12 aprel 2016 14:20
192

Aparılan islahatlar fəal ictimai dəstəyə malikdir

Ölkə başçısı dəfələrlə qeyd edib ki, bundan sonra da struktur islahatları aparılacaq, çevik idarəetmə mexanizmləri yaradılacaq, bu sahədə yeni addımlar atılacaqdır.

 Prezident İlham Əliyevin hökumətdə və onun altqurumlarında struktur islahatlarına dair imzaladığı Fərman və sərəncamlar, görülən institusional tədbirlər sübut edir ki,  ölkədə iqtisadi inkişafın dayanıqlılığı bundan sonra da təmin olunacaq, maliyyə sistemi sabitləşəcək, biznes mühiti daha da yaxşılaşacaqdır. 

Ölkə başçısı dəfələrlə qeyd edib ki, inkişafa mane olan, xüsusilə idarəetmə sahəsində problem yaradan amillər aradan qaldırılmalıdır. Qətiyyətlə demək lazımdır ki, uğurla reallaşdırılan struktur isalahatları ölkəmizdə biznes mühitinin yaxşılaşdırılmasına, şəffaflığın təmin edilməsinə və dövlət idarəçiliyində səmərəliliyin artırılmasına, qeyri-neft sektorunun inkişafı üçün mövcud baryerlərin aradan qaldırılmasına xidmət edir.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli Fərmanı ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması ölkənin maliyyə-bank sisteminin səmərəli inkişafının təmin olunmasına, həmin sahədə tənzimləmə və nəzarətin mütərəqqi metod və mexanizmlərinin tətbiqinə güclü təkan verəcəkdir. Bir müddət bundan əvvəl ölkə başçısının İqtisadi İslahatlar üzrə Köməkçisi Xidmətinin açıqlamasında bildirilirdi ki, Palata qabaqcıl beynəlxalq prinsiplərə əsaslanaraq ölkədə qiymətli kağızlar və sığorta bazarlarının, investisiya fondlarının, ödəniş sistemləri və kredit təşkilatlarının, o cümlədən milli poçt operatorunun maliyyə-bank fəaliyyətinin tənzimlənməsinin bütün aspektlərini həyata keçirəcək. Qeyd olunan sahələr üzrə lisenziyalaşdırılmasına, iqtisadi və hüquqi davranış normalarının müəyyən edilməsi və tətbiqinə nəzarətlə yanaşı, Palata, həmçinin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahələrində fəaliyyəti də əlaqələndirəcək.

Sahibkarlığa dəstək məqsədilə atılan addımların davamı olaraq biznes fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən yuxarı orqana şikayətlərin verilməsi mexanizminin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti yanında, eləcə də mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuraları yaradılıb.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı yekun nitqində xüsusilə vurğulayıb ki,  həyata keçirilən tədbirlər, reallaşdırılan islahatlar rüşvətxorluq, korrupsiya və digər neqativ hallarla daha ciddi mübarizə aparılması üçün əsaslı zəmin yaradır. Ən çox korrupsiyaya uğramış sahələr artıq “ASAN xidmət”ə verilib: “ASAN xidmət”də korrupsiya, rüşvətxorluq, bürokratiya yoxdur. Bu, nəyi göstərir? Birincisi, onu göstərir ki, bizim korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə aparmağa böyük siyasi iradəmiz var. İkincisi, onu göstərir ki, korrupsiyanı, rüşvətxorluğu aradan götürmək mümkündür”.

Ölkə başçısının siyasi iradəsi ilə reallaşdırılan islahatlar cəmiyyətimiz tərəfindən birmənalı olaraq dəstəklənir. İctimaiyyətimiz yaxşı anlayır ki, həyata keçirilən tədbirlər, aparılan islahatlar iqtisadi inkişafımızın dayanıqlılığını təmin edəcək, əhalinin məşğulluq səviyyəsinin artırılmasına,  sosial təminatnın daha da gücləndirilməsinə, işsizliyin aradan qaldırılmasına böyük töhfələr verəcəkdir. Ona görə də atılan addımların, görülən işlərin səmərəliliyini artırmaq üçün ictimaiyyətin  ciddi dəstəyinə, eləcə də ictimai nəzarətə böyük ehtiyac vardır. İctimai nəzarətin gücləndirilməsi üçün vətəndaşları daim fəallığa səsləyən Prezident İlham Əliyev bu nəzarət olmadan korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə qalib gəlməyin mümkün olmayacağını bildirir: “Dövlət siyasəti, güclü siyasi iradə artıq özünü göstərir və müsbətə doğru dəyişikliklər də var. İnstitusional tədbirlər görülür, islahatlar aparılır və bu mübarizə geniş ictimai dəstəyə də malikdir. Ancaq bu dəstək daha da fəal olmalıdır”.

Zahid Rza, “İki sahil”