Dövlət başçısı İlham Əliyevin «Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında» Sərəncamı bir daha tarixi Zəfərimizin təqdimatıdır
Azərbaycan 30 ilin işğalına 44 gündə son qoydu. Şanlı Zəfərimiz ölkəmizin malik olduğu imkanların təqdimatı oldu. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun yazdığı Zəfər tarixinin yaratdığı reallıqlar fonunda dünya ədalət və beynəlxalq hüquq məfhumlarının mövcudluğunu təsdiqlədi və belə bir reallığı qəbul etdi ki, bu prinsiplərin tətbiqi üçün vahid mexanizm müəyyənləşdirilməlidir. Bu mühüm məqamı da qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə İkinci Qarabağ müharibəsinin başlandığı tarix- 27 sentyabr ölkəmizdə Anım Günü, Qarabağın tacı Şuşanın işğaldan azad edildiyi tarix- 8 noyabr Zəfər Günü kimi təsis edildi. Müzəffər Ordumuzun yazdığı tarix sabah daha da güclü inkişaf edəcək, çiçəklənəcək Azərbaycan üçün möhkəm bünövrədir. Bu, eyni zamanda, regionda dayanıqlı və uzunmüddətli sülhü, əmin-amanlığı və təhlükəsizliyi təmin edən mühüm amildir.
Qeyd edilən sərəncamlarda da vurğulandığı kimi, Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr tarixi Anım Günü kimi təsis edildi.
O da məlumdur ki, 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etmişdir. Azərbaycanın döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı. Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu. 30 illik işğal dövründə Ermənistan tərəfindən şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz viran edilmiş, mədəni irsimizə böyük zərbə vurulmuş, tarixi-mədəni və dini abidələrimiz, məscidlərimiz dağıdılaraq vandalizmə məruz qalmışdır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün ölkə Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına başlanılmışdır. Artıq Zəngilan rayonunun Ağalı kəndinə, Tərtər rayonunun Talış kəndinə və Laçın şəhərinə məcburi köçkünlərin qayıdışı təmin olunmuşdur və bu istiqamətdə işlər davam etdirilir.
Dövlət başçısı İlham Əliyev Vətən müharibəsində əldə olunmuş tarixi qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə 31 iyul 2023-cü il tarixdə «Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında» Sərəncam imzaladı.
Təbii ki, bu mühüm addımlar indiki və gələcək nəsillərə bir çağırışdır. Dövlət başçısı İlham Əliyev daim bildirir ki, gənclərimiz milli ruhda tərbiyə olunmalı, tariximizi, dilimizi, milli-mənəvi dəyərlərimizi qorumalı və inkişaf etdirməlidirlər. Azərbaycanın çoxəsrlik tarixinin yazılan Zəfər səhifəsi milli kimliyimizin, qürurumuzun təqdimatıdır. Bu tarixi qanları, canları ilə yazan Vətən oğullarının həyat yolu gənclərimiz üçün bir vətənpərvərlik məktəbidir. Cənab İlham Əliyevin sözügedən Sərəncamına uyğun olaraq hər il bu tarixlər işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri kimi təntənəli şəkildə qeyd ediləcək. 26 avqust – Laçın şəhəri günü: 4 oktyabr – Cəbrayıl şəhəri günü; 17 oktyabr – Füzuli şəhəri günü; 20 oktyabr – Zəngilan şəhəri günü; 25 oktyabr – Qubadlı şəhəri günü; 8 noyabr – Şuşa şəhəri günü; 20 noyabr – Ağdam şəhəri günü və 25 noyabr – Kəlbəcər şəhəri günü.
