06 iyun 2023 01:14
450

Peşə var zövq alarsan, peşə də var...

Dünyada 40 minə yaxın peşə var. Üç əsr əvvəl onların cəmi 500-ü mövcud olsa da, sivilizasiyanın və yeni texnologiyaların inkişafı ilə bu rəqəm artmağa başladı. Bu yazıda fərqli peşələr haqqında topladığımız maraqlı məlumatları təqdim edirik.

Son 20 ilin ən tələbatlı  peşələri bunlardır: iqtisadçı, menecer, hüquqşünas, kompüter proqramçısı, marketoloq və  PR meneceri.   Statistikaya görə,  dünyada ən çox yayılmış peşə  ticarət işçisidir.  Ticarət işi , həmçinin ən qədim peşələrdən biridir. O, qədim insanların  zəhmətlə ovladıqları  qılınc dişli pələngin  ətini ox uclarına dəyişməyə başladığı dövrə gedib çıxır.

Dünyada ən çox yayılmış ikinci peşə kənd təsərrüfatı ilə bağlıdır. Məsələn, Vyetnam və  Çində əhali əsasən  düyü becərməklə  məşğuldur. Düyünü yığmaq kifayət qədər çətindir. Təəssüf ki, bu bitkinin  keyfiyyətli təmizlənməsi üçün robotlar və ya maşınlar hələ yoxdur.  Burada nə az, nə çox bir milyarda yaxın insan (Yer kürəsinin ümumi əhalisinin 15%-i) düyü becərilməsi ilə məşğuldur.

Dünyanın inkişaf etmiş ölkələrində müəllim ən  hörmətli və prestijli peşə kimi tanınmaqdadır.  Məsələn, ABŞ-da müəllimlər  saatda təxminən 25-35 dollar  qazanırlar.

Amerikalı mütəxəssislər qadınların işləməsi üçün ən sərfəli ixtisası tapıblar. "XXI əsrin ən yaxşı peşələri" kitabının müəllifi, professor, Lorens Şatkin bir sıra faktorları nəzərdən keçirərək həkimliyin qadınlar üçün ən yaxşı peşə olduğunu bildirib. Bunların arasında göz və diş həkimliyi peşələri xüsusi yer tutur. Tədqiqata görə, həkimlik peşəsi ilə məşğul olan qadınların 60%-i öz peşələrindən və əmək haqqlarından razılıq edir. Qadınlar üçün sərfəli olan digər məşğuliyyət növləri arasında vəkillik, hakimlik, menecerlik kimi peşələr də var.

Dünyanın ən təhlükəli və məsuliyyət tələb edən peşələri  mədənçi,  balıqçı və minaaxtarandır. Boksçuları və futbolçuları da  bu siyahıya daxildir. Çünki bu idman növləri ən travmatikdir.

Bu il ən stress yaradan peşə yanğınsöndürənlərin  peşəsi hesab edilmişdir. Çünki yanğınsöndürənlər bütün il boyu işləyirlər, həm də onların  iş şəraiti çox təhlükəli və ağırdır.

İkinci yerdə firma rəhbərləridir. Onlar şirkətin bütün problemlərinin  ağırlığını çiyinlərində daşıyırlar. Həm də onlar bir neçə sahə üzrə məlumatlı olmalıdırlar.

Üçüncü yerdə  isə taksi sürücüləri gəlirlər. Bəzən bu peşə sahibləri günlərlə sükan arxasında olurlar. Onlar yol-nəqliyyat hadisələri ilə də qarşılaşırlar.Cərrahlar da bu reytinqə daxildir. Onlar pasiyentin həyatına  görə böyük məsuliyyət daşıyırlar.

Xatırladaq ki, tibb bacısı peşəsi də ən təhlükəli və stresli hesab edilir. Onların 75 faizi bildirmişdir ki, müntəzəm olaraq iş yerində zorakılığa məruz qalır, xəstələr tərəfindən söyülür, hətta pasiyentlər müalicənin gedişində tibb bacılarına hücum da edirlər.

Dünyanın ən təhlükəsiz işi ofis işidir. Alman alimləri iddia edirlər ki, iqtisadçılar və mühasiblər  ən az sağlamlıq problemləri ilə üzləşirlər.

Ən nadir peşə isə saat qülləsinin təmirçisidir. Hazırda  dünyada bu qədim mexanizmləri yaxşı bilən bir neçə insan qalıb. Məhz buna görə rəqabətin az olması səbəbindən bu peşə yaxşı pul gətirir.

Əmək bazarında yüksək tələbatın olduğu sahələrdən biri də inşaat sahəsidir.  Müvafiq peşəyə yiyələnmiş insanlar üçün bu sahədə böyük perspektivlər var. Çünki hazırda demək olar ki, bir çox ölkələrdə  yenidənqurma və tikinti işləri gedir.

Yaxın gələcəkdə ən çox tələb olunacaq peşələr arasında kosmos bələdçisi də yer alacaq. Çünkü kosmos nəinki alimlərin, həm də adi insanların maraq dairəsinə daxildir.  Qeyd edək ki, kosmosa ilk kommersiya uçuşu 1990 -cı ildə həyata keçirilmişdi.

Hamımıza məlumdur ki, 2021-ci ilin yazında planetin ən varlı adamlarından biri Jeff Bezos kosmosa uçdu. “SpaceX” in qurucusu olan  Elon Muskın sözlərinə görə,  2025 -ci ilə qədər onun şirkəti turistləri Yerin və Ayın orbitinə daşımağa başlayacaq. “Roskosmos" isə  ilin sonuna qədər iki turist üçün kosmosa  tur keçirəcək.

Düzdür, əvvəlcə bu turlar  çox baha olacaq: təxminən  200 min dollar.  Zamanla tədarükün artması səbəbindən qiymət düşəcək və çoxları uşaqlıq arzusunu həyata keçirə, kosmosa uça biləcək.

Bu səbəbdən bu səfərləri əyləncəli və təhlükəsiz edə biləcək insanlara ehtiyac olacaq. İlkin  mərhələdə bu funksiyaları  astronavtlar  yerinə yetirəcəklər. Onlar yaxın gələcəkdə  kosmos turizmi üçün xüsusi  bələdçilər hazırlamalı olacaqlar. Həmin bələdçilər həm  kosmosa  səyahət üçün bir plan hazırlayacaq, həm də kosmosda baş verən prosesləri insanlara izah edəcəklər.

Dünyada, həmçinin qeyri-adi, qəribə və hətta qorxulu peşələr də mövcuddur. Məsələn, sərnişinlərə nəzarət edənlər. Meqapolislərin əhalisi indiki kimi artmağa davam edərsə, bu vakansiya bütün dünyada aktuallaşacaq. Çin metrosunda məşhur olan  bu qeyri-adi peşənin sahibləri insanlara  sözün əsl mənasında vaqonlara minməyə kömək edirlər. Bu işçilər hər şeyə diqqət etməlidirlər ki, sərnişinlər vaqona daxil olarkən  heç bir xəsarət almasınlar.

Əslində qeyri-adi peşə növlərini saymaqla bitmir. Bunlar arasında canlı maneken, pinqvin qaldıranlar, qarışqa yetişdirənlər və digərləri mövcuddur.

Samirə Tağıyeva, “İki sahil”