06 iyun 2023 19:19
746

Yararsız nəqliyyat vasitələrinin utilizasiyası ətraf mühitə zərərli təsirləri zamanla aradan qaldıracaq - Sadiq Qurbanov

Qanun layihəsi bütövlükdə həm ekoloji, həm yol hərəkətinin təhlükəsizlik səviyyəsi nöqteyi-nəzərindən, həm də stimullaşdırıcı tədbirlər baxımından çox müsbət xarakterə malikdir

Milli Məclisin bu gün keçirilən iclasında "İstehsalat və məişət tullantıları haqqında" qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. Dəyişikliklərdə, Azərbaycanda istehsal-buraxılış vaxtından 4 il keçən minik avtomobilləri üçün utilizasiya haqqının müəyyənləşdirilməsi, köhnə avtomobillərin utilizasiyası fondunun yaradılması, köhnə avtomobilləri utilizasiyaya verən şəxslərə yeni avtomobil alan zaman güzəşt tətbiq edilməsi, avtomobillərin utilizasiyaya verilməsi prosedurunun müəyyənləşdirilməsi, avtomobillərin utilizatorlarının reyestrinin aparılması və s. nəzərdə tutulur.

Müzakirələr zamanı çıxış edən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib ki,  cənab Prezidentin 27 dekabr 2018-ci il tarixli 852 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı” təsdiq edilib.  Yol hərəkətinin təhlükəsizlik səviyyəsini yüksəltmək, ekoloji vəziyyəti yaxşılaşdırmaq, eləcə də yerli avtomobil istehsalını stimullaşdırmaq məqsədilə həmin dövlət proqramının tədbirlər planının ayrıca – 7.3.7.1-ci bəndində nəqliyyat vasitələrinin utilizasiya proqramının hazırlanması nəzərdə tutulub. Biz bilirik ki, nəqliyyat vasitələri ilə bağlı tənzimləmə, o cümlədən onların utilizasiyası mürəkkəb bir prosesdir və bir çox dövlət qurumlarının səlahiyyətlərinə toxunur. Bunu nəzərə alaraq, layihə kifayət qədər təfsilatlı və aidiyyəti 14 dövlət qurumu ilə koordinasiyalı şəkildə və razılaşdırılmaqla ərsəyə gətirilib.

Utilizasiya proqramının ekoloji əsaslandırması

Sadiq Qurbanov qeyd edib ki, beynəlxalq təcrübəyə əsasən, mexaniki avtonəqliyyat vasitələrinin utilizasiya proqramlarının dövlət tərəfindən dəstəklənməsinin əsas səbəblərindən biri köhnə avtomobillərin atmosferə atdığı zərərli maddələr və onların fəsadları ilə əlaqədardır. Xüsusilə böyük şəhərlərdə müşahidə olunan hava keyfiyyətinin aşağı düşməsi insan sağlamlığına mənfi təsir göstərir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, erkən ölümlərin, tənəffüs yolu və ürək-damar xəstəliklərinin, ağciyər xərçəngi, allergiya və s. xəstəliklərin yaranma səbəblərindən biri də atmosfer havasının çirklənməsidir.
Nəqliyyat sektorunun hava çirklənməsinə "töhfəsi" ölkələr üzrə 25%-dən 70%-dək dəyişir. Bu hissəciklər çox kiçik olduğundan insan orqanizminin tənəffüs sisteminə daxil olaraq ag ciyər və bronxial xəstəliklərin yaranmasına səbəb olur. Xəstəliklər əlavə səhiyyə məsrəflərinə səbəb olur ki, bunu da önləmək üçün inkişaf etmiş ölkələrdə nəqliyyat vasitələri tərəfindən atmosferə atılan tullantılara qarşı ciddi tədbirlər görünür. 

Köhnə nəqliyyat vasitələri daha çox tullantı yaranmasına səbəb olur

Hazırda ölkəmizdə nəqliyyat sektoru havaya atılan tullantıların əksəriyyətini təşkil edir. Nəqliyyat vasitələrinin istehsal tarixi, texniki vəziyyəti, istifadə etdiyi yanacaq növü və onun keyfiyyəti, mühərrik həcmi və s. amillər atılan tullantıların həcminə və tərkibinə birbaşa təsir göstərir.
​Avropa Birliyi ölkələrində 1992-ci ildən başlayaraq mərhələlərlə AVRO standartlarından istififadə olunur. Standartın hər mərhələsində zərərli maddələrin miqdarı daha ciddi şəkildə normalaşdırılır. Azərbaycanda 2014-cü ildən avtonəqliyyat vasitələrinin istehsalına və idxalına Avro-4 standartı tətbiq olunur. Lakin bu qərar qəbul olunanadək ölkəyə gətirilmiş köhnə maşınlar hələ də istismar olunur.
​Yeni avro standartların tələbinə əsasən, nəqliyyat vasitələrinin istehsalı zamanı dəm qazı üçün norma 0,5-1 qram/km olmağına baxmayaraq köhnə maşınlarda bu tullantılar qat-qat artıq olur. Eləcə də karbohidrogen, azot oksidləri və bərk hissəciklərlə bağlı da vəziyyət eynidir. Bu da onu göstərir ki, köhnə nəqliyyat vasitələri daha çox tullantı yaranmasına səbəb olur.

