02 iyun 2023 10:15
417

Milli-mənəvi dəyərlərimiz tarixi sərvətimizdir FOTO

Xətai  rayonunda “Heydər Əliyev İli” çərçivəsində növbəti tədbirlər keçirildi

İyunun 1-də “Heydər Əliyev İli”  çərçivəsində Xətai rayonu,  İlqar Zülfüqarov küçəsi  103  və 109 saylı  yaşayış binalarının qarşısında  parkın və rayon Ağsaqallar Şurasının inzibati binasının açılış mərasimi  keçirildi.

Tədbir iştirakçıları əvvəlcə yeni istifadəyə verilən parkda yaradılan şəraitlə tanış oldular. “Heydər Əliyev İli” çərçivəsində bu kimi mühüm addımların atılmasının rəmzi mənası vardır. Belə ki,  Ümummilli Lider Heydər Əliyev hakimiyyətinin hər iki dövründə  yaşıllıqların genişləndirilməsini, ətraf mühitin qorunmasını daim diqqətdə saxlayırdı. Bu çağırışı edirdi ki, hər kəs iki ağac əkib yetişdirməlidir. Ulu Öndər Heydər Əliyevin  1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmiz  müharibə şəraitində, ağır vəziyyətdə olsa da, nəinki Bakı şəhərində, eləcə də respublikamızın bütün bölgələrində yaşıllığa diqqət yenidən artırıldı. Planetin ağciyərləri hesab olunan meşələrin qorunması yenidən gündəmə gəldi. Yaşıllaşdırma paytaxt Bakıda və Abşeron yarımadasında bundan sonra başladı.

  Bütün bunların sayəsində bu gün artıq paytaxt Bakımız  yaşıllıqlar məkanı kimi diqqətdədir. Yaşıllıq zolaqlarının miqyası genişləndikcə paytaxt və bölgələrimiz  daha da göz oxşayır.  Bakının Xətai rayonu  da yaşıllıqları ilə insanları daha çox özünə cəlb edir. Salınan yeni parklar, xiyabanlar, eyni zamanda, insanların istirahətinin təmin olunmasında, uşaqların öz körpə dünyalarını zənginləşdirmələrində əhəmiyyətli rol oynayır. Yeni istifadəyə verilən parkda uşaqların sevincinə qoşulan böyüklər, valideynlər onlar üçün yaradılan bu şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.     

Sonra tədbir iştirakçıları  yeni istifadəyə verilən parkda yerləşən Xətai Rayon Ağsaqqallar Şurasının binasının açılışında iştirak etdilər.

Xətai Rayon Ağsaqqallar Şurasının sədri, şəhid Milli Qəhrəman Məzahir Rüstəmovun atası, professor İzzət Rüstəmov onlara göstərilən bu diqqət və qayğıya görə minnətdarlığını bildirdi. İzzət Rüstəmov  “Heydər Əliyev İli” çərçivəsində atılan bu mühüm addımın rəmzi mənası olduğunu xüsusi vurğuladı. Bildirdi ki, Azərbaycanın bugünkü uğurları üçün dahi şəxsiyyət Heydər Əliyevə borcluyuq. Onun 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra yeni Azərbaycan quruldu və ölkəmiz inkişaf, tərəqqi yolunda inamla addımlamağa başladı. Bu gün Azərbaycana hansı tərəfdən baxsaq böyük uğurların şahidi olarıq.

Xətai Rayon Ağsaqqallar Şurasının sədri Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərindən bəhs etdi. Bildirdi ki, möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu dünya hərb tarixinə yeni səhifə yazdı. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə  genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Dövlət başçısı İlham Əliyevin  və birinci xanım Mehriban Əliyevanın bu torpaqlara davamlı səfərləri hər birimizdə böyük qürur hissi yaradır. Artıq soydaşlarımızın  öz doğma yurd-yuvalarına qayıdışı mərhələli şəkildə reallığa çevrilir.

Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev çıxışında bildirdi ki, “Heydər Əliyev İli” çərçivəsində görülən işlər, atılan hər bir addım Ümummilli Liderin  fəaliyyətinin bir istiqamətinin təqdimatıdır. Bu gün   rayon sakinlərinin ixtiyarına verilən bu  park bir daha bu reallığı təsdiqləyir  ki, Ulu Öndər Heydər Əliyevin  bugünümüzə və gələcəyimizə hesablanmış siyasəti uğurla davam edir. Dövlət başçısı İlham Əliyev ölkəmizdə yaşıllıq zolaqlarının genişləndirilməsini daim diqqətdə saxlayır. Bu gün Bakı və Bakıətrafı qəsəbələr, həmçinin bölgələr arasında gedən sağlam rəqabət bu sahədə görülən işlərdə də özünün təsdiqini tapır. Ümumilikdə Xətai rayonu ərazisində yaşıllıqlar  geniş sahəni əhatə edir. Ümummilli Liderin adını daşıyan park  paytaxtda salınan  yaşıllıqlar sırasında xüsusi yer tutur. Tədbirin 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə təsadüf etdiyini nəzərə alsaq, yeni  istifadəyə verilən parkı onlara bayram hədiyyəsi kimi dəyərləndirə bilərik.

