Yaxud terrora qarşı “Avropa Paktı” gecikməyibmi?
İtaliyanın baş naziri Matteo Renzi Brüsseldəki terror aktından sonra Avropada terrorizmə qarşı vahid təhlükəsizlik strategiyasının tətbiq edilməsinin vacibliyini bildirdi. M.Renziyə görə, qlobal təhdidə çevrilən terrorizmə qarşı yüksək və mükəmməl kəşfiyyatı əks etdirən “Avropa Paktı” hazırlanmalıdır. İtaliyalı baş nazirin fikrincə, terrorla mübarizə aylar, hətta illərlə davam edə bilər.
İtaliyanın prezidenti Sergio Mattarella isə öz növbəsində terrora qarşı həmrəylik göstərilməsini vacibliyini bildirib.
Şübhəsiz, onların narahatlığı, hətta deyərdik ki, təşvişi başa düşüləndir. Ancaq Brüsseldəki partlayışdan sonra avropalıların terrorla mübarizə ilə bağlı açıqlamaları məntiqi olaraq bəzi suallar yaradır: Nədən milli maraqlarını, ərazi bütövlüyünü təhdid edən terrorla 35 il fasiləsiz savaşan, inadla mübarizə aparan Türkiyənin terorrizmə qarşı birgə mücadilə çağırışlarını on illər boyu eşitməzlikdən gəldiniz? “Mənə dəyməyən qurd min il yaşasın” kimi məkrli, yanlış və qeyri-insani prinsipi ilə hərəkət edib sözdə dost, mütttəfiq saydığınız bu ölkəni terrorla mübarizədə yalqız buraxdınız?
Bunlar azmış kimi Türkiyədə günahsız insanları qətlə yetirən, polisi, əsgəri şəhid edən terroristlərin siçovul kimi gizləndikləri yuvalardan, mağaralardan sizlərin istehsalınız olan silah-sursat, ərzaq məhsulları tapılır. Yüz illərlə mübarizə apardığınız marksizm-leninizm və anarxizm “ideyaları” ilə “silahlanmış” terrorçulara verilən kəşfiyyat məlumatlarını, loqistik dəstəyi də buraya əlavə etsək, dəhşətli bir mənzərə yaranar.
Avropanın paytaxtı, NATO-nun qərargah şəhəri statusunda olan Brüsseli vuran terrordan sonramı ayıldınız? İkisi Brüssel hava limanında, digəri metroda baş verən terror aktından sonra Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın söylədiyi kimi, deyəsən, qoynunuzda bəslədiyiniz ilan sizləri sancandan sonra terrorizmin insanlıq əleyhinə çevrilən ən böyük bəla olduğunu anladınız. Məncə, Belçikanın paytaxtındakı terror hadisələri “mənim terroristim, onun terroristi” prinsipi ilə hərəkət edənlərə “soyuq duş effekti” yaşatdı.
Brüsseldə bu alçaq əməllərin törədildiyi gün İordaniyada səfərdə olan Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi xanım Federika Moqerini göz yaşları içində açıqlama verərək “Avropa və onun mərkəzi bu regionun hər gün yaşadığı acını yaşayır!” deməsi diqqətlərdən yayınmadı.
Martın 17-də Türkiyənin baş naziri Əhməd Davudoğlunun iştirakı ilə Türkiyə-Avropa İttifaqı (Aİ) Zirvəsinin keçirildiyi bir vaxtda bu təşkilatın mənzil qərargahının arxasında Qərbin bir çox ölkəsinin terror təşkilatı kimi tanıdığı PKK tərəfdarları Belçika hökumətinin icazəsi ilə çadır qurmuşdular. Bu təşkilatın həmin ölkədəki “liderlər”indən olan Remzi Qartal Türkiyənin güc strukturlarının ölkənin Cənub-Şərqində terrorçulara qarşı keçirdikləri əməliyyatları “tənqid edən” mətbuat konfransı keçirir. Belçika polisi isə separatçı təşkilatın asdığı “bayrağı” qorumaqla vəzifələndirilir. Bunun yalnız bir adı ola bilər: rüsvayçılıq, ikiüzlülük və terorizmə dəstək!
Elə oradaca Türkiyənin xarici işlər naziri Belçikalı həmkarı ilə keçirdiyi mətbuat konfransında terrorizmin bu cür dəstəklənməsini ədalətsizliyin, riyakarlığın, Qərbin ikili standartlarının əyani sübutu olduğunu avropalıların düz gözlərinin içinə baxaraq söylədi.
Bütün bunlar qərblilərin ikiüzlülüyün əsl nümunəsi olmaqla bərabər, onların NATO-dakı müttəfiqləri Türkiyə və İslam sivilizasiyasına qarşı gizli planlarının bəzi detallarının aşkara çıxmasına vəsilə olur.