Artıq 3 ildir ki, torpaqlarımızın işğal deyil, işğaldan azad edildikləri tarixləri qeyd edirik. Dövlət başçısı İlham Əliyevin sözügedən Sərəncamı tarixi Qələbəmizin əbədiləşdirilməsi ilə yanaşı, şəhərlərimizin işğaldan azad edildikləri tarixlərin qeyd edilməsi ilə gəncləri daha dolğun şəkildə məlumatlandırmaq baxımından xüsusi əhəmiyyət daşıyır. Bizə bu sevinci yaşadan, torpaq həsrətinə son qoyan Zəfərimizin qəhrəmanlarını unutmamalı, onların vətənpərvərlik məktəbi kimi dəyərləndirilən həyat yolunu daim vərəqləməliyik. Vətən müharibəsi yüzlərlə qəhrəmanımızı dünyaya təqdim etdi. Qəhrəmanlığın əsasında isə vətənpərvərlik, torpaq sevgisi dayanır. Azərbaycan gəncliyi dövlət başçısı İlham Əliyevin «İrəli!» əmrini məhz torpağa, Vətənə bağlılıqları, sevgiləri ilə cavablandırdılar. Artıq «Yetər!» deyib silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək, 30 ilin işğalına son qoymaq üçün ayağa qalxdılar. Əbəs yerə deyilmir ki, torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!
Ermənistan üzərində Zəfərinə Füzuli şəhərinin azad olunması ilə başlayan, Şuşanın işğaldan azad edilməsi ilə işğalçı dövləti kapitulyasiya aktını imzalamağa məcbur edən Azərbaycan 44 günün hər günü bir rayonun, şəhərin, neçə-neçə yaşayış məntəqəsinin, strateji yüksəkliyin işğaldan azad edilməsi ilə tarixə yazıldı. İkinci Qarabağ müharibəsinin ilk günü Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri və Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edildi. İlk şəhidləri məhz bu yerlərdə verdik.
Dövlət başçısı İlham Əliyevin xalqa müraciətlərinin, həmin dövrdə xarici mətbuata müsahibələrinin mahiyyətində dayanan «Şuşasız bizim işimiz yarımçıq olar» bəyanatı özündə bütün məqamları, ən əsası məqsədi birləşdirdi. Alınmaz qalanın mənfur düşməndən azad edilməsi böyük bir möcüzə idi. Şuşa əməliyyatı dastana çevrildi, dünyaya səs saldı, hazırda beynəlxalq ekspertlər bu əməliyyatı öyrənmək, düzgün araşdırmaq üçün səylər göstərirlər. İkinci Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. Bəzi aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli müharibə Kollecinin və Seton Hall Universitetinin diplomatiya və beynəlxalq münasibətlər məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər.
Azərbaycanın hər bir sahədə yeniliklərə imza atmasında iqtisadi imkanları əhəmiyyətli rol oynayır. Belə ki, iqtisadi və maliyyə imkanlarının genişlənməsi fonunda təkmil islahatların həyata keçirilməsi, yeni təcrübələrin tətbiqi qaçılmazdır. Bu baxımdan ki, hər bir işin əsasında konkret Proqramın icrası nəzərdə tutulur ki, bu da özlüyündə maliyyə məsələsini, icra mexanizmini aktuallaşdırır. Təkmil inkişaf modelini nümayiş etdirən Azrbaycan dünyada ən islahatçı ölkə kimi tanınır. 44 gün davam edən İkinci Qarabağ müharibəsində istər döyüş meydanında, istərsə də informasiya cəbhəsində üstünlüyünü nümayiş etdirən Azərbaycan son iki ildən artıq dövrdə iqtisadi və siyasi müstəqilliyin möhkəmliyi fonunda dünya hərb tarixində yenilik olan bu mühüm addımı atmağa nail oldu. Müharibənin bitməsindən dərhal sonra işğaldan azad edilmiş ərazilərin bərpasına və yenidən qurulmasına start verilməsi, cənab İlham Əliyevin mütəmadi olaraq bu ərazilərə səfərləri, bu torpaqların malik olduğu iqtisadi imkanlardan səmərəli istifadə etmək üçün Fərman və sərəncamlar imzalaması, Milli Prioritetlərin təsdiqlənməsi və sair kimi mühüm addımlar Azərbaycanın öz tarixi torpaqlarına qovuşmasını necə səbirsizliklə gözlədiyini nümayiş etdirir. İki ildə görülən işlərin miqyasının genişliyi də deyilənlərin bariz nümunəsidir. Beynəlxalq standartlara cavab verən hava limanlarının qısa müddətdə tikilməsi, Füzuli və Zəngilan Beynəlxalq Hava Limanlarının istifadəyə verilməsi, avtomobil, dəmir yollarının çəkilişi və istifadəsi Azərbaycanın bərpa işlərini qısa zamanda başa çatdırmaq üçün nə qədər səy göstərdiyini ortaya qoyur. Bu yollar həm soydaşlarımızı, həm də qonaqları işğaldan azad edilmiş ərazilərimizə qovuşdurur. Bu yollar böyük inkişaf, tərəqqi, genişmiqyaslı bərpa və quruculuq deməkdir. Erməni vandallarının viran qoyduqları ərazilərdə hazırda vəziyyət tamamilə fərqlidir.
