03 iyun 2023 01:15
438

İnsanın iştahına hansı hormon cavabdehdir?

"Rossiya 1" kanalında "Ən vacibi haqqında" verilişinin mütəxəssisləri bir çox insanın niyə davamlı yemək istəməsindən danışıblar. Sual olunub ki, bu, bədəndə hansı problemlərdən xəbər verə bilər?

Bir çox tamaşaçı proqrama sualla müraciət edir - daimi aclıq hissindən necə qurtulmaq olar? Studiyanın qonağı, endokrinoloq, tibb elmləri namizədi Andrey Podzolkov yemək davranışını sakit şəkildə dəyişmək, həmçinin artıq çəkidən qurtulmağın mümkün olub-olmadığından danışıb. Məlum olub ki, əksər hallarda bu hiss daimi stress və adrenal hormonun - kortizolun miqdarının artması ilə əlaqələndirilir.

Kortizolun əsas vəzifəsi bədəni dəyişən ətraf mühit şəraitinə uyğunlaşdırmaqdır. Streslə mübarizə aparmaq üçün enerji ehtiyatlarını səfərbər edir. Kortizol zülalların, karbohidratların və lipidlərin mübadiləsində iştirak edir. Bir sıra tənzimləyici funksiyaları yerinə yetirir - məsələn, qaraciyər amin turşularından qlükoza istehsalını, enerji üçün yağların parçalanmasını stimullaşdırır və bədəndə iltihablı proseslərə cavab verir.

Ekspertin izah etdiyi kimi, normal vəziyyətlərdə kortizol səviyyəsi dəyişməz olaraq qalır. Ancaq müxtəlif stresli vəziyyətlərə cavab olaraq kortizol ifrazı artır. Bu hətta görünüşə də təsir edə bilər.

Yüksək kortizol əlamətləri:

• immunitetin azalması

• dərinin vəziyyətinin pisləşməsi

• mədə-bağırsaq traktının xəstəlikləri

yaddaşın pozulması

• sürətli çəki artımı

Kortizol səviyyəsini necə azaltmaq olar:

1. Simptomla deyil, problemin səbəbi ilə mübarizə aparmaq lazımdır.

2. Yuxu rejimini normallaşdırın. Hormonun düzgün istehsalı üçün ən azı yeddi saat ardıcıl olaraq tam qaranlıq və sakitlikdə yatmaq lazımdır.

3. Daha tez-tez gülün və gülümsəyin.

4. Gündəlik rasionunuza B və D qrup vitaminləri olan qidalar əlavə edin. Bunlar günəbaxan, küncüt, sarımsaq, skumbriya, toyuq yumurtasının sarısıdır.

Polifenollarla zəngin qidalar da kortizol səviyyəsini aşağı salmağa kömək edir: kakao, tünd şokolad, yaşıl çay, badam, brokoli.

Həkimlər daha çox gülməyi, hərəkət etməyi və həyatdan həzz almağı məsləhət görürlər.

Nubar Süleymanova, “İki sahil”