Bu bazarın həcminin hər il 10 faiz artması qarşıya hədəf kimi qoyulub
Sığorta iqtisadi və sosial həyata güvən və fond yaratma qabiliyyəti ilə kapital bazarlarının inkişafına təkan verir. Bu baxımdan ölkəmizdə də sığorta bazarının davamlı inkişafı mühüm strateji əhəmiyyət daşıyır.
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinə əsasən sözügedən sektorda 2026-ci ilə qədər “Sığorta sektorunda risk əsaslı nəzarət və tənzimləmə çərçivəsinin güclənməsi” və “Sığorta bazarının inkişaf etməsi və dayanıqlığının artması” kimi yekun nəticələr hədəflənib. İndiki şəraitdə sığorta mübahisələrinin mediasiya müstəvisində həlli təşəbbüsləri hər iki hədəfə çatmaqda mühüm platformalardan biri ola bilər. Strategiya çərçivəsində sistemli institusional islahatlar, bazar infrastrukturunun müasirləşdirilməsi, rəqəmsal transformasiya və intensiv maarifləndirmə tədbirləri vasitəsilə sığorta bazarının həcminin hər il 10 faiz artması kimi ölçüləbilən hədəflər qarşıya qoyulub.
Sığorta sistemi iqtisadiyyatın ən mütəhərrik sahələrindən biridir. Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta bazarında həm tənzimləyici, həm də nəzarət orqanı kimi yenidir. 2019-cu ilin noyabr ayından AMB həm də bu funksiyaları yerinə yetirir. Çox qısa müddətdə Mərkəzi Bank bu sahədəki problemləri, inkişaf boşluqlarını analiz edərək 4 illik inkişaf strategiyası hazırlayıb. Bu strategiyanın uğurla hazırlanmasına həm tanınmış yerli ekspertər, həm də xarici mütəxəssislər cəlb olunub. Sözügedən strategiyanın icrasına başlanılıb və artıq həmin 4 ili yekunlaşmaq üzrədir. Son 3 il yarımlıq müddətə nəzər saldıqda kəmiyyət və keyfiyyət baxımından bu sahədə böyük bir yol keçilib.
2019-cu ildə ölkəmizdə 650 milyon manat sığorta ödənişi toplanılıb. Bu ilin 6 ayının göstəricilərini nəzərə aldıqda, asanlıqla hesablamaq olar ki, ilin sonunda sığorta bazarının həcmi təxminən 1.2, 1.3 milyard manata çatacaq. Bu da son dörd il ərzində sığorta bazarının təqribən iki dəfə böyüyəcəyi deməkdir. 2022-ci ildə Azərbaycanda sığorta şirkətləri 970.822 milyon manatdan yuxarı sığorta ödənişi toplayıb, ödənişlər isə 433.202 milyon manat təşkil edib.
Bu gün ölkəmizdə icbari və könüllü icbari sığorta siniflərinin hər biri üçün yeni “yol xəritəsi” müəyyənləşib. AMB-nin 2022-ci il hesabatına görə, ölkənin sığorta bazarında 20 sığorta və 1 təkrarsığorta şirkəti fəaliyyət göstərir. Sığorta şirkətlərindən 5-i həyat, 15-i qeyri-həyat sığorta şirkətidir. Sektorun fəaliyyəti, həmçinin 29 sığorta brokeri və 652 sığorta agenti vasitəsilə təmin edilib.
Son 10 ildə dünya iqtisadiyyatında və maliyyə sektorunda yaşanan dalğalanmalar Azərbaycanın sığorta bazarına da təsirsiz ötüşməyib. 2015-ci ildə manatın devalvasiyasından sonra maliyyə sektorunda yaşanan dalğalanmalar sözügedən sektorda fəaliyyətini dayandıran sığorta şirkətlərinin sayını 8-ə çatdırdı. Buna baxmayaraq, Mərkəzi Bank tərəfindən sığorta bazarının genişləndirilməsi və onun dayanıqlığının təmin edilməsi ilə bağlı gördüyü tədbirlər sayəsində sığorta haqlarının artım tendensiyasına nail olundu. Belə ki, son 6 il ərzində sığorta haqlarının illik artım tempi 12,2 faiz olub. Müvafiq göstəricilər həyat sığorta sinifləri üzrə 15,7 faiz, qeyri-həyat sığorta sinifləri üzrə isə 5,6 faiz təşkil edib.
İl ərzində Azərbaycan Mərkəzi Bankına 90 min sığorta hadisəsi üzrə vətəndaşlar tərəfindən 2700-2800 şikayət daxil olur. Müraciətlərin böyük qismini icbari sığorta, o cümlədən avtomobillərin icbari sığortası təşkil edir. Avtomobillərin icbari sığortası ilə bağlı zərərlərin birbaşa tənzimlənməsinin tətbiqi şikayətləri azaldıb. Yeni qayda tətbiq edildikdən keçən 9 ayda 40 mindən çox hadisə üzrə Mərkəzi Banka 75 şikayət daxil olub.
Cavid Əkbərov, “İki sahil”