Vaxtilə düz dörd yüz il “Osmanlı Milli Sistemi” ilə paytaxtı Küdüs olmaqla Yaxın və Orta Şərqi ədalətlə, din, məzhəb, irq fərqi qoymadan idarə edən Osmanlı dövlətinin onurğasında apardıqları qanlı əməliyyatları bu gün strateji müttəfiqimiz, bir millətin iki dövlətindən birinin-Tükiyə Cümhuriyyətinin üzərində təkrarlamaq istəyirlər.
Fransalı professor, sabiq diplomat Filip Moro Defarjin yazdığı kimi, “tarixi zənginliklərin və ifrat zorakılıqların cəmləşdiyi” Yaxın və Orta Şərqi qan çanağına, ipi öz əllərində olan idarəolunmaz proseslər, geosiyasi sərhədləri partlatmağa hazır olan, “barıt çəlləyi”nə döndərməklə öz militarist maraqların təmini naminə ağlasığmaz hiylələrə, XIX yüzilliyin sonu, iyirminci əsrin əvvəllərində sınaqdan çıxardıqları dəhşətli metodlara əl atırlar.
Böyük bir mədəni-coğrafi, etnik-siyasi bölgənin güclü təsir imkanlarına malik qüdrətli dövləti, neft və qazla zəngin bir coğrafiyanın-Yaxın Şərqin “fəthi” yollarında əngəl, keçilməz sədd olan Türkiyənin zəiflədilərək sıradan çıxarılması, regionallıqdan çıxaraq qlobal güc mərkəzlərində söz sahibi olması istiqamətində atdığı addımların qarşısını almaq üçün “qlobal çağırışlar” ın icraçılarının, maskalı, makyajlı, qrimli imperialistlərin qaranlıq dəhlizlərdə yeni variantlarda ərsəyə gətirdikləri məkrli strategiyaların bel sütununu təşkil edir.
Yeni minillikdə cəmiyyətin güclü inkişaf potensialını səfərbər edərək kifayət qədər uğurlara imza atan, açıq xarici ticarət siyasəti ilə iqtisadiyyatında əsaslı kəmiyyət və keyfiyyət dəyişikliklərinə nail olan, bütün çətinliklərə (daxildə terrorla mübarizə, sərhədlərinin yaxınlığındakı qeyri-sabit, hətta müharibə şəraiti, yerləşdiyi coğrafiyadakı istiqrarsızlıq və.s) baxmayaraq iqtisadiyyatının 4 faiz böyüməsi Türkiyənin bədxahlarını, bəzi dairələri narahat edərək onların yuxusunu ərşə çəkir. Məhz bu qüvvələr Türkiyəni beynəlxlaq sistemin əsas akterləri sırasından çıxarmağa, yeni dünya nizamının konturlarının çızıldığı, qlobal və regional səviyyələrdəki strategiyaların hazırlandığı “mətbəxlər”dən təcrid etmək, onu öz mərkəzinə doğru sıxışdırmağa çalışırlar. Onlar bu məqsədlə ölkə daxilindəki bəzi siyasi qruplardan, şübhəli beynəlxalq bağlantıları olan qeyri-hökumət təşkilatlarından, mediya holdinqlərdən, ən əsası isə 35 ildən çox bir müddətdə silahlandırdıqları terror təşkilatlarından Türkiyəni müəyyənləşdirdiyi hədəflərdən yayındırmaq üçün istifadə edirlər. Qardaş ölkə düz otuz beş il ərzində imperialist güclərin, militarist qüvvələrin himayə etdiyi terrorçu qruplarla mübarizəyə milyardlarla dollar həcmində vəsait xərcləyib və bu proses hələ də davam edir.
Geosiyasi, geoiqtisadi maraqlarını, məkrli niyyətlərini militarizmin dialektikasına məxsus taktikalarla reallaşdırmağa cəhd edənlərin istədikləri odur ki,Türkiyə 70-80-ci illərdə olduğu kimi onların çaldıqları havaya oynasın, müəyyənləşdirdikləri müstəvidə hərəkət etsin, səliqəli şagird kimi tapşırıqların məsuliyyətli icraçısı olsun, cızılan “qırmızı xətti” tapdalamasın, həmçinin qırmızı, sarı, yaşıl işıqları fərqləndirə bilsin, nə zaman soyuqqanlılıq (və ya istiqanlılıq), harada neytrallıq nümayiş etdirmək lazım olduğunu bilmək üçün onların əl işarəsinə diqqət etsin. Yəni obrazlı desək, türklər bütün rənglər spektrinin isti, soyuq və neytral xüsusiyyətlərə görə bölünməsini yaddan çıxarmamalıdırlar.
Türkiyə cəmiyyətində bir inamsızlıq, ümidsizlik, yaratmaq, xaos bataqlığına sürükləmək bu mənfur ssenarinin bir hissəsidir. Bu ssenarinin həyta keçirilməsi üçün ən çirkin vasitələrə əl atırlar. Bu yolda hətta özlərinin elan edilmiş dəyərlərini ayaqlar altına ataraq idmanı, mədəniyyəti, incəsənəti belə bu məkrli oyunlara alət etməkdən çəkinmirlər.
