03 iyun 2023 17:22
377

BSU-da “Heydər Əliyev İli” çərçivəsində növbəti beynəlxalq elmi-praktik konfrans FOTO

İyunun 3-də Bakı Slavyan Universitetində (BSU) Psixologiya Elmi-Tədqiqat İnstitutunun və “Müasir Azərbaycan psixoloqları” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində (“Psixologiya Zirvəsi-2) “COVID-19 pandemiyasından sonrakı dövrdə psixoloji adaptasiya və psixoloji rifah” mövzusunda beynəlxalq elmi-praktik konfransın açılış mərasimi keçirilib.

İki gün davam edəcək beynəlxalq konfransda yerli və xarici tədqiqatçılar, alimlər və təhsil işçiləri iştirak edirlər.

Konfransdan öncə tədbir iştirakçıları, o cümlədən xarici qonaqlar Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini anmaq üçün Fəxri xiyabanı ziyarət ediblər. Konfrans iştirakçıları müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dahi lider  Heydər Əliyevin  xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da əziz xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Konfransı giriş sözü ilə açan Milli Məclisin Elm və Təhsil komitəsinin sədri, AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev tədbirin böyük ənənələrə sahib olan universitetdə keçirilməsinin əhəmiyyətini qeyd edib. Deputat tədbirin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmasının xüsusi önəm daşıdığını bildirib. Bəxtiyar Əliyev ötən əsrin 70-ci illərində hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin bütün sahələrdə, xüsusilə elm sahəsində apardığı islahatlardan danışıb. Ümummilli Lider Heydər Əliyevin SSRİ-nin nüfuzlu ali təhsil müəssisələrində yüksəkixtisaslı kadrların hazırlanmasına xüsusi diqqət yetirdiyini söyləyən professor Azərbaycanda təhsil islahatlarının onun təşəbbüsü ilə başladığını və bu gün də bu ənənənin uğurla davam etdiyini bildirib. Tədbirdə qardaş Türkiyənin geniş tərkibli nümayəndə heyətinin iştirakını qeyd edən deputat COVID-19 pandemiyasından sonrakı dövrdə psixoloji adaptasiya və psixoloji rifaha həsr olunmuş konfransın bu istiqamətdə aparılacaq elmi araşdırmalara, həmçinin əhalinin psixoloji rifahının yüksəldilməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Bakı Slavyan Universitetin rektoru Anar Nağıyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar həyata keçirilən sistemli işlər sırasında bugünkü tədbirin əhəmiyyətini vurğulamaqla yanaşı, müasir dövrdə psixologiya elmi qarşısında duran vəzifələrdən, kadr hazırlığından, bu sahədə inkişaf etmiş ölkələrdə aparılan tədqiqatların praktiki əhəmiyyətindən, təlimdə əməkdaşlıq və ünsiyyət psixologiyasının qurulmasını şərtləndirən amillərdən, təhsildə yeni paradiqmalardan, sosial-psixoloji xidmətdən danışıb. Rektor həmçinin ölkəmizdə postmüharibə dövründə şəhid ailələri və qazilərlə aparılan psixoloji yardım məsələlərini vurğulayıb. Konfransın psixoloqların peşəkarlığının yüksəldilməsinə töhfə verəcəyini qeyd edib.

A.Nağıyev 2022/2023-cü tədris ilində ilk dəfə III qrup üzrə bakalavriat səviyyəsində psixologiya və korreksiyaedici təlim ixtisası üzrə tələbə qəbulu həyata keçirildiyini deyib, yeni ixtisaslara qəbulun 100 faiz olduğunu vurğulayıb. BSU-da psixologiyanın tədrisinin həm elm, həm də kadr hazırlığı istiqamətində köklü ənənələri olduğunu deyən rektor universitetin təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə həm bakalavr, həm magistratura, həm də təkrar ali təhsil səviyyələrində kadr hazırlığını həyata keçirdiyini söyləyib.

