18 mart 2016 15:05
321

Prezidentimizdən növbəti humanist addım

Novruz bayramı ərəfəsində dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 137 nəfərin azadlığa buraxılması, 6 nəfərin islah işləri cəzasının çəkilməmiş hissəsindən, 5 nəfərin cərimə cəzasından azad edilməsi onlarla ailənin ikiqat sevincinə səbəb olub

Daim humanizm prinsiplərinə sadiq qalan, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində önəmli addımlar atan dövlətimizin başçısı İlham Əliyev daha bir xeyirxahlıq nümunəsi göstərib.  Novruz bayramı ərəfəsində - martın 17-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamı ilə ailələrə ikiqat sevinc bəxş edən dövlətimizin başçısının növbəti humanist addımı bir daha göstərir ki, ölkəmizdə insan amilinə diqqət dövlət siyasətinin əsas parametrlərindəndir. Sərəncamda qeyd olunduğu kimi, dövlət başçısına ünvanlanmış müraciətlərə baxılarkən məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti, cəza çəkdikləri müddət, davranışları nəzərə alınmışdır. Ümumilikdə 148 nəfərə şamil olunan Sərəncama uyğun olaraq azadlıqdan məhrumetmə cəzasına  məhkum edilmiş 137 nəfər azadlığa buraxılıb, islah işləri cəzasına məhkum edilmiş 6 nəfər cəzasının çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum olunmuş 5 nəfər isə  cəzadan azad olunmuşdur. 

 “Dövlət siyasətimizin əsasında insan amili dayanır” söyləyən Prezident İlham Əliyevin tövsiyələrinə uyğun həyata keçirilən bütün islahatlar ölkə vətəndaşlarının yaxşı yaşayıb, firavan həyatla təminatına yönəldilir. “Biz qanunun aliliyinin təmin olunduğu, yüksək səviyyədə şəffaflıq olan, hər bir insanın sülh və əmin-amanlıq şəraitində  yaşadığı və bütün azadlıqlardan  istifadə etdiyi cəmiyyət qururuq” deyən  dövlətimizin başçısı İlham Əliyev eyni zamanda diqqətə çatdırır ki, iqtisadi artım, cəmiyyətin demokratikləşməsi siyasətimizin əsas elementləridir və biri digərsiz mümkün ola bilməz: “İqtisadi cəhətdən güclü ola bilərsən, amma demokratiya yoxdursa, şəffaflıq yoxdursa, insan hüquqları qorunmursa, uğur qazana bilməzsən”.

Azərbaycanda mövcud olan dinamik inkişaf insan hüquqlarının müdafiəsi sahəsində aparılan ardıcıl islahatların davam etdirilməsini şərtləndirir. Ölkəmizin normativ- hüquqi aktlarının insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, beynəlxalq təşkilatlarla yeni əməkdaşlıq strategiyasının hazırlanması və həyata keçirilməsi, dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təminatı baxımından təkmilləşdirilməsi, hüquqi maarifləndirmə işinin genişləndirilməsi, dövlətlə vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi kimi vəzifələr müəyyən edilir.

İllərdən bəri imzalanan əfv fərmanları və Amnistiya Aktları dövlətin insan hüquq və azadlıqlarının qorunmasına xüsusi diqqət göstərdiyini təsdiqləyir. Dövlətimizin başçısı İlham Əliyevin əlamətdar hadisələr ərəfəsində əfv sərəncamları imzalaması da əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan humanizm siyasətinin uğurla davam etdirilməsinin təsdiqidir. Bu sərəncamlar əsasında on minlərlə   şəxs cəzaçəkmədən azad edilib.  

Təsadüfi deyil ki, “Əsası dahi Heydər Əliyev tərəfindən 1994-cü ildə qoyulmuş bu siyasət nəticəsində minlərlə insan azadlığa buraxılaraq normal həyata qayıdıb və bu gün də bu ənənələr davam edir. Allah vergisi olan insan ömrü hər bir şeydən uca və dəyərlidir. Hər bir insan ləyaqətlə və azad yaşamağa layiqdir. Eyni zamanda, hər bir insan öz ömrünün, öz taleyinin hökmdarıdır. Səhv etmiş, yolunu azmış insanlara həyatda yeni şans verməklə, onları bağışlayıb cəmiyyətimizə qaytarmaqla biz onlara yenidən həyatın, azadlığın dəyərini dərk etməyə, öz səhvlərini anlayıb doğru yola qayıtmağa kömək edirik. Hər zaman mərhəmətlilik, genişqəlblilik, xeyirxahlıq, bağışlamaq bacarığı ən ali və insani keyfiyyətlər kimi qiymətləndirilib” söyləyən Mehriban xanım Əliyevanın fəaliyyətinin əsasını da insanlara diqqət və qayğı təşkil edir.

Prezident İlham Əliyevin Sərəncamını ailələrlə yanaşı, AŞPA prezidenti Pedro Aqramunt da alqışlayıb. Bu ayın əvvəlində Azərbaycan Prezidenti, parlamentin sədri və xarici işlər naziri ilə görüşlər keçirdiyini xatırladan P. Aqramunt bu məsələ ilə bağlı ona təminat verildiyini bildirib: “Mən çox şadam ki, bu təminatlara əməl edildi. Mən Azərbaycan hakimiyyət nümayəndələri ilə saxlanılan şəxslərlə bağlı işləməyə davam edəcəyəm”.

Şəfiqə Dadaşova, “İki sahil”