Prezident İlham Əliyev: Biz digər böyük ölkələr üçün öz tranzit imkanlarımızı təqdim edəcəyik və Azərbaycan xəzinəsi, büdcəsi bundan çox böyük iqtisadi mənfəət götürəcək
Prezident İlham Əliyevin yeni minilliyin yeni çağırışları kontekstində düşünülmüş, çevik və qətiyyətli, uzaqgörən iqtisadi siyasəti sayəsində qazanılmış uğurlar əsaslı şəkildə möhkəmləndirilmiş, ölkəmizin Avrasiya məkanında tranzit ölkə kimi əhəmiyyəti daha da artmışdır.
Ölkəmizin etibarlı nəqliyyat sisteminin inkişafının zəruriliyini nəzərə alaraq transmilli nəqliyyat layihələri çərçivəsində, o cümlədən TRASEKA və Şimal-Cənub, Şərq-Qərb beynəlxalq dəhlizlərinin Azərbaycana aid hissəsində avtomobil magistrallarının tikintisi və yenidənqurulması, regionlarda yol şəbəkələrinin bərpası işləri həyata keçirilmişdir. Bakı-Tbilisi-Qars dəmir yolunun inşası nəticəsində Avropa və Asiya arasında birbaşa dəmir yolu əlaqəsinin yaradılması mümkün olacaqdır.
Prezident İlham Əliyevin 21 oktyabr 2015-ci il tarixli “Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması haqqında” fərmanı ölkəmizin ərazisindən beynəlxalq yükdaşımalar kimi strateji sahənin yeni mərhələyə qədəm qoymasını bir daha sübut edir. Bu Fərmana əsasən, ölkəmizin ərazisindən dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yüklərin daşınmasında “bir pəncərə” prinsipi tətbiq olunur.
Ölkə başçısı İlham Əliyev tərəfindən həyata keçirilən tədbirlər, görülən işlər qətiyyətlə deməyə imkan verir ki, ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizlərinin beynəlxalq standartlara cavab verə biləcək səviyyədə qurulması, nəqliyyat vasitələrinin yenilənməsi və infrastrukturun ən yüksək standartlara uyğunlaşdırılması dövlətin iqtisadi siyasətinin mühüm bir istiqamətinə çevrilib.
Gerçəklik ondan ibarətdir ki, əldə edilən ciddi uğurların təməlində uzun illər neft gəlirlərinin iqtisadiyyatın müxtəlif sahələrinə, xüsusilə də qeyri-neft sektoruna yönləndirilməsi dayanır. Son dövrlərdə yeni bərələrin, tankerlərin, yük gəmiləri və təyyarələrin alınması, eləcə də bir neçə beynəlxalq aeroportun tikilməsi, dəmir və avtomobil yollarının inkişafı ilə bağlı görülən tədbirlər, Xəzər hövzəsində ən böyük ticarət limanı-Beynəlxalq Dəniz Ticarəti Limanının inşa olunması bunun əyani sübutudur. Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması beynəlxalq yükdaşımaların müasir tələblər səviyyəsində koordinasiya edilməsi, bu sahədə şəffaflığın artırılması, dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, sərfəli qiymətlər tətbiq etməklə yüklərin iqtisadi cəhətdən daha əlverişli şərtlərlə daşınmasına böyük töhfələr verir.
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 9-da Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bir daha qeyd etdi ki, həyata keçirilən bütün bu tədbirlərin əsas hədəfi ölkəmizin dünya miqyasında nəqliyyat-logistika mərkəzi kimi mövqelərinin daha da möhkəmləndirilməsi, respublikamızın tranzit dəhlizlərinin rəqabət qabiliyyətinin və səmərəliliyinin artırılması, həmin dəhlizlərə böyük həcmlərdə tranzit yük axınlarının cəlb edilməsidir: “Biz birinci rübdə digər sahələrdə də çox fəal işləmişik. Nəqliyyat sektorunda. Qeyd etdiyim kimi, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması üçün çox fəal işləmişik. Bu dəhlizin yaradılması üçün Azərbaycan-İran-Rusiya üçtərəfli əməkdaşlığı əsas şərtdir. Bildiyiniz kimi, həm İran Prezidenti, həm Rusiya Prezidenti ilə görüşlərdə bu məsələlər mənim tərəfimdən qaldırılmışdır, müzakirə edilmişdir və deyə bilərəm ki, burada ümumi razılıq var. Bu nəqliyyat dəhlizi həm iqtisadi cəhətdən, həm təhlükəsizlik, həm turizm baxımından bizə çox lazımdır. Beləliklə, biz digər böyük ölkələr üçün öz tranzit imkanlarımızı təqdim edəcəyik və Azərbaycan xəzinəsi, büdcəsi bundan çox böyük iqtisadi mənfəət götürəcək. Çünki bu, nəinki üç ölkə arasında olan və ola biləcək ticarəti sürətləndirəcək, eyni zamanda, Pakistan, Hindistan, Şimali Avropa ölkələri bu dəhliz vasitəsilə birləşəcəklər və bizim ərazimizdən keçən yüklərin həcmi böyük dərəcədə artacaq”.
Ölkə başçısı vurğulayıb ki, Şərq-Qərb nəqliyyat dəhlizinin yaradılması üçün bütün işlər görülür: “Biz burada da yenə də üçtərəfli, amma digər formatda işləyirik - Azərbaycan-Gürcüstan-Türkiyə formatında. Mənim keçən ilin sonunda Gürcüstana, bu il Türkiyəyə səfərlərim bu dəhlizin yaradılması üçün çox faydalı olmuşdur. Baxın, Azərbaycan yenə də iki dəhlizin ortasındadır. Əgər bizim qonşu ölkələrlə çox müsbət dostluq, tərəfdaşlıq əsasında qurulmuş münasibətlərimiz olmasaydı, bu layihələrin heç biri reallaşmazdı. Mən həmişə demişəm ki, qonşularla münasibətlərimiz bizim üçün çox önəmlidir. Bizim Ermənistandan başqa heç bir qonşu ölkə ilə problemimiz yoxdur. Əksinə, bizim qonşularla əlaqələrimiz gündən-günə artır, güclənir və bu, həm təhlükəsizlik, həm sabitlik, iqtisadi inkişaf, əməkdaşlıq üçün əsas şərtdir. Bir daha demək istəyirəm ki, Azərbaycanın bu sahədə oynadığı rol yüksək qiymətləndirilir və artıq gözəl nəticələr var”.
Prezident İlham Əliyevin transmilli layihələrin uğurla reallaşdırılması ilə bağlı nümayiş etdirdiyi qətiyyətli mövqeyi, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin qovşağında yerləşən ölkəmizin tranzit potensialının daha da artırılması sahəsində həyata keçirdiyi dövlət siyasəti, regional və qlobal təşəbbüsləri respublikamızın sosial-iqtisadi inkişafına, tərəqqisinə böyük töhfələr qazandıracaq, beynəlxalq münasibətlər sistemindəki nüfuzunu daha da artıracaqdır.
Zahid Rza, “İki sahil”
Kəlbəcər- azadlığın, dövlətçilik iradəsinin və yeni inkişaf mərhələsinin simvolu