Qüdrətli liderləri fərqləndirən ali xüsusiyyətlərdən biri onların yalnız bu gün deyil, gələcək barədə düşünmələri, insanların həyatında mühüm rol oynayan strateji qərarlar qəbul etmələridir. Bəlkə də təbii qanunauyğunluq kimi nəzərdən keçirilən bu qərarların sonradan xalqın, dövlətin tərəqqisi, inkişafı baxımından necə böyük bir əhəmiyyət daşıdığı daha aydın görünür. Azərbaycanən tarixində dərin iz buraxan Ümummilli lider, dünya şöhrətli siyasətçi Heydər Əliyevin dövlət və xalq naminə qəbul etdiyi qərarların strateji əhəmiyyətini bugünün özündə də duyur, gündəlik həyatımızda, taleyimizdə qabarıq hiss edirik.
1969-cu il tarixindən Azərbaycana rəhbərlik etməyə başlayan böyük şəxsiyyət bütün baryerləri məharətlə aşaraq, ciddi maneələri uğurla dəf edərək, hakimiyyətə gəldiyi ilk günlərdən ictimai şüurdakı tərəddüdün aradan qaldırılması, milli-mənəvi dəyərlərin bərpası və qorunması, vahid ideologiyanın yaranması, bununla da Azərbaycan xalqının sıx birləşməsi üçün müstəsna əhəmiyyətli işlər görməyə başladı. Azərbaycanın dövlət müstəqilliyinin bərpasına gətirib çıxaran keşməkeşli və uzun mübarizə tarixinin başlaması Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri ilə bağlıdır. Bu gün Ulu Öndərin rəhbərlik etdiyi Azərbaycan istisnasız olaraq daim problemlərin həllinə doğru irəliləyən, iqtisadi, sosial, humanitar və mədəni sahələrdə intibaha can atan, hər addımda insan və şəxsiyyət amilini uca tutan ölkə kimi görünür. Müdrik siyasətçi Azərbaycanın bütün sahələrdə daha da qüdrətlənməsi üçün əlindən gələn hər şeyi edirdi.
Ümummilli lider Heydər Əliyev xalqın maraqlarına xidmət edən bir çox misli görünməmiş uğurlara imza atırdı ki, onlardan biri həyata keçirilən səmərəli fəaliyyət nəticəsində 1978-ci ildə Azərbaycan dilinin Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili kimi Azərbaycanın Konstitusiyasında təsbit olunması idi. Dahi şəxsiyyət deyirdi “ Bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir”. Azərbaycan xalqı üçün, sözün əsl mənasında, tarixi əhəmiyyət daşıyan bu mühüm qərarlar 70-80-ci illər arasında alınmışdır. Həmin dövrdə SSRİ respublikalarda milli dillərin sıxışdırılması prosesi daha da gücləndirilmişdi. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdi. Hətta, dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, ümumilikdə xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdi. Məhz, dahi şəxsiyyət Heydər Əliyevin ana dilinin dövlət dili olması uğrunda dönməz mübarizəsi nəticəsində 1978-ci ildə Azərbaycan dilinə dövlət dili statusu verildi.
Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi zamanı dil məsələsinə necə həssaslıqla yanaşmasının bir daha şahidi olduq. Məhz Konstitusiyanın dillə bağlı maddəsinin televiziya ekranlarından canlı yayımda ziyalıların iştirakı ilə müzakirə edilməsi də bunun bariz nümunəsi idi. Demokratik düşüncəyə malik böyük dövlət adamı Ulu Öndər Heydər Əliyev Konstitusiyanın həmin maddəsini müzakirə edərkən öz fikrini sonda deyəcəyini, heç kimi təsir altına salmaq istəmədiyini bildirir və ziyalılara öz düşüncələrini müstəqil ifadə etmək üçün şərait yaratdı. 1995-ci ildə Ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı.
Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi haqqının bərpa olunması istiqamətində atılmış vacib addımlardan biri isə Prezident Heydər Əliyevin 18 iyun 2001-ci ildə imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman oldu. Bu fərmanda Azərbaycan dilinin tarixi inkişaf yolları, habelə müstəqil dövlətçilik atributu kimi rolu və funksiyası göstərilmiş, on il ərzində tətbiqi vəziyyəti hərtərəfli nəzərdən keçirilmişdir. Eyni zamanda, problem və nöqsanlar müəyyənləşdirilərək onların aradan qaldırılması barədə müvafiq tapşırıqlar verilmişdir. Həmin il avqustun 9-da imzaladığı “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” fərmanlar ana dilimizin qorunması və inkişafı baxımından göstərdiyi misilsiz xidmətlərdəndir. 2002-ci il 30 sentyabr tarixində “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununda Azərbaycan dili müstəqil dövlətçiliyin əsaslarından biri olaraq qəbul edilir, onun digər dillər arasında yaşaması və təkmilləşdirilməsi sahəsində konseptual ideyalar irəli sürülürdü. Bu qanunvericilik aktı ilə Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalırdı.
Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan xalqının mütləq böyük əksəriyyətinin iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmiş və ən böyük amalı xalqına xidmət olan İlham Əliyev Ulu Öndərin dövlət dili siyasətini uğurla davam etdirir. Bu, həm də Prezidentin öz xalqının milli adət-ənənələrinə, onun qədim mədəniyyətinə bağlılığı ilə izah olunmalıdır. Möhtərəm Prezident İlham Əliyevin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı ilə hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. Həmin il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, həmçinin 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlarla ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib. Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. Prezident İlham Əliyevin “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir. Bütün bunlar Uu Öndərin dövlət dili siyasətinin davam etdirilməsinin bariz nümunəsidir.
Məmləkət Qaraçobanova,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı