01 aprel 2016 15:34
243

Azərbaycanla ABŞ arasında fəal siyasi dialoq, faydalı əməkdaşlıq mövcuddur

Prezident İlham Əliyevin ABŞ dövlət katibi Con Kerri ilə görüşündə ifadə olunan fikirlər, göstərilən səmimiyyət ölkələrimiz arasında qarşılıqlı etimad mühitinin və ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu nümayiş etdirir

ABŞ Prezidenti Barak Obamanın dəvəti ilə cənab İlham Əliyevin Vaşinqtonda keçirilən IV Nüvə Təhlükəsizliyi Sammitində iştirakı  əməkdaşlığın sağlam təmələ əsaslanmasının, ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunun, möhkəmlənən mövqeyinin təsdiqidir. ABŞ Prezidenti Barak Obamanın azərbaycanlı həmkarına  göndərdiyi dəvət məktubundakı “Azərbaycan qlobal nüvə təhlükəsizliyi arxitekturasına qətiyyətli dəstək nümayiş etdirir. Ümidvaram ki, Azərbaycan nüvə və radioloji töküntülərinin qadağası üçün xüsusi səylərini davam etdirəcəkdir” sözləri qarşılıqlı inam və etimadın ifadəsidir.

Qeyd edək ki, ABŞ-Azərbaycan əlaqələri enerji, təhlükəsizlik və demokratiyaya dəstək istiqamətində daha çox diqqət çəkir və səmərə verir. Enerji sahəsində əməkdaşlığa dair Memorandum imzalayan tərəflərin mövqeləri dəyişməz olaraq qalır. Bütün qlobal enerji layihələrində hasilatçı, istehsalçı, tranzit ölkə kimi respublikamızın liderliyinə diqqət çəkən qitə dövlətləri kimi, ABŞ rəsmiləri də etiraf edirlər ki, Azərbaycan regionun və Avropa Birliyi dövlətlərinin enerji təhlükəsizliyinin təminatında böyük potensiala malikdir. Davam edən ikitərəfli əlaqələr regional sabitliyə də mühüm töhfələr verir. Azərbaycanın əldə etdiyi uğurlu iqtisadi və sosial tərəqqini alqışlayan və tərəfdaşlığın gücləndirilməsinə, eləcə də ortaq çağırışlar üzrə əməkdaşlığımızın dərinləşdirilməsinə sadiq qalan Azərbaycanın müəllifi olduğu, regionun, Avropanın enerji təhlükəsizliyinin təminatında vacib rola malik enerji layihələrinin həyata keçirilməsinə ABŞ-ın  dəstəyi daim yüksək dəyərləndirilir. Qarşılıqlı görüşlərdə mühüm transmilli enerji, nəqliyyat layihələrinin reallaşdırılmasında, iqtisadiyyatın şaxələndirilməsində, regional sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsində və digər məsələlərin həllində Prezident İlham Əliyevlə sıx əməkdaşlıq siyasətinə sadiqlik ifadə olunur.

Prezident İlham Əliyevin IV Nüvə Təhlükəsizliyi Sammitində iştirakı bir daha təsdiqləyir ki, ABŞ-Azərbaycan əlaqələri həmişə sıx, səmimi olmuş və strateji tərəflər arasındakı münasibətlər regional təhlükəsizliyə, Avropa ölkələrinin enerji ilə təminatına böyük töhfədir.

Reallıq budur ki, Prezident İlham Əliyevin Nüvə Təhlükəsizliyi Sammitinə dəvət olunması ABŞ-ın Azərbaycanın dünyada artan nüfuzuna və beynəlxalq münasibətlər sistemindəki roluna verdiyi dəyər, iki ölkə arasında inkişaf edən dostluq və tərəfdaşlığın təzahürüdür. ABŞ-da səfərdə olan cənab İlham Əliyevin ABŞ dövlət katibi Con Kerri ilə görüşündə ifadə olunan fikirlər, göstərilən səmimiyyət ölkələrimiz arasında qarşılıqlı etimad mühitinin və ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu nümayiş etdirir.