Tarixi Zəfərimizdən bəhs edərkən «Füzuli şəhərinin azad edilməsi bizə əlavə mənəvi güc verdi. Onu da deməliyəm ki, bizim uğurlu əməliyyatlarımız məhz Füzuli rayonundan başlamışdır» söyləməklə tarixi Zəfərimizin 27 sentyabr tarixində məhz Füzulinin azad edilməsi ilə başlandığını önə çəkən dövlət başçısı İlham Əliyev müharibə bitdikdən sonra ilk səfərini də məhz Füzuli və Cəbrayıl rayonlarına, həmçinin Füzuli və Cəbrayıl şəhərlərinə etmişdir. İlk infrastruktur layihələrinin həyata keçirildiyi Füzuli şəhərinin Baş planı, rayonun kəndlərinin inkişaf konsepsiyası hazırlandı. Füzuli rayonunda icra edilən layihələr həm ölkəmizin məqsədini, həm də potensialını ortaya qoydu. Öncə Füzuli-Şuşa, dövlət başçısı İlham Əliyevin Zəfər yolu adlandırdığı yol istifadəyə verildi. Sonra Füzuli Beynəlxalq Hava Limanı Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı ilə istifadəyə verildi. Bəlkə də dünya praktikasında, dünya tarixində bu qısa müddət ərzində beynəlxalq hava limanları tikilməmişdir. Prezident İlham Əliyev bərpa işləri arasında ən vacib infrastruktur olan yolların çəkilməsinə xüsusi diqqət göstərir.
"Müharibə artıq tarixdə qaldı, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı, biz gələcəyə baxmalıyıq. Bu gün biz gələcəyi yaradırıq, öz əllərimizlə yaradırıq. Əminəm ki, bütün planlarımız, - bu günə qədər bəyan edilən bütün hədəflər necə təmin edilmişdisə, - növbəti dövr üçün nəzərdə tutulmuş hədəflər də təmin ediləcək. Biz bu hədəflərə çatacağıq, ölkəmizi gücləndirəcəyik, ordumuzu yenə də gücləndirəcəyik və Azərbaycan xalqının təhlükəsiz həyatını təmin edəcəyik» sözləri ilə tarixi ədalətin bərpa olunduğunu, ermənilər tərəfindən dağıdılan dini-mənəvi abidələrimizə yeni həyat verildiyini, Qarabağın bütün guşələrinin turizm mərkəzinə çevriləcəyini bildirən dövlət başçısı İlham Əliyev bu mühüm məqamı da diqqətə çatdırır ki, bu ərazilərimiz malik olduqları imkanlardan səmərəli istifadə fonunda ölkəmizin dayanıqlı inkişafı ilə dünyanın diqqətində olacaq.
Yeganə Əliyeva, "İki sahil"