Azərbaycanın uğurlarını kənardan həzm edə bilməyənlərin çoxluğu heç kimə sirr deyil. Bəziləri bundan sadəcə narahatlıq keçirir, digərləri isə bu uğurları yox etmək, Azərbaycanda anarxiya yaratmaq və ya ölkənin öz istəklərinə uyğun idarə edilməsi üçün əllərindən gələni edirlər. Təcrübə göstərir ki, bu məqsədlə ölkəmizə qarşı aparılan kampaniyada sapı özümüzdən olan baltalardan istifadə edilməsi onların işinin səmərəliliyini artırır. Hərçənd, bütün hallarda sonda nəticə sıfıra bərabər olur, hətta bəzən onların gözlədiyinin əksinə olaraq mənfi effekt verir.
Anlaşılmaz, sirr olan isə başqa şeydir - "balta sapı" olmağa bilərəkdən razılıq verən və "baltaya sap" olduğunu bilməyənlərin düşüncəsiz və nankor hərəkətləri.
Məlumdur ki, Qərbdə bir çox siyasətçilər, jurnalistlər və insan hüquq və azadlıqlarının müdafiəçiləri absurd iddialar, cəfəng fikirləri ilə Azərbaycana təzyiq etməyə çalışırlar.
Həmin kənar qüvvələr Azərbaycandakı maraqlarını həyata keçirmək üçün müxtəlif vasitələrdən, o cümlədən qeyri-hökumət təşkilatlarının və fərdlərin xidmətlərindən istifadə edirlər. Azərbaycanı dalana dirəyib ondan istədiyini almaq üçün həmin qüvvələr "mülki cəmiyyət və demokratiya quruculuğu" məqsədi ilə layihələrin həyata keçirilməsi adı altında zaman-zaman özlərinin bu "vasitələri"ni mütəmadi yemləyiblər. "Qazan"da isə müxtəlif fondlar, institutlar, təşkilatlar tərəfindən ayrılan milyonlarla dollar dəyərində olan qrantlar, maliyyə vəsaitləri olub. Bu vəsaitlər müxalifətin qeyri-qanuni maliyyələşdirilməsinə, "mübariz ruhlu" gənc müxalifətçilərə dövlət strukturlarının "zərərsizləşdirilməsi" üçün seminar və treninqlərin təşkilinə və s. sərf edilib. Lakin onlar bilmirdilər ki, Azərbaycan nə Gürcüstan, nə Qırğızıstan, nə Ukrayna, nə də hər hansı ərəb ölkəsidir və ətək-ətək pul tökərək burada hər hansı rəngli və güllü inqilablar vasitəsilə qarşıdurma və özbaşınalıq yaratmaq Azərbaycan cəmiyyətinə yaddır.
Amma sifarişçilər çox gözəl bilirdilər ki, bu "demokratiya qazanı"ndakı bütün "tikələr"in heç də hamısı ünvanına çatmır və "Mozalan"ın məşhur epizodlarından birində olduğu kimi uşaqların yox, "tərbiyəçi"nin qarnına gedir. Amma onlar buna göz yumurdular. Çünki əsas məsələ məqsədə nail olmaq idi. Sifarişçilər "dəniz quldurları" kimi göz yumsalar da, kəşfiyyatçı səbri ilə hadisələri diqqətlə izləyən Azərbaycanın hüquq-mühafizə sistemi ayıq-sayıq olduğunu göstərdi. Artıq çoxları bu ayıq-sayıqlığın nəticəsi olaraq "yediyi tikə"ləri qazamatlarda həzm edəsi oldular. Lakin ölkə rəhbərliyinin, ələlxüsus prezident İlham Əliyevin öz vətəndaşlarına qarşı humanistliyi bir çoxları kimi onları da əhatə elədi.
Ağıllı, müdrik insanlar adətən nankor olmurlar. Lakin bəziləri bütün qərəzli mövqeyinə və cinayət əməllərinə baxmayaraq, dövlət başçısının onlara qarşı bu xeyirxah jestini qiymətləndirmək əvəzinə azadlığa çıxan kimi yenidən nankorluğunu büruzə verməyə başladılar. Bu isə iradə nümayişi yox, məhz onların zəifliklərinin əlamətidir.
İntiqam Əliyev, Rəsul Cəfərov və Anar Məmmədli ötən həftə azadlığa çıxdılar.
Qeyd edək ki, onlar özlərini "siyasi məhbus" və ya "vicdan məhbusu" adlandırsalar da, konkret cinayət tərkibli səbəblər ucbatından Cinayət Məcəlləsinin müvafiq maddələri ilə həbs edilmişdilər.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli 2013-cü il dekabrın 17-də həbs olunub və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşqul olaraq külli miqdarda gəlir əldə etməklə vergidən yayınmaqda və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinib və CM-nin 179.3.2, 192.2.2, 213.1, 308.2, 313-cü maddələri ilə ittiham olunub. Barəsində 26.05.2014-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 5 il 6 ay həbs cəzası çıxarılmışdı. Lakin prezidentin müvafiq sərəncamı ilə Novruz bayramı ərəfəsində əfv olunub.
