05 iyun 2023 15:04
359

Azərbaycan 1975-ci ilin xəritəsi üzrə delimitasiyaya etiraz etmir -  Mirzoyan

"Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üçün hansı xəritədən istifadə edilməsi ilə bağlı yekun razılaşma yoxdur. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin Kişinyovdakı son müşavirədə 1975-ci ilin xəritəsi ilə bağlı heç bir etirazı olmayıb".

“İki sahil” xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə 2022-ci il dövlət büdcəsinin icrası haqqında hesabatın müzakirəsi zamanı deyib.

“Bu işlərin 2022-ci il oktyabrın 6-da Praqa görüşündə tərəflərin razılaşdırdığı Alma-Ata Bəyannaməsinə uyğun olaraq həyata keçirilməsi öhdəlikləri var, lakin konkret xəritə üzərində heç bir razılaşma yoxdur”, - Mirzoyan bildirib.

Onun sözlərinə görə, Kişinyovda keçirilən son müşavirədə Azərbaycan Prezidenti İlham Əliyev 1975-ci ilin xəritələrindən istifadəyə etiraz etməyib.

“Ermənistana 1975-ci il xəritələrinə görə hər iki ölkənin ərazi bütövlüyünün tanıması və bunun əsasında delimitasiya işlərinə başlanması məqbuldur”, - Mirzoyan bildirib.

Ermənistanın baş naziri Nikol Paşinyan mayın 22-də keçirdiyi mətbuat konfransında bəyan edib ki, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası prosesi SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının 1975-ci il xəritələri əsasında aparılmalıdır. Daha sonra iyunun 1-də Moldovada keçirilən beştərəfli görüşün nəticələrinə yekun vuraraq, bunu faydalı adlandırıb .

“Tərəflər Ermənistan və Azərbaycan arasında gələcək delimitasiya işləri üçün 1975-ci il xəritəsinin əsas götürülməsinə qarşı olmadıqlarını vurğulayıblar", -Paşinyan deyib.