Azərbaycanın pensiya sistemi qlobal iqtisadi proseslər fonunda tez-tez dəyişən qiymətlər qarşısında daha möhkəmdir
Vətəndaş firavanlığı, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının prioritetlərindən biridir. Bu hədəflərə nail olmaq üçün atılan addımlar - sosial dövlət prinsiplərinin ön planda saxlanılması sayəsində hətta qlobal iqtisadi böhranın doğurduğu çətinliklər belə, pensiya təminatına təsir edə bilməyib. Hətta dünya bazarında neftin ucuzlaşması fonunda müşahidə olunan iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycanda heç bir sosial layihə təxirə salınmayıb. Əskinə, hər il olduğu kimi, bu il də pensiya və müavinətlər, sosial ödənişlər dövlətin maliyyə imkanlarına uyğun şəkildə yenidən artırılıb.
Mərkəzi Bankın 21 dekabr 2015-ci il tarixli devalvasiya qərarından sonra isə hökumətin əhalinin aztəminatlı təbəqəsinə diqqətinin bir qədər də artdığı müşahidə olunub. Hərçənd manatın məzənnəsinin dəyişməsi, dolların milli valyutaya nəzərən məzənnəsinin artması ilə əlaqədar Azərbaycanda əsas istehlak mallarının qiyməti təxminən 50 faiz civarında bahalaşıb. Belə bir şəraitdə hər kəs hökumətin qabaqlayıcı addımlar atacağını, ən azı büdcədən maliyyələşən təşkilatlarda əməkhaqqını, pensiya və müavinətlərin məbləğini real inflyasiyaya uyğun artırılacağını gözləyirdi. Çox keçmədi ki, bu gözləntilər özünü doğrultdu, Prezident İlham Əliyevin 25 yanvar 2016-cı il tarixli Sərəncamı ilə bütün növ əmək pensiyalarının sığorta hissəsi 2015-ci il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq, 2016-cı ilin 1 yanvar tarixinə indeksləşdirildi. Bu isə əmək pensiyalarının baza hissəsinin inflaysiyaya uyğun olaraq 4 faiz civarında artması deməkdir. Bunun ardınca dövlət başçısının müvafiq Sərəncamı ilə yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılaraq 110 manata çatdırıldı. Həmçinin bütün büdcə təşkilatlarında çalışanların maaşı da 10 faiz səviyyəsində artırıldı.
Bütün bunlar heç də elə-belə başa gəlməyib. Ölkə başçısının əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsini daim diqqət mərkəzində saxlaması öz yerində, dünya bazarında neftin ucuzlaşması səbəbindən Azərbaycanın da gəlirlərinin azalması fonunda pensiya və müavinətlərin artırılması onsuz da gəlirləri azalan dövlət büdcəsinin xərc yükünün bir az da artması deməkdir.
Bəs, bu artımlardan sonra pensiya və müavinətlərin maliyyələşdirilməsi dövlət büdcəsinə nə dərəcədə təsir edib? Dövlət Sosial Müdafiə Fondunun gəlirləri, sosial sığorta ödənişləri hesabına formalaşan pensiya kapitalları təqaüdlərin maliyyələşdirilməsi üçün kifayətdirmi?
Bəri başdan deyək ki, “Əmək pensiayaları haqqında” Qanunun 29.2-ci maddəsinə görə, əmək pensiyasının həm sığorta hissəsi, həm də kapital hissəsi ildə bir dəfədən az olmamaqla rəsmi müəyyən edilən istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməlidir. Amma məsələ bundadır ki, Azərbaycanda faktiki olaraq qanunvericiliyin yalnız əmək pensiyalarının sığorta hissəsinə dair tələbi işləkdir. Pensiyanın kapital hissəsinin inflyasiyaya uyğun indeksləşdirilməsi isə reallıqda mövcud deyil. Yəni hazırda Azərbaycanda pensiyanın kapital komponenti faktiki olaraq iqtisadi və maliyyə risklərindən qorunmur. Ona görə indeksasiya yalnız pensiyanın sığorta hissəsinə tətbiq edilir.
