İlin əvvəlindən Orta Dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu - TİTR) üzrə yükdaşımalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 77,2 faiz artaraq 1,3 milyon tonu ötüb.
“İki sahil” xəbər verir ki, bu barədə Qazaxıstan və Azərbaycanın dəmir yolu administrasiyaları rəhbərlərinin Qazaxıstan yükgöndərənləri və ixracatçıları ilə görüşündə danışılıb.
Görüşdə iştirakçılar gələcək əməkdaşlıq və Orta Dəhliz üzrə yüklərin daşınması üçün əlverişli şəraitin yaradılması ilə bağlı məsələləri müzakirə ediblər.
Tərəflər yüklərin çatdırılma müddətinin azaldılması, hərəkətdə olan qatarların yeri barədə məlumatlandırma prosesinin təkmilləşdirilməsi, inzibati maneələrin aradan qaldırılması, liman infrastrukturunun genişləndirilməsi ilə bağlı TİTR-in gələcək inkişafı məsələlərini birgə həll etmək barədə razılığa gəliblər. Bildirilib ki, yük axınlarının rahat və sürətləndirilmiş keçidi və yaranan problemlərin operativ həlli üçün birgə virtual dispetçer mərkəzi fəaliyyət göstərir.
Bundan əlavə, Qazaxıstan və Azərbaycanın yükgöndərənləri və dəmiryolçuları arasında yaradılmış birbaşa əlaqənin daşımalarla bağlı problemlərin daha səmərəli həllinə töhfə verəcəyi vurğulanıb.
Orta dəhliz regionun bir neçə ölkəsindən keçən, Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət yoludur. Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçir. Daha sonra Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır.
Nazir: Azərbaycanın Mərkəzi Asiya Dövlət başçılarının Məşvərət Görüşündə iştirakı region üçün yeni imkanlar açır
Mikayıl Cabbarov: Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 2025-ci ildə 50 faizdən çox artıb
SOCAR Türkmənistanda perspektivli yataqların işlənməsində iştirak etməkdə maraqlıdır – nazir
Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun növbəti hissəsi tikilir