06 iyun 2023 23:46
283

Taksi xidməti sahəsində yeniliklər niyə zəruridir?

Bu sahədə vahid nəzarət sisteminin olmaması problemləri getdikcə artırır

Azərbaycanda taksi xidməti fəaliyyəti ilə məşğul olan xarici şirkətlərin sayı artıb. Ukraynanın taksi şirkəti “Uklon” “Umico” ilə əməkaşlıq çərçivəsində ölkəmizdə fəaliyyətə başlayıb. “Umico” “PAŞA Holdinq” investisiyalı şirkətdir. Beləliklə, ölkəmizdə fəaliyyət göstərən xarici investisiyalı taksi şirkətlərin sayı 5-ə çatıb.

Bunlar “Uber” (Bu brendin MDB-də sahibi “Yandex”dir. Belə ki, xeyli müddətdir ki, Amerikanın qlobal taksi şirkəti olan “Uber” Azərbaycandakı payını Rusiyanın “Yandex” şirkətinə satıb), “Bolt” (Estoniya), “Yango” (Rusiya - “Yandex”), “Maxim” (Ukrayna) və “Uklon” Azərbaycan (“Umico” - “PAŞA Holdinq”) taksi şirkətləridir.

Hazırda ölkəmizdə taksi bazarında rəqabət çox güclüdür, on minlərlə taksi sürücüsü xidmət göstərir. Bu xidmətin keyfiyyəti ilə bağlı zaman-zaman çoxlu  narazılıqlar da müşahidə olunur. Belə bir şəraitdə “Uklon”un “Umico” ilə əməkdaşlıq çərçivəsində yerli şirkət olaraq bazara daxil olması çox səmərəlidir. Rəqabətin güclü olduğu bazara yeni şirkətin daxil olması xidmətin keyfiyyətinə müsbət təsir göstərəcək, bu baxımdan atılan addımı müsbət dəyərləndirmək olar. Taksi bazarında 100-dək yerli taksi şirkəti fəaliyyət göstərir.

Heç kəsə sirr deyil ki, taksi xidmətləri sahəsində müəyyən çatışmazlıqlar mövcuddur. Taksi sürücüləri, xüsusilə də qlobal aqreqatorlarla çalışan sürücülər, ağır və uzun iş saatları müqabilində qazanclarının az olmasından şikayətlənirlər. Öz növbəsində sərnişinlər də xidmət keyfiyyətinin aşağı olmasından, kobud və qeyri-etik davranışlardan narazılıq edirlər. Taksi xidməti göstərən avtomobillərdə bir çox hallarda gigiyenik normalara riayət olunmur. Bütün bunlar problemlərin yalnız üzdə görünən hissəsidir.

Mövcud problemləri dərindən öyrənmək və müvafiq həll yolları təklif etmək məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məsləhətçi şirkətlərin də iştirakı ilə araşdırma həyata keçirib. Araşdırma zamanı məlum olub ki, statistikaya görə, Bakı şəhərində hər min nəfərə düşən taksi sayı oxşar şəhərlərlə müqayisədə 4-5 dəfə çoxdur. Bu, şəhərdə tıxacların yaranmasına təsir etməklə yanaşı, neqativ ekoloji nəticələrə də gətirib çıxarır.

Burada bir faktı da qeyd etmək vacibdir. Taksilərin tıxaca və ekoloji vəziyyətə təsiri yalnız sayın çoxluğu ilə məhdudlaşmır. Bu, həm də gündəlik səyahətlərin sayı ilə bağlı bir məsələdir. Belə ki, fərdi maşınlar gündə ortalama 2-2,5 səfər edirlərsə, taksi fəaliyyəti həyata keçirən avtomobil 20-dən çox səfər edir. Bu baxımdan 10 min taksi şəhərdə 100 min fərdi maşın effektini yaradır.

Sutkada 10-15, hətta 18 saat işləyən taksi sürücüləri var. Sürücülər bildirirlər ki, günlərinin əksər vaxtını sükan arxasında keçirmələrinə səbəb qazanclarının az olmasıdır. Sürücüləri narahat edən həm qazanclarının az olması, həm də vaxtlarının çoxunun tıxaclı yollarda keçmələridir. Bu hal da istər-istəməz sürücü ilə sərnişin münasibətlərinə mənfi təsir göstərir. Bütün bunlar onu göstərir ki, taksi şirkətlərinin fəaliyyəti ilə bağlı yeni qayda və tənzimləmələrə ehtiyac var.

Təəssüf ki, tənzimlənmədəki boşluqlar bu sahədə aqreqatorlar arasında qeyri-sağlam rəqabətə və bunun nəticəsində xidmət keyfiyyətinin xeyli aşağı düşməsinə gətirib çıxarıb. Bununla yanaşı, araşdırmalar onu da göstərir ki, taksilərin sayının normadan çox olması həm də ictimai nəqliyyatdan, o cümlədən metro və avtobuslardan taksiyə sərnişin axınına səbəb olub. Məsələn, 2022-ci ildə metrodan istifadə edən sərnişinlərin sayı pandemiyadan əvvəlki 2019-cu illə müqayisədə 12% aşağı olub. Analoji vəziyyəti avtobus gedişlərində də görmək olar. Təkcə Bakı şəhərində avtobusla daşınan sərnişinlərin sayı bəhs edilən dövrdə 35% azalıb.

Belə ki, ölkəmizdə fəaliyyət göstərən qlobal aqreqator taksi şirkətləri, o cümlədən “Bolt”, “Uber”, “Yango”da çalışan sürücülərlə əmək müqavilələrinin bağlanmaması, sürücülərin bəzən 14-16 saat sükan arxasında olması, bunun müqabilində isə gəlirlərinin çox aşağı olması kimi neqativ hallar müşahidə olunur. Eyni zamanda, bu şirkətlər tərəfindən vətəndaşların fərdi məlumatlarının mühafizəsinə dair mövcud qanunvericilik normaları da kobud şəkildə pozulur.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi taksi xidmətində keyfiyyətin yüksəldilməsi və mövcud qanunvericilik bazasının günümüzün tələbinə uyğunlaşdırılması məqsədilə artıq bir müddətdir ki, mühüm islahatların aparılmasını planlaşdırır. Nəticədə taksi fəaliyyətinin tənzimlənməsi üçün qanunvericiliyin təkmilləşdirilməsi və səmərəli nəzarət mexanizmlərinin yaradılması istiqamətində mühüm hazırlıq işləri görülməkdədir.

Cavid Əkbərov, “İki sahil”