Təsəvvür edin ki, UEFA Avropa Liqasının 1/8 final mərhələsində Portuqaliyanın Muniçipal stadionunda keçirilən “Fənərbağça” (Türkiyə)-”Braqa” (Portuqaliya) oyununda şərəfini, əxlaqını beş quruşa sataraq, peşəsinə, idmana xəyanət edən İvan Bebek adlı “hakim”in əsassız qırmızı kartları, ofsaytları, ağzına aldığı şeytan düdüyünün iyrənc və absurd hökmləri ilə “Fənərbağça”nı qəsdən uduzdurub, onun timsalında Türkiyəni 1/4 finala buraxmadılar.
Bundan bir az əvvəl də qardaş ölkənin Prezidenti R.T.Ərdoğanın Bakıda keçirilməsi nəzərdə tutulan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasında iştirakına mane olmaq üçün himayə etdikləri terrorçuların əli ilə iki dəfə paytaxt Ankarada onlarla insanın ölümünə, yüzlərlənin yaralanmasına səbəb olan terror aktı düzənlədilər. Ancaq dərk etmədilər ki, min illərlə dünyaya hökm edən Türkün qəhrəman övladlarını belə şeytani əməllərlə qorxutmaq mümkün deyil. Türkiyə prezidenti R.T.Ərdoğan Bakıya gələ bilməsə də, Azərbaycan Prezidenti cənab İlham Əliyev Ankaraya getdi. Ən çətin anlarda müdrik qərarlar qəbul edərək hədəfi sərrastcasına nişan alan, cəsarət, mətanət nümayiş etdirən ölkəmizin başçısı budəfəki Türkiyə səfəri ilə Azərbaycanın qara günlərin dostu olduğunu, ən çətin günlərdə Ankaranın yanında durduğunu, strateji müttəfiqliyimizin sarsılmaz təməllər üzərində qurulduğunu bütün dünyaya nümayiş etdirdi.
Elə oradaca qardaş, dost, strateji müttəfiq olan iki ölkənin dövlət başçılarının keçirdikləri mətbuat konfransında Türkiyə Prezidenti R.T.Ərdoğan Azərbaycan Prezidenti cənab İlham Əliyevə təşəkkür edərək bu səfərin bütün dünyaya bir mesaj olduğunu bildirərək qeyd etdi ki, bu əməllərlə türk xalqını qorxutmaq, onu mübarək yolundan döndərməkl istəyirlər, ancaq bunu bacarmayacaqlar, qısa zamanda Türkiyənin qarşısında diz çökəcəklər. Müəyyən etdiyi hədəflərinə (2023, 2053, 2071) çatmaq üçün böyük fədakarlıqlar, sarsılmaz iradə, yüksək əzmkarlıq nümayiş etdirən Türkiyənin biləyini əyib, kürəyini yerə vura bilməyəcəklər.
Dünyanın ən qüdrətli kəşfiyyat orqanlarından olan Mərkəzi Kəşfiyyat İdarəsinin kölgəsi sayılan, müstəqil siyasi, iqtisadi, hərbi təhlilləri ilə tanınan “Stratfor” Qlobal Məlumatlar Şirkətinin rəhbəri Corc Fridmanın yeni dünya nizamında Türkiyənin rolu və yeri barədə dedikləri də buna parlaq nümunə ola bilər: “Bundan sonra dünyada heç bir şey köhnəsi kimi olmayacaq, yeni bir dünya nizamı qurulacaqdır. Bunların fonunda Türkiyənin super güc olma prosesi də artıq başlamışdır. Türkiyə təbii bir liderdir. Onun köhnə Osmanlı coğrafiyasında quracağı hegemonluğu artıq indidən görmək olur. Artıq bölgəni domino etməyə başlayıb. Balkanlarda Serbiya ilə belə əlaqələri inkişaf etməkdədir. Qafqazlarda Azərbaycan və Gürcüstan ilə güclü bir ittifaq qurulub. Türkiyənin iki xarakteristik özəlliyi var. O canlı bir iqtisadiyyata və çox güclü bir orduya sahibdir. Türkiyə dünyanın ən böyük 17 iqtisadiyyatına malikdir. 2020-ci ildə isə 10 sıraya çıxması gözlənilir. Bu ölkə irəlidə Mərkəzi Asiyanı, Yaxın Şərqi və Balkanları hakimiyyəti altına alaraq qüdrətli bir ölkə olacaqdır. Ağ və Qara dənizlər Türk gölü halına gələcəkdir. İqtisadi və hərbi cəhətdən zəif olan Ərəb dünyası Türkiyənin hegemonluğunu qəbul edəcəkdir. Avropalıların Türkiyəyə marağı daha da artacaqdır. Artıq Türkiyə bölgəsəl güc olaraq tarixə yenidən geri döndü”...
Zahid Rza, “İki sahil”
Kəlbəcər- azadlığın, dövlətçilik iradəsinin və yeni inkişaf mərhələsinin simvolu