“Məişət zorakılığının qarşısının alınması haqqında” Qanuna əsasən məişət zorakılığından zərərçəkmiş şəxslərə mühafizə orderi verilir. Mühafizə orderi qısamüddətli və uzunmüddətlidir. Məişət zorakılığı törətmiş şəxsin hərəkətləri cinayət məsuliyyəti yaratmadıqda, lakin bu hərəkətlər nəticəsində zərərçəkmiş şəxsin hüquqları və qanuni mənafeləri pozulduqda, zərərçəkmiş şəxs yaşadığı (olduğu) yer üzrə yerli icra hakimiyyətinə müraciət edə bilər. Zərəçəkmiş şəxsin ərizəsinə əsasən məişət zorakılığını törədən şəxsə həmin və ya ona oxşar hərəkətlərin təkrarlanmaması barədə yazılı xəbərdarlıq edilə və zərərçəkmiş şəxsə qısamüddətli mühafizə orderi verilə bilər.
Bunu “İki sahil”ə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin Məişət zorakılığının qarşısının alınması üzrə sektor müdiri Vəfa Ələkbərova bildirdi.
O, qeyd etdi ki, yerli icra hakimiyyətləri yanında yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üçün monitorinq qrupu məişət zorakılığı ilə bağlı müraciət edilən vaxtdan 24 saat ərzində törədən şəxsə xəbərdarlıq edir və dərhal zərərçəkmiş şəxsə 30 gün müddətinədək qısamüddətli mühafizə orderi verir. Məişət zorakılığını törədən şəxs xəbərdarlıq edilməsindən məhkəməyə şikayət verə bilər. Məişət zorakılığı ilə bağlı hərəkətlər törətmiş şəxsin qısamüddətli mühafizə orderinin tələblərinə əməl etməməsi uzunmüddətli mühafizə orderinin verilməsi üçün əsas ola bilər. Məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxs verilmiş xəbərdarlığa əməl etmədikdə, zərərçəkmiş şəxs və ya müvafiq icra hakimiyyəti (yerli icra hakimiyyəti) orqanı uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Uzunmüddətli mühafizə orderi 30 gündən 180 gün müddətinə verilir.
Vəfa Ələkbərova bildirdi ki, məişət zorakılığından zərərçəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Mülki Prosessual Məcəllənin (MPM) 355-1.2-ci maddəsinə əsasən uzunmüddətli mühafizə orderinin verilməsi barədə ərizə zərərçəkmiş şəxsin yaşadığı (olduğu) yer üzrə verilir.Uzunmüddətli mühafizə orderinin verilməsi barədə ərizəyə məhkəməyə təqdim olunduqdan sonra 3 gün müddətinə baxılmalıdır. Ərizəyə, məişət zorakılığından zərər çəkmiş şəxsin və məişət zorakılığını törətmiş şəxsin iştirakı ilə baxılır. Ərizəyə baxılmasında məişət zorakılığı ilə bağlı araşdırmanı aparmış dövlət orqanının nümayəndəsinin iştirakı məcburidir. Tərəflərin şəxsi və ailə həyatı sirrinin yayılmasının qarşısının alınması, habelə yetkinlik yaşına çatmamış şəxslərin maraqlarının təmin edilməsi məqsədi ilə uzunmüddətli mühafizə orderinin verilməsi barədə işə qapalı məhkəmə iclasında baxılır. İşə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamə qəbul edildikdən dərhal sonra məhkəmə iclasında elan olunur.
Uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamədə məişət zorakılığını törətmiş şəxsə aşağıdakılardan biri və ya bir neçəsi qadağan edilir:
• məişət zorakılığının təkrar törədilməsi;
• zərər çəkmiş şəxsin olduğu yer ona məlum olmadıqda həmin şəxsin axtarılması;
• zərər çəkmiş şəxsə narahatlıq gətirən digər hərəkətlərin edilməsi.
Uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamədə yuxarıda qeyd edilənlərlə yanaşı aşağıdakılardan biri və ya bir neçəsi göstərilir:
• məişət zorakılığını törətmiş şəxsin yetkinlik yaşına çatmamış uşaqları ilə ünsiyyət qaydaları;
• yaşayış sahəsindən və ya birgə əmlakdan istifadə qaydalarının müəyyən edilməsi;
• zərər çəkmiş şəxsə tibbi və ya hüquqi yardımın göstərilməsi ilə bağlı xərclərin məişət zorakılığını törətmiş şəxs tərəfindən ödənilməsi şərtləri;
• uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamənin icra edilməməsinə görə məsuliyyətin izah edilməsi barədə məlumat.
Məişət zorakılığından zərərçəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi haqqında qətnamə dərhal icra edilir.
Yaqut Ağaşahqızı, “İki sahil”