03 iyun 2023 14:49
333

OPEC+ gündəlik neft hasilatını azaltmaq niyyətindədir

OPEC-dəki mənbənin “Reuters” agentliyinə verdiyi məlumata görə, OPEC+ alyansı neft hasilatının gündəlik 1 milyon barrelə qədər azaldılması məsələsini müzakirə edirlər, çünki neftin qiymətləri bir barrel üçün 70 dollara enir və bazar analitikləri diqqəti yeni tədarük bolluğuna yönəldirlər.

“İki sahil” xəbər verir ki,  OPEC+ alyansı dünya xam neftinin təxminən 40 faizini nəql edir və onun qərarları qlobal neft qiymətlərinə böyük təsir göstərir. Təşkilatın daxilindəki mənbənin məlumatına görə, OPEC+ nazirlərinin iyunun 4-də Vyanada müzakirə edəcəyi variantlar arasında hasilatın azaldılması məsələsi də müzakirə ediləcək. Nazirlər bu ərəfədə iyunun 2-də də görüş keçiriblər.

Mənbə bildirib ki, apreldə gözlənilmədən elan edilən mövcud 2 milyon barrel və könüllü 1,6 milyon barrel kəsintilərə əlavə olaraq, ixtisarlar sutkada 1 milyon barrel ola bilər. Bununla bağlı qərarın qəbul ediləcəyi təqdirdə, ümumi azalmaların həcmi sutkada 4,66 milyon barrel olacaq ki, bu da qlobal tələbatın təxminən 4,5 faizini təşkil edəcək. Bundan öncə OPEC+ alyansında olan iki mənbə hasilatçı ölkələrin bu məsələdə razılığa gələcəyini gözləmədiklərini bildirmişdilər.

Qərb ölkələri OPEC+ alyansını neftin qiymətlərini manipulyasiya etməkdə və yüksək enerji xərcləri hesabına qlobal iqtisadiyyatı sarsıtmaqda ittiham edirlər. Bunun müqabilində, OPEC rəsmiləri və insayderləri Qərbin son on ildə izafi pul çap etməsinin inflyasiyaya səbəb olduğunu və neft hasil edən ölkələri əsas ixracatlarının dəyərini saxlamaq üçün hərəkətə keçməyə məcbur etdiyini bildiriblər. İraqın neft naziri Hayan Abdel-Qəni Vyanaya səfərdən əvvəl deyib: “Biz qlobal neft bazarında daha çox tarazlıq və sabitliyə nail olmaq üçün hər hansı bir qərar verməkdən çəkinməyəcəyik”.

Apreldə hasilatın azaldılmasına dair qərarın elan edilməsi neftin qiymətlərinin 1 barrel üçün təxminən 9 dollar bahalaşaraq 87 dollardan yuxarı qalxmasına səbəb olub. Lakin qlobal iqtisadi artım və tələblə bağlı narahatlıqların təzyiqi altında qiymətlər sürətlə aşağı düşüb. Keçən həftə Səudiyyə Ərəbistanının enerji naziri şahzadə Əbdüləziz bin Salman neftin qiymətlərini aşağı salan investorların "diqqətli olmaları" lazım gəldiyini söyləyib. Bir çox bazar müşahidəçiləri onun bu bəyanatını tədarükün yenidən azaldılması xəbərdarlığı kimi şərh edirlər.

Beynəlxalq Enerji Agentliyi 2023-cü ilin ikinci yarısında qlobal neft tələbatının daha da artacağını və potensial olaraq qiymətlərin qalxacağını gözləyir. Bununla belə, “”JP Morgan”ın analitikləri OPEC-in tədarükün ABŞ-ın yüksək yanacaq hasilatına uyğunlaşdırılması üçün kifayət qədər cəld hərəkət etmədiyini bildiriblər. Onlar qeyd ediblər ki, tələbatda artım güclü olmaqda davam edir, eyni zamanda, tədarükün həcmi də yüksəkdir. Alyans tədarükün azaldılması üçün çox uzun müddət gözləyib və bəzi üzvlər, çox güman ki, hasilatı daha çox azaltmalı olacaqlar.

Analitiklər qeyd edirlər ki, OPEC+ alyansının nazirləri qəfil baş verə biləcək qlobal iqtisadi və maliyyə sabitliyinin pozulmasının xam neftin qiymətini daha aşağı salacağından ehtiyat edirlər. Belə nümunə 2008-ci ildə olub və həmin vaxt neftin qiymətləri altı ay ərzində 140 dollardan 35 dollara düşüb.