13 aprel 2016 14:50
400

Birinci rüb ölkənin enerji siyasətində mühüm nailiyyətlərlə yadda qaldı

Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkəPrezidenti cənab İlham Əliyev qeyd etdi ki, “Cənub Qaz Dəhlizi”nin icrası cədvəl üzrə gedir, lazımi investisiyalar qoyulur

Azərbaycan ölkədə sabitliyin mövcudluğu fonunda malik olduğu enerji resurslarından səmərəli istifadə etmək imkanı qazanmışdır. Ölkəmizin beynəlxalq aləmdə təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınması da düşünülmüş və məqsədyönlü siyasətin nəticəsidir. Uğurla başa çatan layihə növbəti layihənin gündəmə gətirilməsini bir zərurətə çevirir. Hazırda Azərbaycan öz enerji tələbatını yüksək səviyyədə ödəməklə yanaşı, dünyanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır. Vaxtilə çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz kəmərləri reallığa çevrilməklə yanaşı, artıq bu gün dünya “Cənub Qaz Dəhlizi”ndən bəhs edir. Ölkə Prezidenti cənab İlham Əliyev hər zaman çıxışlarında ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının əhəmiyyətini önə çəkərək bildirir ki, 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanmasaydı, bu gün Azərbaycanın iqtisadi imkanlarının və beynəlxalq aləmdə yeri və rolunun hansı səviyyədə olduğunu təsəvvür etmək çətin deyildi. Təbii ki, bu uğurlu addımlara yol açan ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində ölkədə sabitliyin yaradılması olmuşdur.

“Cənub Qaz Dəhlizi” layihəsi Xəzər regionundakı qaz təchizatını ilk dəfə olaraq Avropa bazarları ilə birləşdirəcək, dünyanın enerji xəritəsinə ciddi dəyişiklik gətirəcək. İlk növbədə Azərbaycan və Gürcüstan əraziləri boyunca uzanan Cənubi Qafqaz Boru Kəməri genişləndiriləcək. Hazırda bu kəmərlə “Şahdəniz” qazı Gürcüstana və Türkiyəyə daşınır. Genişləndirmə işləri çərçivəsində faktiki olaraq hazırda buna paralel yeni bir boru xətti və Gürcüstanda iki yeni kompressor stansiyası inşa ediləcək, kəmərin ümumi ötürücülük gücü ildə 23 milyard kubmetrə çatdırılacaq.

Regionun və Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrilən Azərbaycanın enerji siyasəti 2016-cı ilin birinci rübündə də mühüm nailiyyətlərlə müşayiət olunub, tarixi əhəmiyyətli bir sıra məqamlarla yadda qalıb. Xəzər regionunun qaz təchizatı infrastrukturunun Avropa bazarlarına birləşdirilməsi bütün regionun enerji xəritəsini dəyişəcək, enerji dəhlizlərinin şaxələndirilməsində, Avropa regionunun enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu daha da artıracaq “Cənub Qaz Dəhlizi” layihəsinin icrası istiqamətində görülmüş işlər bu baxımdan xüsusilə müstəsna əhəmiyyət kəsb edir.

Ölkə Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı vurğuladı ki, birinci rübdə Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısı keçirildi: “Artıq ikinci dəfədir ki, bu tədbir Bakıda keçirilir. Bu da bizim təşəbbüsümüzlə mümkün olmuşdur. Biz iki il bundan əvvəl təşəbbüs göstərmişdik ki, belə bir toplantı keçirilsin və indi bu, artıq ənənəvi xarakter daşıyır. İkinci Məşvərət Şurasının toplantısı çox böyük uğurla keçirilmişdir, çox vacib qərarlar qəbul edilmişdir. Qəbul edilmiş Bəyannamədə Azərbaycanın bu sahədəki liderlik rolu bir daha qeyd olunmuşdur. “Cənub Qaz Dəhlizi”nin icrası cədvəl üzrə gedir, lazımi investisiyalar qoyulur. Burada ölkələr və şirkətlər arasındakı əlaqələndirmə yüksək səviyyədədir. Əminəm ki, bu strateji layihə vaxtında icra ediləcək.”

“Cənub Qaz Dəhlizi”nin əsas komponentlərindən olan Transanadolu Qaz Boru Kəməri - TANAP ümumilikdə 1850 kilometrlik bir xətt boyunca Türkiyəni şərqdən qərbə qət edəcək. TANAP layihəsində olduqca çətin ərazilərdə yolların açılması, boruların təhlükəsiz sahəyə daşınması, düzülməsi və qaynaq işləri davam etdirilir. Qaz kəmərinin 1350 kilometr hissəsində borular tikinti yerinə çatdırılıb və qaynaq işləri başlayıb. İndiyədək TANAP-ın tikintisi üzrə ümumi işlərin 20 faizdən çoxu yekunlaşdırılıb. TANAP Türkiyənin Gürcüstanla sərhədindəki Ərdəhan vilayətinin Posof mahalından başlayaraq 21 vilayət, 67 rayon və 600 kənddən keçməklə qardaş ölkənin Yunanıstanla sərhədinədək uzanacaq.

Məlum olduğu kimi, TANAP ölkəmiz, region və Avropa üçün strateji əhəmiyyətli layihədir. “Şahdəniz” yatağından təbii qazın Avropa bazarlarına çıxarılmasını təmin edəcək TANAP layihəsi həm Azərbaycanın, həm Türkiyənin, həm də Avropa dövlətlərinin maraqlarına uyğundur. TANAP Avropanın təbii qaz mənbələrinin şaxələndirilməsini nəzərdə tutan “Cənub Qaz Dəhlizi”nin mühüm tərkib hissəsidir. Bütövlükdə, TANAP miqyasına, faydalılıq əmsalına görə böyük iqtisadi, siyasi dividentlər vəd edən strateji layihədir, regional əməkdaşlıq və təhlükəsizliyə xidmət edir. Enerji təhlükəsizliyi məsələsinə nəzər saldıqda aydın görünür ki, Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu baxımdan “Cənub Qaz Dəhlizi” layihəsinin icrasına başlanması tarixi hadisədir.

Bu gün TANAP beynəlxalq layihə kimi dünya miqyasında diqqət mərkəzindədir. Layihənin icrası vaxtından əvvəl başa çatacaq. Bununla da Azərbaycan Türkiyəyə və ondan sonra Avropaya daha böyük həcmdə təbii qazını ixrac edə biləcək. Türkiyə və Avropa ölkələri yeni alternativ mənbəyə çıxış əldə edəcəklər. Ümumiyyətlə, bütün tərəflər bu layihənin icrasından fayda görəcəklər. Layihənin əsas investoru isə Azərbaycandır. Layihə imkan verəcək ki, Azərbaycan zəngin qaz resurslarını bundan sonra onilliklər ərzində dünya bazarlarına çatdırsın.

“Cənub Qaz Dəhlizi”nin ən uzun hissəsini təşkil edən TANAP Cənubi Qafqaz Boru Kəmərindən alacağı təbii qazı 2020-ci ilin əvvəlindən etibarən Transadriatik boru kəmərinə (TAP) qoşularaq Yunanıstan, Albaniya və İtaliyadan keçməklə Avropaya çatdıracaq.

Orxan Vahidoğlu, “İki sahil”