09 aprel 2016 00:55
429

Dövlət bayrağımız qələbə müjdəmiz, kimliyimizə hakimliyimizdir

“Azərbaycan bayrağı sadəcə bayraq deyil. O  bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin. Onda bayrağa olan məhəbbət eyni zamanda Vətənə, xalqa, dövlətə olan məhəbbətə  bərabər olsun.”

Son günlər  Azərbaycanın Silahlı Qüvvələrinin təmas xəttində  erməni  təxribatlarına qarşı apardığı uğurlu əməliyyatlar,  dövlət atributlarımızın ən müqəddəsi, qələbə müjdəmizin simvolu olan bayrağımızın  bu gün  müqəddəs, daha əziz tutulması ulu öndər Heydər Əliyevin bu sözlərini xatırladır.  Təmas xəttində  aparılan hərbi əməliyyatlarda şəhidlik zirvəsinə qalxan, ruhunda Tanrının möhürü olan qəhrəmanlarımızın tabutlarının  dövlət bayrağına bükülməsi,  torpaqlarımızın bütövlüyü naminə canından keçən  şəhidin xatirəsinin əbədiləşdirilməsinin rəmzi kimi yaxınlarına verilməsi illərdən bəri  ermənilərin işğal altında saxladıqları strateji əhəmiyyətli  “Lələ təpə”də dalğalanması,  ordu ilə həmrəylik nümunəsi olan gənclərin keçirdikləri aksiyalarda  üc rəngi ilə  göz oxşayan bayrağımızın əllərdə görünməsi, maşınlarda, yaşayış binalarının eyvanlarında dalğalanması qürur verir. Sosial şəbəkələrdə yayılan bir xəbər isə  xalqımızın bayrağımızın müqəddəsliyinə hörmətinin, ehtiramının rəmzi təsirini bağışladı.

...Şəhidin dəfn mərasiminə  gedən gəncləri pulu ödənilmədən  yüzdən artıq bayraqla təmin edən satıcının bu hərəkəti  bayrağımıza və   şəhid ruhuna hörmət,  xalqımıza xas  adət-ənənələrimizə  bağlılıq idi. 

Zəngin qəhrəmanlıq tarixinə malik Azərbaycanın qədim tarixində  “tuğ” adlanan bayraq həmişə müqəddəs sayılmış, ucadan uca  hesab edilmişdir. Elə buna görə də  ən əlamətdar günlərdə belə sevincimizin ilk şahidi, müjdəçisi də üçrəngli bayrağımız olmuşdur.

Çünki bayraq hər bir dövlətin, millətin əsrdən əsrə, nəsildən nəslə ərmağanı, varlığını bildirən müqəddəs əmanəti, varlıq simvoludur. Döyüşlərdə bayrağımızı silahı kimi canı, qanı ilə  qoruyan igidlərimiz  qəhrəmanlıq tariximizi də qanları, bayrağımızı  göz bəbəyi kimi qoruyaraq  yazmışlar. Hər bir dövlətin yaşam tarixi onun mövcudluğu ilə  ölçülür.  Millətlər arasında varlığını təsdiqləyən  rəmzlər kimi  bayraqlar da həmin tarixdən “vətəndaşlıq vəsiqəsi” qazanır, müqəddəsləşir, qürur, iftixar mənbəyinə çevrilir.  Azadlıq  uğrunda  canlarından keçən şəhidlərimizin  ruhunu yaşadan bayrağımız  dünya birliyində bizi tanıdan, təmsil edən siyasi pasportumuz, mənəviyyatımız, milli təfəkkür  və məfkurəmizdir. Rənglərinin dili ilə məramını ifadə edən,  mavi rəngi ilə  türkçülüyü,  qırmızı rəngi ilə   müasir, sivilizasiyalı cəmiyyət qurmaq istəyini, yaşılı ilə  islami dəyərlərə bağlılığını sübut edən bayrağımız mənəvi pasportumuz, əbədiyaşarlıq simvolumuzdur. Bütün qitələrdə, müxtəlif dövlətlərdə məskunlaşan soydaşlarımız Azərbaycan vətəndaşı olduğu  üçün  fəxr edir. Üçrəngli bayrağımız müstəqilliyimizin rəmzi kimi BMT-nin,  Avropa Şurasının, ölkəmizi başqa  dövlətlərdə təmsil edən səfirliklərimizin qarşısında əzəmətlə  dalğalanır. Dünyada ən böyük bayraqlardan sayılan üçrəngli bayrağımız  “Ginnesin Rekordlar kitabı”nda  böyüklüyü və təkrarolunmazlığı ilə seçilirsə, bu,  öncüllük də dünya birliyində liderliyimizi təsdiqləyir.

Dövlət Bayrağı Meydanında  dalğalanan üçrəngli bayrağımız  sadalanan və sadalanmayan  bütün uğurlarımızın qarantı, müjdəçisidir. Bayraq Meydanının yaradılması Azərbaycanın gücünü, Azərbaycan xalqının öz dövlətinə sevgisini, dövlət rəmzlərimizə ehtiramımızı göstərir.  Amma müstəqilliyimizin, suverenliyimizin ifadəsi olan  bayrağımızın dalğalanacağı daha   bir ünvan bizi gözləyir. Bu ünvanın Prezident, Ali Baş Komandan   İlham Əliyevin əmri ilə fəth ediləcəyini bildirən xalq  dövlət başçısının bu sözlərinin reallaşacağına tam əmindir: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də  işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq.”

Ordumuzun son günlərdəki uğurları təsdiqləyir ki, doğrudan da  işğal altında qalan bütün torpaqları yağı tapdağından qurtarmağın vaxtıdır. ABŞ, Avropa ölkələrinin, tanınmış beynəlxalq təşkilatların Dağlıq Qarabağın  Azərbaycana məxsus olmasını təsdiqləyən münasibətləri, ərazi bütövlüyümüzün təsdiqləməsi, Ermənistanın işğal altında saxladığı  Azərbaycan torpaqlarının boşaldılmasının zəruriliyi ilə bağlı sözlər bizim haqq işimizə dəstək, ölkəmizin ədalətli mövqeyinin təsdiqlənməsidir.  

“Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır” söyləyən Ulu Öndər  bildirirdi ki,   Milli Ordumuzun əsgər və zabitləri respublikanın təhlükəsizliyini, əhalinin əmin-amanlığını və mühafizəsini təmin etmək, ölkəmizin  sərhədlərini sudan, qurudan, havadan qorumaq,  Ermənistan silahlılarının nəzarət etdiyi  torpaqlarımızı işğaldan azad,  ərazi bütövlüyümüzü bərpa etmək iqtidarındadır. “Bizim heç bir günahımız yoxdur. Biz sadəcə olaraq bu təxribata cavab vermişik. Düz də etmişik. Bizə qarşı yenə təxribat törədilərsə onlar yenə də öz cəzalarını alacaqlar” söyləyən Ali Baş Komandan  İlham Əliyevin Prezident kimi  öpüb and içdiyi bayrağın gözlənilən ünvanda -Xankəndidə dalğalanacağına bütün Azərbaycan xalqı inanır.

Xuraman İsmayılqızı, “İki sahil”