05 iyun 2023 12:21
696

Sərnişin taksiyə əyləşəndə mənzil başına salamat gedib çatacağına əmin deyil - Eldəniz Cəfərov

Taksi şirkətləri Azərbaycan qanunlarına hörmətlə yanaşmalıdırlar

"Taksi fəaliyyətinin müsbət tərəfi odur ki, vətəndaş üçün əlçatandır, cəmiyyətin bütün təbəqələri rahatlıqla bu xidmətdən yararlana bilirlər. Bazar iqtisadiyyatı əsasında formalaşıb, dəyişən tariflə işləyir, vətəndaşın, istehlakçının seçmək hüququ var."

Bu fikirləri “İki sahil”ə açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov söyləyib. 

E.Cəfərov vurğulayıb ki, ancaq son 3 il ərzində təəssüf ki, taksi  xidmətində çox böyük problemlər meydan çıxıb. Sərnişinlər əsasən iki problemdən şikayətlənirlər. Bunların birincisi keyfiyyətsiz xidmət, digəri isə təhlükəsizliklə bağlıdır. Sərnişin taksiyə əyləşəndə mənzil başına sağ-salamat gedib çatacağına əmin deyil.Təbii ki, bunlar bütün taksi şirkətlərinə və sürücülərinə aid deyil. Bunlar əsasən taksi fəaliyyəti ilə təsadüfi məşğul olan vətəndaşlarımıza aiddir. Bu vətəndaşlar sadə reqlamentə belə əməl etmirlər. Sadə reqlament ondan ibarətdir ki, vətəndaşın 21-ə qədər yaşı varsa yəni 21 yaşı tamam olmayıbsa o bilməlidir ki, taksi fəaliyyəti ilə məşğul olmaq  qanunla onun üçün qadağandır. Taksi  sürücüsü olmaq istəyənlərin sürücülük hüququ iki ildən azdırsa, o taksi fəaliyyətində çalışa bilməz. Taksi fəaliyyəti üçün istismar etdiyi avtomobilin damına mütləq qaydada sarı rəngli taksi fənəri qoymalıdır. Təəssüf ki, vətəndaşlar bu 3 sadə şərtə əməl etmirlər. 

Bəs kimdir müqəssir? 

Həmsöhbətimiz diqqətə çatdırıb ki, burada əsas günah taksi şirkətlərində, taksi operatoru şirkətləri və bu sahəyə nəzarət edən qurumlardadır. Belə ki,  taksi şirkətləri sürücü olmaq istəyən vətəndaşlarla əməkdaşlığa başlayarkən  onlardan taksi fəaliyyəti üçün zəruri  olan şərtləri tələb etmirlər. Qurumlar da buna nəzarət edə bilmirlər. Baxın, problem buradan başlayır. 

Nə etməli? 

Ekspert  sözügedən problemin həllinin mərhələli tərəfdarıdır. Zənnimcə, Nazirlər Kabinetin reqlamentinin  sadə tələblərinə əməl etməklə biz cəmiyyət olaraq özümüz bu sahədə qayda-qanun yarada bilərik. Təbii ki, bu dövlət qurumlarının dəstəyi ilə həyata keçirilməlidir. İlk növbədə taksi şirkətlərini, taksi operatoru şirkətlərinin məcbur etmək lazımdır ki, onlar Azərbaycan qanunlarına hörmətlə yanaşsınlar. Nə sərnişinlərin hüquqlarını pozsunlar, nə də sürücülərin.

Sərnişinlər də, sürücülər də bizim vətəndaşlarımızdır. Onlar bilməlidirlər ki, dövlət qanunla onların hüquqlarını müdafiə edir. Vətəndaşlar həm sərnişin, həm sürücü, həm də taksi fəaliyyəti ilə məşğul olan işçi olaraq öz hüquqlarını bilsinlər. Hər hansı bir neqativ hal varsa müvafiq qurumların qaynaq xətlərinə zəng etsinlər, hətta ərizə ilə belə şikayət etməkdən çəkinməsinlər. Cəmiyyət özü çalışmalıdır ki, bu sahədə qayda-qanun yaratsın. 

Yaqut Ağaşahqızı"İki sahil"