Deputat bildirib ki, iqlimə təsirlər nöqteyi-nəzərindən də köhnə avtomobillərin havaya daha çox karbon qazı atdığını nəzərə alaraq, belə avtomobillərin yenisi ilə əvəz olunması ətraf mühitin mühafizəsi baxımından çox vacibdir. Belə ki, köhnə minik avtomobili atmosferə hər km üçün 300-350 qram karbon qazı atırsa, yeni və ya Euro 4 standartı ilə çalışan minik avtomobili  110-150 qram karbon qazı atır. Beləliklə, 3000 ədəd köhnə minik avtomobilinin yenisi ilə əvəz edilməsindən əldə edilən karbon azalması təxminən 6000 ton təşkil edir.  
Köhnə nəqliyyat vasitələrindən başqa, istismar müddətini başa vurmuş və ya yol-nəqliyyat hadisələri nəticəsində yararsız hala düşmüş nəqliyyat vasitələri uzun müddət ətraf mühitdə qalaraq mənfi təsir göstərir. Nəqliyyat vasitələrinin utilizasiyası xüsusi icazə və peşəkarlıq tələb edən fəaliyyət sahəsidir. Yararsız nəqliyyat vasitələrinin qanunsuz “utilizasiyası” onun tərkibindəki təhlükəli tullantıların ətraf mühitə yayılmasına səbəb olur. Bu fəaliyyətin qanunvericilik çərçivəsində tənzimlənməməsi kölgə biznesinin və qanunsuz “ölüxanaların” yaranmasına səbəb olur.

Bir sıra təsir mexanizmləri vasitəsilə nəqliyyat parkının yenilənməsinə rəvac veriləcək

Layihənin hazırlanması zamanı xarici ölkələrin müsbət təcrübələrinə də müraciət olunmuşdur. Bu baxımdan, layihə bütövlükdə həm ekoloji, həm yol hərəkətinin təhlükəsizlik səviyyəsi nöqteyi-nəzərindən, həm də stimullaşdırıcı tədbirlər baxımından çox müsbət xarakterə malikdir. Onun tətbiqi sayəsində:
- köhnəlmiş və yararsız vəziyyətə düşmüş nəqliyyat vasitələrinin ətraf mühitə zərərli təsirləri zamanla aradan qaldırılacaq;
- bir sıra təsir mexanizmləri vasitəsilə nəqliyyat parkının yenilənməsinə rəvac veriləcək;
- həmçinin bu sahədə fəaliyyət göstərən qeyri-rəsmi sahibkarlığın və bazarın şəffaflaşması baş verəcək, “yaşıl iqtisadiyyat”ın, eyni zamanda təkrar istehsalı şərtləndirən dövriyyə iqtisadiyyatının inkişafına müsbət təsirləri olacaq.  
Belə ki, layihənin tətbiqi sayəsində tullantıların utilizasiyası sahəsində müvafiq ekoloji tələblərə cavab verən və rəsmi qeydiyyatda olan sahibkarlıq subyektlərinin meydana gəlməsinə şərait yaranacaq ki, bu da öz növbəsində həm ətraf mühitin mühafizəsinə müsbət təsir göstərəcək, həm də qeyri-rəsmi və heç bir ekoloji normativlərə cavab verməyən subyektlərin fəaliyyətinin zəruri tələblər çərçivəsində rəsmiləşməsinə təkan verəcəkdir;

Yararsız nəqliyyat vasitələrini utilizasiyaya verən vətəndaş yerli avtomobil almaq üçün güzəşt, yaxud birdəfəlik ödəniş hüququ qazanır

- layihə yol hərəkətinin təhlükəsizliyi nöqteyi-nəzərindən də müsbət nəticələrə səbəb olacaqdır. Bu gün biz yollarda bir çox köhnəlmiş nəqliyyat vasitələrinin nasazlıq səbəbindən yol hərəkətinə çətinliklər yaratdığının şahidi oluruq. Bu layihənin tətbiqi isə imkan verəcək ki, bu cür nəqliyyat vasitələri yol hərkətindən zamanla kənarlaşsın;
- o cümlədən bu proseslərin gedişində yararsız və ətraf mühitə zərər vuran nəqliyyat vasitələrini utilizasiya üçün təhvil verən vətəndaşlar müəyyən stimullaşdırıcı vasitələrdən yararlana biləcəklər. Onlar yararsız nəqliyyat vasitələrini utilizasiyaya verməklə öz istəklərindən asılı olaraq, yerli istehsal nəqliyyat vasitəsinin əldə edilməsi üçün güzəşt, yaxud birdəfəlik ödəniş hüququ qazanırlar. Bu da vətəndaşlarımızı bu layihənin həyata keçirilməsində iştiraka təşviq edəcəkdir;
- qeyd edilməlidir ki, güzəştin xüsusilə yerli istehsal olan yeni nəqliyyat vasitələri ilə əlaqələndirilməsi yerli istehsalın da inkişafına təkan verə bilər;

Komitə sədrinin sözlərinə görə, layihənin digər bir müsbət xüsusiyyəti də vətəndaşların proseslərdə iştirakında onların sosial öhdəliklərinə təsir etməsi və bu yolla onları ətraf mühitin qorunmasına təşviq etməsidir. Belə ki, köhnəlmiş nəqliyyat vasitələrinin idxalı və istifadəsi bu layihənin tətbiqi sayəsində nisbətən xərcli olacaq. Nəqliyyat vasitəsinin yaşı artdıqca bu xərclər də yüksələcək. Bu da zamanla vətəndaşlarımızı daha çox yeni istehsal olan və ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadə etməyə təşviq edəcək.

Qeyd edək ki, qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.