Pensiya və müavinətləri inflyasiyadan necə qorumalı?
Ekspertlər isə hesab edirlər ki, manatın məzənnəsinin dəyişməsinin və digər maliyyə-iqtisadi risklərin nəticələrini yumşaltmaq imkanları genişdir. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev bildirir ki, hətta indiki şəraitdə pensiya kapitallarını maliyyə-iqtisadi risklərdən, devalvasiyanın ağır nəticələrindən qismən də olsa, qorumaq mümkündür. Onun fikrincə, istehlak mallarının bahalaşmasından aztəminatlı ailələrə, o cümlədən pensiyaçılara dəyən ziyanın kompensasiya edilməsi üçün kifayət qədər imkanlar var: “Belə vəziyyətlərdə pensiya və müavinətlərin minimum məbləği real inflyasiya göstəricilərinə uyğun qaldırılmalıdır. Üstəlik devalvasiyanın büdcəyə gətirəcəyi izafi gəlirin təxminən 3/1-ni sosial müdafiə məqsədlərinə yönəldilməklə manatın devalvasiyasının mənfi sosial fəsadları xeyli dərəcədə zərərsizləşdirilə bilər”.
Sosial məsələlər üzrə hüquqşünas, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov da Azərbaycanda pensiya kapitallarının indeksləşdirilməsi zamanı real qiymət artımının nəzərə alınması təcrübəsinə rast gəlinmədiyini bildirir. Hüquqşünas deyir ki, ötən il Azərbaycanda rəsmi inflyasiyanın 4 faiz səviyyəsində olduğu elan edilib və pensiyaların sığorta hissəsi də qanunverciliyin tələbinə uyğun olaraq, 4 faizlik inflyasiya əsasında indeksləşdirilib. Onun sözlərinə görə, nə 21 fevral, nə də 21 dekabr devalvasiyalarından sonra elektrik enerjisi, kommunal xidmətlər, yanacaq və qiyməti dövlət tərəfindən tənzimlənən digər məhsul və xidmətlərin qiymətləri dəyişməyib: "Rəsmən belə hesab olunur ki, hər iki devalvasiya qiymətlərin artımına əhəmiyyətli təsir etməyib. Həmçinin cərimələr, notariat xidmətləri, digər dövlət orqanlarının göstərdiyi xidmətlər üçün rüsumlar artırılmayıb. Əksinə, lisenziyaların qiyməti azalıb”.
Sahib Məmmədov pensiya kapitallarının indeksləşdirilməsinin qanunun tələbi olduğunu xatırladaraq bildirib ki, mövcud qanunvericilikdə hər il pensiyaların inflyasiya faizləri nəzərə alınmaqla indeksləşdirilməsi proseduru müəyyənləşdirilib: “Bu il də ölkə Prezidenti tərəfindən verilən Sərəncama uyğun olaraq, pensiyaların sığorta hissəsi və fərdi hesablara toplanan pensiya kapitallarının indeksləşdirilməsi aparılıb. Bu, qanunvericiliyin normasıdır və burada hansısa bir yenilik yoxdur”.
O ki, qaldı pensiya və müavinətlərin artırılmasının dövlət büdcəsinin xərclərinə nə dərəcədə təsir etməsinə, bu, hazırkı iqtisadi durumda heç də kiçik təsir sayılmır. Belə ki, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, pensiyanın baza hissəsinin indeksləşdirilməsi, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğinin 10 faiz artırılması büdcənin xərc yükünü bir qədər “ağırlaşdırıb”. Təkcə 1 milyon 271 min nəfər əmək pensiyaçısının pensiyasının baza hissəsi və ona qanunvericiliklə müəyyən edilmiş əlavələr 10 faiz artırılıb. Birinci qrup gözdən əlillərin və birinci qrup əlil olan digər pensiyaçıların pensiyalarında daha əhəmiyyətli dərəcədə artımlar edilib. Ümumilikdə bu artımın maliyyələşdirilməsinə ilin sonunadək 140,8 milyon manat əlavə büdcə vəsaiti sərf olunacaq.