Hər iki dövləti maraqlandıran məsələlərlə əlaqədar səmimi söhbət zamanı ABŞ-ın dövlət katibi Prezident İlham Əliyevə Azərbaycanın iqtisadi imkanlarının, eləcə də regional təhlükəsizlik münasibətlərinin inkişaf etdirilməsi sahəsində fəaliyyətinə, səylərinə görə təşəkkürünü ifadə etmişdir. İki ölkə arasında bir çox sahələri əhatə edən və üzərində birgə iş aparılan qarşılıqlı maraqların olduğu xüsusilə qeyd olunmuşdur.

Azərbaycanın liderliyi və ABŞ-ın fəal dəstəyi ilə ilk dəfə Xəzər və Aralıq dənizlərini birləşdirən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərinin tikintisi kimi əhəmiyyətli layihələr reallaşmışdır. Azərbaycanın təşəbbüsü, siyasi iradəsinin nəticəsi, qətiyyəti ilə həyata keçirilən “Cənub Qaz Dəhlizi” layihəsi enerji təhlükəsizliyinə, mənbələrin şaxələndirilməsinə və bütün iştirakçı tərəflərə fayda verən bir layihədir. Bu mənada ABŞ dövlət katibi “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılmasında Azərbaycanın liderliyini yüksək qiymətləndirmiş, Avropanın uzunmüddətli strateji maraqlarının təmin edilməsi, enerji mənbələrinin şaxaləndirilməsi üçün layihənin ciddi addım olduğunu vurğulamışdır.

Azərbaycanın Əfqanıstan məsələsində Vaşinqton üçün mühüm əhəmiyyətə malik olması görüş zamanı layiqincə qiymətləndirilmişdir. İqtisadi inkişafı ilə fərqlənən Azərbaycanın uğurlarını yüksək dəyərləndirən Con Kerri sülhməramlı əməliyyatlara verdiyi töhfəsinə, Əfqanıstandakı səylərinə görə Azərbaycana minnətdarlığını ifadə etməklə bildirmişdir ki, Azərbaycanla ABŞ regional təhlükəsizlik məsələləri sahəsində də tərəfdaşdırlar. Azərbaycan Əfqanıstandakı əməliyyatlara öz logistika dəstəyini təmin edir,  Alyansın təlimlərində uğurla iştirak edən əsgər və zabitlərimiz NATO hərbçiləri ilə birlikdə davamlı sülhün və təhlükəsizliyin təmin edilməsinə öz töhfələrini verirlər.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən olan ABŞ-ın Dağlıq Qarabağ probleminin nizamlanmasında tutduğu mövqe ölkəmiz üçün önəmlidir.  Münaqişə ilə bağlı Birləşmiş Ştatların mövqeyini ifadə edən Ağ Evin rəsmisi ABŞ-ın Dağlıq Qarabağ probleminin nəhayət öz həllini tapdığını görmək istədiyini bildirmişdir.

Azərbaycan Prezidentinin okeanın o tayına səfəri göstərir ki, ölkəmizlə ABŞ arasında fəal siyasi dialoq, müxtəlif sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra ABŞ şirkətləri Azərbaycan iqtisadiyyatına 10 milyard dollardan artıq sərmayə yatırmışdır ki, bu da fəal iqtisadi əməkdaşlığın nümunəsi kimi səciyyələndirilməlidir.

Prezident İlham Əliyevin ABŞ dövlət katibi Con Kerri, ticarət naziri Penni Pritzker və digər rəsmi şəxslərlə görüşü, aparılmış müzakirələr iki ölkə arasında dostluq münasibətlərinin intensiv inkişafında öz rolunu oynayacaqdır.

Antiterror koalisiyasının etibarlı üzvü kimi də Azərbaycanın mövqeyi ABŞ rəsmiləri tərəfindən dəstəklənir. Həmişə olduğu kimi, yenə də  regional, enerji, dəniz, sərhəd təhlükəsizliyi sahəsində görülən işlər, beynəlxalq terrorizmə qarşı mübarizədə əməkdaşlıq,  təmsil olunduqları nüfuzlu təşkilatlarda birgə fəaliyyət prinsipləri ətrafında aparılan müzakirələr səmərəli olur.

Xuraman İsmayılqızı, “İki sahil”