Rektor çıxışında, həmçinin universitetdə ənənəvi olaraq həyata keçirilən inklüziya layihəsi və “İnklüziv təhsildən inklüziv cəmiyyətə” respublika elmi-praktik konfransından bəhs edib: “2023-cü ildə bu istiqamətdə fəaliyyət planının genişləndirilərək 4 regional dəyirmi masanın təşkil olunub. Respublika elmi-praktik konfransının məqsədi inklüziv dəyərlərin təbliği, bu istiqamətdə şəbəkələşməni həyata keçirməkdən ibarətdir. Bu səpkidə konfransların təşkilinin beynəlxalq təcrübədən yararlanmaq, peşəkar mütəxəssislərdən öyrənmək baxımından böyük əhəmiyyət daşıyır. Türkiyəli professor-müəllim heyətinə, qonaqlara, iştirakçılara təşəkkür edirəm, universitet hər zaman əməkdaşlıqlara açıqdır.

Psixologiya Elmi-Tədqiqat İnstitutunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov institutun məqsədinin Azərbaycanda psixologiya üzrə fundamental tədqiqatlar aparılması, yüksəkixtisaslı kadrların hazırlanması olduğunu qeyd edərək, onun fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələrdən danışıb. E.Rüstəmov çıxışında müəssisənin yarandığı gündən psixologiya sahəsində elmi araşdırmalara xüsusi diqqət ayırdığını bildirib. O, cari ilin aprel və may aylarında elmi-tədqiqat qrupu tərəfindən hazırlanmış iki elmi məqalənin “Scopus”, “Web of Science” kimi elmi bazalarda yer alan beynəlxalq indeksli jurnallarda çap olunmasını institutun fəaliyyəti üçün əlamətdar hadisələrdən biri kimi vurğulayıb. Elmi araşdırmaların uğurla davam etdiyini söyləyən Elnur Rüstəmov yeni məqalələrin hazırlandığını bildirib. Qeyd edib ki, institut tərəfindən məktəb mühiti məmnunluğu, yeniyetmələrin zərərli oyun asılılığı kimi araşdırmaları ehtiva edən beynəlxalq səviyyəli psixoloji testlərin tərcüməsi və ölkə mühitinə adaptasiyası həyata keçirilib. Bu layihənin tətbiqi üçün hazırlıqlar aparılır.

Yıldız Texniki Universitetinin Təhsil fakültəsinin dekanı professor Mehmet Engin Deniz çıxışında “Psixologiya Zirvəsi-1” konfransı zamanı görülmüş işlərdən bəhs edib. O, Yıldız Texniki Universitetinin bu istiqamətdəki beynəlxalq əlaqələrindən, həyata keçirilən tədbirlərdən, praktik işlərdən söz açıb. Qeyd edib ki, Psixologiya Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq çərçivəsində peşəkar ailə psixoloqlarının hazırlığı, psixoloqların təkmilləşdirilməsi istiqamətində bir neçə ixtisasartırma proqramları həyata keçirilir. İki qardaş ölkənin mütəxəssislərinin bir araya gəlib psixologiya sahəsində peşəkar kadrların yetişdirilməsinə qatdıqları töhfəyə görə məmnunluğunu bildirən professor bu əməkdaşlığın daha da genişləndirilməsinin faydalı olacağını deyib.Həmçinin, 9 xarici və 7 yerli mütəxəssisin iştirak etdiyi iki günlük beynəlxalq konfransda psixologiyanın müxtəlif bölmələri üzrə 13 məruzənin dinləniləcəyi, 2 “workshop”un həyata keçiriləcəyi qeyd olunub.

Konfransın açılış mərasimi BSU tələbələrinin özfəaliyyət kollektivinin konserti ilə başa çatıb.

Konfransda seçilmiş məqalələr “Psixologiya” jurnalında dərc olunacaq.

Cavid Əkbərov, “İki sahil”