29 iyul 2023 18:56
311

1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan dili günüdür

Ümummilli lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı fərmana əsasən, avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.

Hər bir xalqın milli mədəniyyətinin tərkib hissələrindən birini həmin xalqın əlifbası, yazı sistemi təşkil edir. Əlifba xalqın mədəniyyət silahı, milli mənəvi sərvətidir. Mədəni və mükəmməl əlifba əsasında aparılan yazı sistemi xalqın maddi-mədəni nailiyyətlərinin yaranmasında, yaşamasında və inkişafında başlıca rol oynayır.Azərbaycan xalqının əlifbası tarixin müxtəlif dövrlərində bir neçə dəfə dəyişdirilməyə məruz qalıb. Çar Rusiyası tərəfindən işğal olunana qədər xalq ərəb əlifbasından istifadə edirdi.

Daha sonra əlifba kiril qrafikalı əlifba ilə dəyişdirildi. XX əsrin problemlərindən biri əlifba problemi idi,o dövrün mütəfəkkirləri,ziyalıları,dilçi alimləri Azərbaycan xalqının kiril qrafikalı əlifbasının dəyişdirilməsi və Azərbaycan dilinin dövlət dili kimi qanuniləşdirilməsi, onun daha fəal işlədilməsi üçün səy göstərirdilər.latın qrafikalı yeni müstəqil əlifbaya keçməyin zəruriliyini elmi faktlarla əsaslandıran ilk alim məhz Afad Qurbanovdur. 1990-cı il avqustun 1-də onun təşəbbüsü ilə Azərbaycan Əlifba Komissiyası yaradılıb və əlifba mütəxəssisi kimi bilik və bacarığı nəzərə alınaraq o komissiyanın sədri təyin edilib.

Azərbaycan dilinin dövlət dili elan olunması ilə bir çox ziyalılar mübarizə aparmış,Sovet hakimiyyətindən tələb etmişdilər. 1978-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunan üçüncü konstitusiyada Azərbaycan SSRin dövlət dili Azərbaycan dili elan olunmuşdur. Dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir.Onu qorumaq, təbliğ etmək hər bir azərbaycan vətəndaşının borcudur. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır. Bunlarsız isə vətənpərvərlik formulu yoxdur”.

Günel Süleymanlı,
YAP Xətai rayon təşkilatının "General Şıxlınski 56/2" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü