoru ilə Azərbaycan Bolqarıstana qaz nəql edəcək. Rumıniya artıq bu əməkdaşlıq formatının üzvüdür", - deyə o qeyd edib.

"Beləliklə, Mərkəzi və Şərqi Avropadan Orta Asiyaya, ərəb dünyasından ABŞ, Böyük Britaniya və, Çinə qədər bir çox coğrafiyalardan Azərbaycanın siyasi-iqtisadi imkanlarına, ölkə prezidentinin mövqeyinə böyük simpatiya müşahidə edirik. ABŞ prezidentinin və Böyük Britaniyanın Baş nazirinin müraciətləri bütün dünyanın diqqətinin Bakıya yönəldiyini göstərir. Cozef Baydenin məkubunda Azərbaycanın dünyəvi ekoloji məsuliyyət şüurundakı roluna da ayrıca dəyər verildi. Azərbaycan bu gün təkcə ənənəvi enerji məhsulları ilə deyil, alternativ enerji imkanları ilə də ciddi rəğbət qazanır. Məktubda bu xüsusa diqqət edilməlidir. Azərbaycan təhlükəsiz enerji təchizatına olan tələbatın ödənilməsinə yardım etməkdədir – buraya Cənub Qaz Dəhlizi daxil olmaqla, Orta Dəhlizin inkişafı və enerji çevikliyini gücləndirən enerjinin şaxələndirilməsinin artırılması daxildir. "Qlobal iqlim məqsədlərinə nail olmaq üçün Azərbaycanın səyləri, o cümlədən bərpaolunan enerjinin inkişafının artırılmasına və enerji səmərəliliyinin gücləndirilməsinə dair təşəbbüslər məni sevindirir”- deyən Bayden ABŞ-Azərbaycan münasibətlərinin bundan sonrakı inkişafına işarə edir. Azərbaycanın qlobal enerji bazarında əhəmiyyətinin yüksəlməsi bir reallıqdır. Bu xüsusiyyətlərimiz ilə yaxın dövrün iqtisadi layihələri Azərbaycansız mümkün olmayacaq", - deyə ekspert əlavə edib.