01 iyun 2023 01:36
480

Sağlam pəhriz həyat tərzidir

Bunu hər kəs anlayırmı?

Bu gün piylənmədən və artıq çəkidən əziyyət çəkən insanlar çoxdur. Bu mövzu ilə bağlı topladığımız maraqlı faktları  təqdim edirik.

Dubayda arıqlama marafonu

Arıqlamaq üçün hamımızın bir stimula ehtiyacı var. Əksər insanlar üçün sadəcə incə olmağı təsəvvür etmək kifayətdir. Bununla belə, digərlərinin isə daha əhəmiyyətli mükafatlara ehtiyacı var. Məsələn, Dubayda insanların arıqlamasına kömək edən maraqlı bir üsul dəbə düşüb. Burada "Uşağınız qızılda" adlı bir  yarışma mövcuddur. Bu yarışmanın qaydalarına görə,  uşağın valideynləri   atdığı hər kiloqram üçün  bir qram qızılla mükafatlandırılır.

Ən təhlükəli pəhriz hansıdır?

Alimlər ketogenik pəhrizi insan sağlamlığı üçün ən təhlükəli hesab edirlər. Mütəxəssislərin fikrincə, bu pəhriz xərçəng və diabet də daxil olmaqla müxtəlif xəstəliklərin inkişafına səbəb ola bilər.

Keto pəhrizi, yüksək yağlılığa və az karbohidrata malik olan qidalardan istifadə edilməsi deməkdir. Beləliklə, bədən qlükoza itirir və yığdığı yağı yandırmağa başlayır. Daha sonra beyin qlükoza əvəzinə əmələ gələn keton maddələri enerji mənbəyi kimi istifadə etməyə başlayır. Mütəxəssislər keto-pəhrizin bədən ağrılarına, güc itkisinə və idrak qabiliyyətinin azalmasına səbəb ola biləcəyini vurğulayır.

Arıqlama dərmanlarından istifadə etməyin

Alimlərin arıqlama dərmanları ilə bağlı apardıqları araşdırma zamanı maraqlı faktlar üzə çıxıb. Məlum olub ki, hətta bitki tərkibli arıqlama dərmanları qəbul edən hər 3 nəfərdən birində onkoloji patologiyalar başlayıb. Arıqlama preparatlarını qəbul edən şəxslərdə gen dəyişikliyi 10-12 il sonra başlayır. Çünki həmin maddələrin təsirindən hüceyrə dəyişikliyi gizli və heç bir simptomsuz baş verir.

“Yatmış gözəl” pəhrizi?

Uzun illər öncə tənbəl insanlar üçün tətbiq olunan “Yatmış gözəl” pəhrizinə görə, arıqlamaq üçün yuxu gətirən dərmanlardan içib bir neçə saat ərzində yatan insanlar belə metodla  arıqlamaq istəyirdilər. Bu qəribə və eyni zamanda, çox təhlükəli pəhriz hətta bir neçə insanın həyatına son qoyub. Rok-n-rollun ən böyük ulduzu sayılan Elvis Presli də bu pəhriz vasitəsi ilə artıq çəkidən azad olurdu.  Hamburgerləri çox sevən məşhur   yaşlandıqca  yemək yeməmək üçün bir neçə gün ərzində yatırdı.

Lord Bayronun saysız cəhdləri və ...

Lord Bayron artıq çəkidən əziyyət çəkən insanlardan biri olub və çəkisinin artmaması uçün müxtəlif yollara əl atırdı. Kembricdə oxuyarkən peçenye və sudan başqa heç bir ərzaq qəbul etməyib. Həmçinin o, artıq çəkidən azad olmaq üçün çoxlu paltar geyinərək bədənini tərlədirdi. Ancaq aldığı nəticələr onu qane etmirdi. Ömür boyu sərt pəhrizlərin axtarışına çıxan şair nəhayət ki, 1820-ci ildə sirkə pəhrizini icad edib. Belə ki, o,yeməkdən əvvəl bir stəkan suya üç xörək qaşığı sirkə qarışdırıb içərək arıqlamağın mümkün olduğunu bildirib. Təəssüf ki, su və sirkə pəhrizinə hələ də müraciət olunur. Mədə xəstəliklərinə səbəb olan bu pəhriz minlərlə insanın həyatına son qoyub.

Karbohidratlardan imtina etməyin!

