02 avqust 2023 23:05
430

Dəmir yumruğun daha möhkəm düyünləndiyi günlər

Xəbər verildiyi kimi, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbəni əbədiləşdirmək məqsədi ilə Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Sənədə əsasən, 26 avqust – Laçın şəhəri günü, 4 oktyabr – Cəbrayıl şəhəri günü, 17 oktyabr – Füzuli şəhəri günü, 20 oktyabr – Zəngilan şəhəri günü, 25 oktyabr – Qubadlı şəhəri günü, 8 noyabr – Şuşa şəhəri günü, 20 noyabr – Ağdam şəhəri günü, 25 noyabr – Kəlbəcər şəhəri günü kimi hər il təntənəli şəkildə qeyd olunacaq.

Doğrudur, artıq 3 ilə yaxındır ki, adları çəkilən şəhərlərin də işğaldan azad edildikləri tarixlər qeyd edilir. Amma bu Sərəncam əsasında həmin tarixi günlərin təmtəraqlı, büsatlı təşkil olunması nəzərdə tutulur.  

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış sözügedən şəhərlərimiz Azərbaycanın həm döyüş meydanında, həm də siyasi müstəvidə əldə etdiyi uğurları sayəsində azad edilib. Şübhəsiz, bu motiv həmin təntənəli şəhər günləri tədbirlərinin ana xəttini təşkil edəcək. Həmin günlərdə bir daha qeyd olunacaq ki, Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təcavüzünün qarşısını almaq məqsədilə 2020-ci il sentyabrın 27-də  Silahlı Qüvvələrimiz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün cəbhəboyu əks-hücum əməliyyatına başlayıb.  Ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki vətəndaşlarımız, yüksək əzm və iradə göstərərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşərək, düşmənə sarsıdıcı zərbələr endiriblər.

Şübhəsiz, tarixdə heç bir müharibə qansız-qadasız, itkisiz ötüşməyib. Hər qazanılan zəfərin arxasında cəsur oğulların tökülən qanları var. Əbəs demirlər ki, torpaq su ilə qarışanda palçıq, qanla qarışanda Vətən olur. Həmin təntənəli günlərdə şəhidlərimizin xatirəsi anılacaq, onların ruhlarına dualar oxunacaq. Bu mənada “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamı şəhid ruhları­na yüksək ehtiramın daha bir göstəricisidir.

Bir sözlə, qeyd ediləcək hər bir şəhər günü tarixi Zəfərimizi özündə daha geniş əks etdirəcək və onu daha tutarlı dəlillərlə gələcək nəsillərə çatdıracaq. Bu isə çox önəmlidir. Belə ki, onlar 2020-ci ilin Zəfər tarixini qürurla vərəqləyəcəklər, şəhidlərimizin ruhlarına dualar oxuyacaqlar, Azərbaycan övladlarının nələrə qadir olduqlarının bir daha şahidi olacaqlar. Bütün bunlar isə gənclərimizdə vətənpərvərlik hissini daha da gücləndirəcək və onlar Vətənimizi göz bəbəyi kimi qoruyacaqlar.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamda vurğulanır ki, 30 illik işğal dövründə Ermənistan tərəfindən şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz viran edilib, mədəni irsimizə böyük zərbə vurulub, tarixi-mədəni və dini abidələrimiz, məscidlərimiz dağıdılaraq vandalizmə məruz qalıb. İşğaldan azad edilmiş ərazilər  hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Artıq Zəngilan rayonunun Ağalı kəndinə, Tərtər rayonunun Talış kəndinə və Laçın şəhərinə məcburi köçkünlərin qayıdışı təmin olunub və bu istiqamətdə işlər davam etdirilir. Bu isə o deməkdir ki, tezliklə bu məkanlar öz əvvəlki şöhrətlərini özlərinə qaytaracaq. Şübhəsiz, bu inkişafda, dirçəlişdə təşkil olunacaq şəhər günlərinin müəyyən payı olacaq. Belə ki, keçiriləcək tədbirlər çərçivəsində görüləcək hər bir iş bu şəhərlərin hər birinin daha sürətlə dirçəlməsinə güclü təkan verməklə yanaşı, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından da nadir və uğurlu platforma rolunu oynayacaq. Bu mənada həmin Sərəncamı həm də yeni quruculuq konsepsiyası kimi xarakterizə etmək olar.

 44 gün davam edən Vətən müharibəsinin hər günü bizim şanlı tariximizdir. Bizi şanlı Zəfərə aparan həmin günlərin hər günü tariximizə qızıl hərflərlə yazılıb. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa, Ağdam, Laçın, Kəlbəcər şəhərlərinin azad olunduğu, üçrəngli bayrağımızın dalğalandığı günlər hərbi-siyasi gücümüzün daha qətiyyətlə ortaya qoyulduğu, milli ruhumuzun, milli həmrəyliyimizin öz sözünü kəskinliklə dediyi şərəfli tarixlərdir.  Məhz bu tarixlər Azərbaycana “sta­tus”u cəhənnəmə göndərməyə, “miatsum”un kitabını bağlamağa, “Böyük Ermənistan” ideyasını tarixin zibilliyinə atmağa, öz ərazi bütövlüyünü bərpa etməyə, Qarabağ və Şərqi Zəngəzur inzibati ərazi vahidi anlayışlarını gündəmə gətirməyə, dəyişdirilmiş toponimlərə doğma, əsl adını geri qazandırmağa, bir milyona yaxın azərbaycanlının fundamental hüquqlarının bərpasına imkan verib. 

Qvami Məhəbbətoğlu, “İki sahil”