12 aprel 2016 14:37
430

2016-cı il dərin iqtisadi islahatlar ili olacaq

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qeyd olunmuşdur ki, qeyri-neft sektoru Azərbaycan iqtisadiyyatının əsas hissəsini təşkil edir

Bu günlərdə Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı ölkə iqtisadiyyatının sürətli inkişafı və  perspektivləri ilə bağlı tapşırıqlarını və tövsiyələrini verən Prezident İlham Əliyev vurğulamışdır ki, qeyri-neft sənayesinin artması, əlbəttə, həm göstəricidir, həm də yaxşı ümidlər verir ki, Azərbaycanda qeyri-neft sektoru daha da sürətlə inkişaf etsin: “Qeyri-neft sektoru bu gün Azərbaycan iqtisadiyyatının əsas hissəsini təşkil edir. Biz buna nail olmuşuq və gələcəkdə əlbəttə, çalışmalıyıq ki, qeyri-neft sektoru bizim ixrac strukturumuzda da daha böyük çəkiyə malik olsun.”

Qeyri-neft sənayesinin sürətli artımı, Azərbaycanda sənayeləşmə prosesinin davam etməsi, iqtisadi zonaların yaradılması bölgələrin inkişafını daha da sürətləndirir.  Dünya iqtisadiyyatının ayrılmaz tərkib hissəsi olan Azərbaycan iqtisadiyyatının inkişaf modeli barədə  pozitiv açıqlamalardan,  xarici mətbuat səhifələrində  yer alan təhlil və araşdırmalardan da aydın olur ki, ölkəmiz iqtisadi böhran dövründə də  siyasi , iqtisadi sabitliyini qorumaq iqtidarındadır. İnkişaf etməkdə olan ölkələr sırasına daxil olduğundan göstərilən məqsədə çatmaq üçün bazar iqtisadiyyatı şəraitində  sağlam rəqabəti təmin edən ölkəmizdə düşünülmüş dövlət tənzimlənməsi mövcuddur. Enerjidən səmərəli istifadə və yüksək əlavə dəyər yaradan ixracyönümlü iqtisadiyyata  transformasiya və sosial- iqtisadi sahələrin inkişafına  kompleks yanaşma  ölkəmizdə də  əsas prinsiplər kimi  diqqət mərkəzində saxlanılır. Təcrübə göstərir ki, belə bir sistem yalnız sahibkar təşəbbüsünə və sərbəst rəqabətə  əsaslanan bazar münasibətləri şəraitində mümkündür. Bu səbəbdəndir ki, xarici investorların maraq göstərdiyi  ölkəmizdə dünya təcrübəsindən istifadəyə diqqət artırılır. Sahibkarlığın inkişafı, özəl bölməyə göstərilən dövlət dəstəyi sayəsində işsizliyin 5 faizə düşməsi, yoxsulluğun da eyni  həddə saxlanılması aparılan  iqtisadi siyasətin  uğurudur.

“Birinci rübdə iqtisadi islahatlar daha da sürətlə aparılmışdır. Ümumiyyətlə, mən bildirməliyəm ki, 2016-cı il dərin iqtisadi islahatlar ili olacaqdır” söyləyən Prezident İlham Əliyevin bildirdiyi kimi biznes mühitinin yaxşılaşdırılması, ixrac potensialımızın artırılması, xarici sərmayənin Azərbaycana cəlbi, yerli istehsalın artırılması ilə bu sahədə daha uğurlu nəticələr əldə olunacaq, əlavə tədbirlər görüləcək. Bunun üçün idarəetmə mexanizmləri təkmilləşdirilir, şəffaflıq təmin olunur.

“Bunu deməyə əsas verən odur ki, ilin birinci rübündə Azərbaycanda qeyri-neft sənayesi beş faizdən çox artmışdır” söyləyən Prezident İlham Əliyevin  vurğuladığı kimi,  qeyri-neft sektoru bu gün Azərbaycan iqtisadiyyatının əsas hissəsini təşkil edir.

  İş yerlərinin yaradılmasında   özəl sektorun  payı daha çoxdur. Ölkəmizin gələcəyini təmin edəcək sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin   yaxşılaşdırılması  Prezident İlham Əliyevin  qarşıya qoyduğu başlıca hədəflərdəndir.  Son 12 ildə ölkədə 70 mindən artıq özəl müəssisə yaradılmış, sosial məsuliyyəti olan əhalinin işlə təminatı istiqamətində  önəmli islahatlar aparılmışdır. 12 ildə  sahibkarlara güzəştli şərtlərlə  1 milyard 700 milyon manat kreditin verilməsi iş adamlarına dövlət dəstəyinin nümunəsidir.      Özəl sektorun inkişafına yönələn tədbirlər iş adamlarının sərbəst fəaliyyəti, şəffaflığın təminatı üçün əlverişli münbit,  işgüzar şərait  yaratmışdır. Belə ki,  sahibkarlıq subyektlərində  yoxlamalar 2 il müddətinə dayandırılmış, lisenziya  tələb olunan fəaliyyət növlərinin  sayı 59-dan 37-yə endirilmiş,  dövlət rüsumunun məbləği paytaxtda 2, regionlarda isə 4 dəfə azaldılmışdır.  Lisenziyaların “ASAN xidmət” mərkəzlərində verilməsi ilə iş adamlarını narahat edən süründürməçilik halları aradan qaldırılmışdır.

 Tələb budur ki,  daxili bazarımız, yerli istehsal qorunsun, rəqabət qabiliyyətli məhsulların istehsalı artırılsın. Qiymətlərin tənzimlənməsi,  idxala mane olan süni maneələrin aradan qaldırılması istiqamətində görülən tədbirlər sayəsində inhisarçılıq, korrupsiya  halları aradan qaldırılır. Azərbaycanda ixracın təşviqi sistemi yaradılır, dünya bazarına çıxarılan məhsulların keyfiyyəti beynəlxalq standartlara uyğunlaşdırılır. Bu onu göstərir ki, son illər ərzində  ölkə iqtisadiyyatının güclənməsinə imkan yaradan sahələrə böyükhəcmli investisiyalar qoyulub, dövlət dəstəyi gücləndirilib.

“Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın həlli  qarşıdakı illərdə  qeyri-neft sənayesinin inkişafına da  təkan verəcəkdir.  Son illərdə  biznes mühitinin yaxşılaşdırılması üçün sahibkarlara göstərilən  dəstəyin artırılması istiqamətində önəmli addımlar atılmış, azad rəqabətin gücləndirilməsi naminə möhkəm zəmin yaranmışdır. Ölkəmizə  xarici sərmayələrin cəlbi  üçün hüquqi baza, şəffaf iqtisadi və maliyyə sistemi təkmilləşdirilir, qanunun aliliyi təmin edilir. Əsas odur ki,  Azərbaycan brendi ilə  istehsal olunan məhsullarımız  xarici bazarlarda tanınsın, ölkəmizə xarici investisiya axını sürətlənsin.  Təcrübə göstərir ki, ən qüdrətli dövlətlər belə  iqtisadiyyatlarını ölkəyə  xarici sərmayə cəlb etməklə iqtisadiyyatlarını gücləndirmişlər. “Çünki bu, həm əlavə vəsaitdir, maliyyə resursudur, həm də əlavə imkanların yaradılmasıdır və biz də bu yolla getməliyik” söyləyən cənab İlham Əliyev onu da bildirir ki, investisiyaların təşviqi üçün görülən tədbirlər sayəsində  Azərbaycana qoyulacaq sərmayələrin həcmi böyük dərəcədə artacaq.

Xuraman İsmayılqızı, “İki sahil”