Gündəlik rasionda karbohidratlardan imtina etmək düzgün deyil. Belə ki, bədənin bütün qidalara ehtiyacı var və önəmli olan bunlardan lazımı qədər istifadə edə bilməkdir. Xüsusilə yaz-yay aylarında bir çoxlarının pəhriz səbəbilə çörək, makaron və düyü kimi karbohidratla zəngin qidaları yemədiklərini eşidirik. Nəticədə insanda əzələ itkis, yorğunluq, əsəb pozğunluğu yarana bilər. Buna görə gündəlik  rasionunuza   bulqur , kəpəkli makaronlar, meyvə, şorba kimi kompleks qidalar əlavə edə bilərsiniz.

“Aralıq dənizi pəhrizi” nə olan şeydir?

Bu yaxınlarda Sidney Universitetinin alimləri pəhriz saxlamaqla ürək problemləri arasında əlaqə araşdırılıb. Tədqiqata 22 495 qadın cəlb edilib. Məlum olub ki, “Aralıq dənizi pəhrizi”nə riayət edən qadınların ürək xəstəliyi riski 24%, ölüm riski isə 23% daha azdır.

Tədqiqatın nəticələri “Heart” jurnalında dərc edilib. Məqalədə qeyd edilib ki, “Aralıq dənizi pəhrizi” ürək sağlamlığını qoruyur, xolesterini və qan şəkərini aşağı salır.

“Aralıq dənizi pəhrizi” meyvə, tərəvəz, göyərti, qoz-fındıq, lobya, mərcimək və bütün taxıl kimi liflə zəngin bitkilərlə qidalanmadır.

Araşdırmalar göstərir ki, “Aralıq dənizi pəhrizi” menopoz dövründə olan qadınlar üçün də faydalıdır. Bu pəhrizi tətbiq etmək çətin deyil. Mütəxəssislərin fikrincə bu pəhriz  həyat tərzidir.

Televizora baxmaq arıqlamağa kömək edir

Sən demə, televizora baxaraq artıq çəkidədən azad olmaq olar. Əgər  saatda 64 kalori yandırmaq istəyirsinizsə televizora baxın.

Pəhriz saxlayanların nəzərinə

Son illər   aparılan araşdırmalar göstərib ki,  əslində pəhriz saxlayan qadınların demək olar ki, 97%-i itirdikləri çəkiyə qayıdırlar. Hətta olduğundan bir neçə kiloqram daha artıq kökəlirlər.  Səbəbi isə pəhrizin qaydalarını pozmaqdır.

Dünyanın ən bahalı dietik pendiri

Dünyanın ən bahalı pendiri olan Pule pendirinin kilosu təxminən 146 dollardır. Pendirin bu qədər yüksək qiymətində birbaşa təsirli olan şey olduqca nadir olan və ana südü ilə bərabər sayıla biləcək tək süd olan eşşək südünü pendirin istehsalında istifadə edilməsidir. 1 kilo Pule pendiri çıxara bilmək üçün lazımlı olan 25 litr eşşək südü, 100 Balkan eşşəyindən təmin edilir. Bu miqdarın bu qədər yüksək olması eşşək südündəki yağ nisbətinin az olmasıdır.

1 kilo “Pule” pendiri hazırlamaq üçün tam 25 litr eşşək südü lazımdır. İstehsalı olduqca zəhmətli olan “Pule” pendirinin insan sağlamlığı baxımından faydaları saymaqla bitmir:

Astma və bronxit xəstəliyinin müalicəsində istifadə olunur.

Dövrümüzün ən böyük bəlası olan xərçəng xəstəliyinə qarşı müqavimət göstərir və immuniteti gücləndirir.

Omeqa-3 tərkibi ilə ürəyin dostudur.

Yağ yanmasını sürətləndirən “Pule” pendiri də arıqlamaq üçün köməkçi təsir göstərir.

Bəlğəmgətirici və qızdırmasalıcı xüsusiyyətlərə də malikdir.

Tərkibindəki kalsium ilə sümük inkişafına müsbət təsir edərək sümük əriməsinin qarşısını alır. Bu baxımdan  pendirin xüsusilə körpələr və uşaqlar üçün böyük faydası var.

Dünyada “Pule” pendiri istehsal edənlərin sayı olduqca azdır. Balkanlarda geniş yayılmış bu pendir növünün əsas istehsal yeri Serbiyadır. “Pule” pendiri Serbiyada yerləşən  “Zasavica” zavodunda istehsal olunur.

Samirə Tağıyeva, “İki sahil”