Xərclərin strukturuna baxaq: Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsinə hər ay təqribən 3,24 milyon manat, il ərzində isə 38,9 milyon manat əlavə vəsait yönəldilir. Əmək pensiyalarının sığorta hissəsinin artırılması prosesi pensiyaçıların 95 faizinə şamil olunur. Həmçinin fevralın 1-dən bir yaş yarımadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 40 manat, bir yaş yarımdan üç yaşınadək uşağa qulluğa görə isə həmin müavinətin məbləği 25 manat miqdarında müəyyən edilib. İl ərzində 3 yaşadək uşağa qulluğa görə müavinət alanların sayı təxminən 48 min nəfərdir ki, bu kateqoriyadan olanların müavinətinin artımının maliyyələşdirilməsinə il ərzində 3,5 milyon manat əlavə vəsait yönəldiləcək.
Ümumilikdə 2016-cı ildə Dövlət Sosial Müdafiə Fondu (DSMF) pensiya ödənişləri şəklində əhaliyə 3 239 milyon manat vəsait ödəyəcək. Bu isə devalvasiyadan əvvəl təsdiq olunmuş büdcədən, yəni pensiya və müavinətlərin artırılmasınadək nəzərdə tutulan proqnoz göstəricilərdən 7,6 faiz və ya 227,8 milyon manat çoxdur.
Dürüstləşdirimiş pensiya xərcləri
2016-cı ilin dürüstləşdirilmiş büdcəsində Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərcləri 3 milyard 307 milyon 360 min manat səviyyəsində nəzərdə tutulub. Bu, 2016-cı ilin təsdiqlənmiş dövlət büdcəsində nəzərdə tutulandan 228 789 900 manat çoxdur. Bu il DSMF-nin məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaları 2 054 990 000 manat, büdcədən maliyyələşən təşkilatlar üzrə 658 000 000 manat, büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə 89 750 000, digər sığortaedənlər üzrə 1 294 740 000 manat nəzərdə tutulub. Dövlət büdcəsindən ayırmalar, yəni transfertlərin proqnozu isə 1,1 milyard manatdan 1 milyard 246 milyon manatadək artırılıb.
Fondun 2016-cı il büdcəsinin xərcləri əhaliyə ödənişlər üzrə 3 238 950 000 manat, o cümlədən əmək pensiyalarının ödənilməsi üzrə 3 136 100 000 manat, məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərə 102 850 000 manat, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 22 000 000, hamiləliyə və doğuşa görə 27 500 000, uşağın anadan olmasına görə 7 780 000 manat, 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar 13 100 000 manat, dəfn üçün 17 200 000 manat, işsizliyə görə 15 270 000 manat, pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri 21 000 000 manat proqnozlaşdırılıb.
Göründüyü kimi, Azərbaycanın neftdən əldə etdiyi gəlirlərin azalmasına baxmayaraq, 2016-cı ilin dövlət büdcəsində sosial müdafə xərclərində heç bir azalma baş verməyib. Əksinə, əvvəlki illə müqayisədə bu il sosial müdafiə xərclərinin, o cümlədən pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün daha çox vəsait ayrılıb. Ümumilikdə hər şey öz axarı ilə gedir, pensiya və müavinətlərin vaxtlı-vaxtında maliyyələşdirilməsi üçün kifayət qədər vəsait var. Hətta pensiyaların maliyyələşdirilməsi hər ay qrafikdən əvvəl davam etdirilir.
Yazı Dövlət Sosial Müdafiə Fondunun “Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi xüsusi diqqət mərkəzindədir” mövzusunda jurnalistlər arasında keçirdiyi müsabiqəyə təqdim olunur.
Elxan Salahov, "İki sahil”
Kəlbəcər- azadlığın, dövlətçilik iradəsinin və yeni inkişaf mərhələsinin simvolu