07 aprel 2016 14:57
223

Azərbaycan etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir

IV Nüvə Təhlükəsizliyi Sammiti ABŞ-Azərbaycan əlaqələrinin yüksələn xətt üzrə inkişafına bir daha işıq saldı

Dünyanın enerji təhlükəsizliyinin təmin edilməsi, beynəlxalq terrorizmə qarşı mübarizə, münaqişə  zonalarında sülhün və sabitliyin əldə  edilməsində hər iki dövlətin- ABŞ və Azərbaycanın  birgə iştirakı strateji tərəfdaşlıq nümunəsi kimi dəyərləndirilir. İki ölkə arasında əməkdaşlıq üç istiqamətdə uğurla inkişaf edir: təhlükəsizlik, energetika və demokratiya.

Bir müddət öncə Bakıda keçirilən  “Cənub” Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısı, eyni zamanda bu günlərdə   Vaşinqtonda baş tutmuş IV Nüvə Təhlükəsizliyi Sammiti ABŞ-Azərbaycan münasibətlərinin bugünkü səviyyəsinə bir daha işıq saldı. Nazirlərin toplantısında enerji təhlükəsizliyinin hər bir ölkənin milli təhlükəsizliyinin vacib elementi olduğunu önə çəkən ABŞ Dövlət Departamentinin beynəlxalq enerji  məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstayn  beynəlxalq neft-qaz bazarında  çətinliklərin yaşandığı indiki dövrdə  Azərbaycanın “Cənub Qaz Dəhlizi”nin reallaşmasına  sadiqliyini yüksək dəyərləndirmişdir. Eyni fikirlər IV Nüvə Təhlükəsizliyi Sammiti çərçivəsində dövlətimizin başçısı İlham Əliyevin ABŞ rəsmiləri ilə görüşlərində də səsləndirildi. Ölkəmiz malik olduğu təbii resurslardan səmərəli istifadə edərək iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrlə Qərblə Şərqi, Şimalla Cənubu birləşdirir, ölkələr, xalqlar arasında dostluq körpüsünə öz töhfələrini artırır. Çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən “Cənub Qaz Dəhlizi”nin perspektivləri, Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolu Sammitdəki çıxışlarda da xüsusi  önə çəkildi. 

Ölkə, eyni zamanda dünya mətbuatında da  ABŞ-Azərbaycan əlaqələrinin qarşılıqlı maraqlar, bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında inkişafı qeyd olunaraq, bu əsas məqam vurğulanır ki,    ABŞ Prezidenti Barak Obamanın Azərbaycan Prezidenti  İlham Əliyevi  IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət etməsi iki ölkə  arasında  münasibətlərin yüksələn xətlə inkişafının, qarşılıqlı əməkdaşlıqda  maraqlı olmasının təsdiqidir. Dövlətimizin başçısı İlham Əliyev Sammitdəki çıxışında bildirmişdir: “Biz bu dəvəti  dostluq, tərəfdaşlıq və Azərbaycanın regionda oynadığı rolun təzahürü kimi qəbul edirik.”

Antiterror koalisiyasının etibarlı üzvü kimi də Azərbaycanın mövqeyi ABŞ rəsmiləri tərəfindən bəyənilir. Bu reallıq da bəllidir ki, 2001-ci ildə ABŞ-da baş verən terror aktına ilk münasibətini bildirən Azərbaycan dövləti oldu. Ulu öndər Heydər Əliyev beynəlxalq terrorizmə qarşı birgə mübarizənin gərəkliyini, bunu əməli işdə sübut etməyin vacibliyini bildirdi.  İraq və Əfqanıstana qeyri-hərbi yüklərin daşınmasında Azərbaycan ABŞ üçün xüsusi əhəmiyyət kəsb edən məkandır. ABŞ-Azərbaycan münasibətlərində sülhün qorunmasına yönəlmiş hərbi əməkdaşlıq  təqdir olunur,  NATO qüvvələri tərkibində azərbaycanlı əsgərlərin  münaqişə  bölgələrindəki beynəlxalq standartlara uyğun  hazırlığı barədə  müsbət rəylər bildirilir. 

ABŞ-ın strateji əhəmiyyət verdiyi digər  məsələ demokratik islahatlar sahəsində əməkdaşlıqdır. Ölkəmizin bu sahədə qazandığı uğurlar iki ölkə arasında əlaqələrin inkişafında mühüm rol oynayır. Azərbaycanı Cənubi Qafqaz regionunda demokratiyanın mənbəyi hesab edən  rəsmi Vaşinqton ölkəmizə bu istiqamətdə hər cür dəstəyi göstərməyə hazır olduğunu bildirir,  həm regionda, həm də dünyada  sabitliyə töhfə verən,  çiçəklənən və demokratik ölkə kimi  Azərbaycanın suverenliyi və inkişafını qlobal tərəqqi, nailiyyət kimi qiymətləndirir.

Bir əsas məqamı da nəzərə alaq ki, ABŞ  yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupuna həmsədr dövlətdir. Bu baxımdan da ABŞ-ın mövqeyi ölkəmiz üçün xüsusi önəm daşıyır. Cənab İlham Əliyev Sammitdəki çıxışında əsas diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəldərək bildirmişdir ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etməsinə baxmayaraq, bu sənədlər kağız üzərində qalmaqdadır. Cənab İlham Əliyev bir daha Azərbaycanın münaqişənin həlli ilə  bağlı dəyişməz mövqeyini bəyan etmişdir.  

Ümumiləşdirilmiş şəkildə desək, bu gün Azərbaycan müstəqil siyasət yürüdən dövlət olaraq beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir.

Yeganə Əliyeva, “İki sahil”