Hüquqi müdafiə və Maarifləndirmə cəmiyyətinin rəhbəri Rəsul Cəfərov 2014-cü il avqustun 2-də həbs edilib və qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma əməllərində təqsirli bilinib. CM-nin 192.2.2, 213.1, 308.2, 179.3.2, 313 maddələri ilə ittiham olunub. Barəsində 16.04.2015-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 6 il 6 ay həbs cəzası çıxarılmışdı. Lakin o da prezidentin sərəncamı ilə Novruz bayramı ərəfəsində əfv olundu.
Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev 2015-ci il avqustun 8-də saxlanılıb və Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il hər hansı vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bir neçə gün öncə isə Ali Məhkəmənin qərarı ilə onun barəsində 5 il müddətinə şərti həbs cəzası verilməsi barədə qərar qəbul edilib.
İttiham sənədlərinə və məhkəmə materiallarına əsasən, onların hamısı qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və bu zaman dövlətə vergi verməkdən yayınmışdılar. Qısası, müxtəlif beynəlxalq fondlar və xarici təşkilatların qrant şəklində ayırdıqları pullar şüarçı hüquq müdafiəçiliyi fəaliyyəti və qara mühasibatlıq yolu ilə mənimsənilib.
İndi bu "üçlük" dünən Britaniyanın məşhur "The Guardian" qəzetində "Əgər Azərbaycan demokratik dövlətdirsə, onda niyə bizdə insanları baxışlarına görə həbs edirlər?" başlıqlı birgə məqalə ilə çıxış ediblər. Müəlliflər qeyd edirlər ki, onların hamısı zərərçəkəndirlər, Azərbaycanın məhkəmə sisteminin qərarlarının "qurbanı"dırlar və fərqli baxışlarına görə "cəzalandırılıblar".
"Müqəddəs üçlük" müxtəlif filoloji ifadələrlə Qərbdən acizanə şəkildə xahiş edirlər ki, onlara və onların ölkədəki qardaşlarına kömək etsin. Onlar isə komanda verilən kimi bunun əvəzini demokratiya, insan hüquqları uğrunda bəyanatlarla verməyə hazırdırlar. Müəlliflər sifarişçilərin qarşısında bəraət almaq və onlara "yağlı tikələr" qazandırmış keçmiş fəaliyyətlərini davam etdirmək üçün alışıb-yanır, bununla da bildirmək istəyirlər ki, onlar guya güclü və tanınmış şəxsiyyətlərdir və buna görə də rəsmi Bakı onların tələblərini, daha doğrusu, ultimatumlarını qəbul etməyə borcludur.
Lakin onlar unudurlar ki, özlərini "yandırmışlar" sifarişçi qüvvələr üçün birdəfəlik istifadə edilən vasitələrdir. Onlar hələ də anlamırlar ki, həmin qüvvələr artıq bu yetirmələrinin fiaskosu ilə barışıblar və özlərinə başqa, hələ "yanmamış balta sapları" axtarırlar. Çünki onlar Azərbaycanın uğur ağacını kökündən baltalamaq planlarından vaz keçmək fikrində deyillər. Nəhayət, bu "müqəddəs üçlük" sadəcə vasitə kimi istifadə edildiklərini hələ də anlamaq istəmir. Hərçənd, bu üçlükdə öz intellektual düşüncəsi və səbrli davranışı ilə seçilən İntiqam Əliyevdən daha müdrik hərəkət gözləmək olardı...
"The Guardian" özünün solçu mövqeyi ilə tanınsa da, bu məşhur qəzetin rəhbərliyi istər-istəməz bir faktı qəbul edib. Bu fakt isə ondan ibrətdir ki, Azərbaycan prezidenti İlham Əliyev ölkədə güclü hakimiyyətə, insan hüquq və azadlıqlarına, ölkənin inkişafı və mövqelərinin möhkəmlənməsinə istiqamətlənmiş ən səmərəli və işgüzar dövlət idarəetməsi mexanizmi yarada bilib.
İntiqam Əliyev, Anar Məmmədli və Rəsul Cəfərov üçlüyünün "azadlıqdan həzz alması" üçün isə onlar əvvəlcə azadlıq prinsipinin özünün nədən ibarət olmasını anlamalıdırlar. Axı azadlıq insanı azadlıq anlayışına yalanla biçilmiş başqa don geydirməmək məsuliyyətindən heç də azad etmir.
Ən böyük azadlıq özündən heç bir balta üçün sap düzəldilməsinə imkan verməyəcək ruha sahib olmaqdır...
Milli.Az
Kəlbəcər- azadlığın, dövlətçilik iradəsinin və yeni inkişaf mərhələsinin simvolu