Rafiq Quluyev bu gün açılışı edilən rayon Ağsaqqallar Şurasının inzibati binası ilə bağlı bildirdi ki, onlar üçün bu şəraitin yaradılması hər zaman diqqətdə olan məsələlər sırasında olub. Rayon ağsaqqallarının bir araya gəlməsi üçün daimi məkanın olması mütləqdir. Hər zaman onların  tövsiyələrinə ehtiyac duyulur. Azərbaycan gənclərinin milli-mənəvi dəyərlərimizə bağlılıq ruhunda tərbiyə olunmasında böyüklərin nəsihətləri çox vacib amildir. Bu məkanın məhz gənclərin asudə vaxtlarını mənalı keçirmək üçün istifadə edəcəkləri  parkın  ərazisində yerləşməsinin əhəmiyyəti daha aydın görünür. Burada gənclərə yaşlı nəslin təcrübəsindən bəhrələnmək üçün geniş imkanlar yaradılıb.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev çıxışında Azərbaycanın uğurlarından, bu gün qalib ölkə olaraq yaratdığı reallıqlardan geniş bəhs etdi. Bildirdi ki, 30 illik işğala məhz gənclərimizin torpaq, Vətən sevgisinin sonsuzluğu, Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşməsinin fonunda son  qoyduq.  Qanları, canları ilə tarix yazan şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik.

Respublika Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov bildirdi ki, Azərbaycanda “ağsaqqal” sözünə ehtiramla, diqqətlə yanaşılmasının çox qədim tarixi və zəngin ənənələri var. Çünki xalqımızın mənəvi dünyasında, milli mentalitetində ağsaqqal sözü, ağsaqqal xeyir-duası həmişə vacib sayılıb. Ümummilli Lider Heydər Əliyev həmişə ağsaqqallara böyük ehtiramla yanaşırdı. Ulu Öndərin  “Ağsaqqallar milli-mənəvi dəyərlərimizin qızıl fondudur”  deməsi yaşlı nəslə Ümummilli Liderin  nə qədər dərin hörmət və məhəbbət bəslədiyini sübuta yetirir.

Çıxış edən YAP Xətai rayon təşkilatının sədri  Vüqar Rəhimzadə rayon ağsaqallarını bu mühüm hadisə münasibətilə təbrik etdi. Bildirdi ki, milli-mənəvi dəyərlərimiz tarixi sərvətimizdir. Azərbaycan xalqının bir millət kimi formalaşmasında zəngin mənəvi dəyərlər sistemi mühüm rol oynayıb.  Uşaq və gənclərin milli ideologiyamız olan azərbaycançılıq məfkurəsi əsasında tərbiyə edilməsi, onların mütərəqqi dünyagörüşünə malik şəxsiyyət kimi formalaşması, milli-mənəvi dəyərlərə sadiqlik, vətənpərvərlik ruhunda böyüməsi günümüzün əsas çağırışları sırasındandır. Bu dəyərlərin əsas tərkib hissələrindən biri də böyüklərə hörmət və onların təcrübəsindən bəhrələnərək gələcəyə doğru addımlar atmaqdır. Heç şübhə yoxdur ki, Xətai rayon ağsaqqallarının bir araya gələrək fikir mübadiləsi aparmaları üçün yaradılan şərait, eyni zamanda, gənclərin dövlətə bağlılıq ruhunda tərbiyə edilməsində, yad təsirlərdən qorunmasında da öz sözünü deyəcək. Əminik ki, gözəl məkanda yerləşən bu bina yalnız ağsaqqalların deyil, gələcəyimiz olan gənclərin də daha sıx toplaşacağı ünvan olacaq.

Vüqar Rəhimzadə dövlət başçısı İlham Əliyevin  və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətlərinin əsas istiqamətlərindən birinin məhz milli-mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsi olduğunu xüsusi qeyd etdi. Bu fikri böyük qürur hissi ilə vurğuladı ki, tarixi Zəfərimiz  yenilməzliyi, məğrurluğu ilə daim  dünyanın diqqətində olan Azərbaycan xalqının torpaq, Vətən sevgisini nümayiş etdirdi. Ümummilli Lider bildirirdi ki, gələcəyimiz indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır. Bu gün fəxrlə qeyd edirik ki, Azərbaycan gəncləri böyüklərin nəsihətlərindən bəhrələnərək özlərinin xoşbəxt gələcəyini quran gənclərdir.

Tədbirdə digər çıxış edənlər də Azərbaycanın bugünkü uğurlarının fonunda yeni-yeni hədəflərə doğru inamla irəlilədiyini bildirdilər.

 Sonda xatirə şəkli çəkdirildi.

 Yeganə Əliyeva,
 Vüsal Cahanov (foto),
“İki sahil”