23 avqust 2023 01:36
369

Paşinyanın əttökən davranışları...

Erməni deputat: Nikol öz təbiətinə və mahiyyətinə görə əsl fəlakətdir

Beş ildən çoxdur ki, bədbəxt Hayastanın baş naziri kürsüsünü məşğul edən Nikol Paşinyanın buraxdığı "quş"ların sayı-hesabı  itib. Bir çoxları onu qəribə hərəkətlərinə, danışıqlarına və məzəli mimik reaksiyalarına görə gülüş hədəfinə çevirir və ya qınayırlar. Ancaq bunlar onun özündən əsla asılı deyil, təbiətindən və xarakterindən irəli gəlir. Ona görə də qeyri-ixtiyari olaraq "quş"lar buraxır. Tənələr, rişxəndlər, atmacalar qulağına gəlib çatsa da özündə düzəlişlər edə bilmir. "Quş"lardan birini də bu günlərdə buraxıb. Qafanda təzə inşa olunmuş obyektin açılışı zamanı baş nazir yanındakılardan sürətlə aralanaraq yaxınlıqdakı tualetə də baş çəkib. Ancaq oradan çıxandan sonra yenə qayıdıb nəyəsə baxaraq geri dönüb. Yanındakılar təəccübləniblər ki, görəsən Paşinyan orada maraqla nəyə baxırmış?

Bundan az sonra baş nazir Sünikə gedib. Təbii ki, yenə də öz ampluasında.

"Paşinyanın Sünikə iki günlük səfəri Nikolun stereotiplərini və daxili qorxularını məhv etmək məqsədi daşıyırdı."

Bu barədə Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan öz "Facebook" səhifəsində yazıb. Onun sözlərinə görə, səfər əsl “şou” formatında keçib və məmurlar Paşinyanla əlaqədar hər hansı yöndəmsiz situasiyanın olmaması üçün əllərindən gələni ediblər. “Lakin küçələrin abadlaşdırılması və oyun meydançalarının yenidən açılması üçün lentlərin kəsilməsi təhlükəsizlik problemlərini aradan qaldıra bilməyib. Qafan hava limanı istiqamətində atışma  bunun bariz nümunəsidir. Hakimiyyət təbliğatı reallığı “şən və xoşbəxt Sünik” anlayışı ilə təqdim etməyə nə qədər çalışsa da, bölgənin təhlükəsizlik problemləri bununla həll olunmayacaq”. Yəni, nəticə "hay və bədbəxt Sünik" anlamını verib.

Ancaq Paşinyandan boğaza qədər yığan Abramyan onun hər addımını sanki mikroskopla izləyib və hər jestini belə nifrətlə  tənqid atəşinə tutub. O, Paşinyanı "yalan" və "faciə toxumu səpən" adlandırmaqdan da çəkinməyib: “Yeri gəlmişkən, problemə asfalt yolun təbliğatı prizmasından baxsaq belə, hakimiyyət bunu da etməyib. Gorus-Şurnux-Qafan yolu istifadəyə verildikdən sonra vəd edilən yeni, “alternativ” Tatev-Ağvan-Qafan yolu hər il əsaslı təmir olunsa da, öz funksiyasını tam yerinə yetirmir. Yəni, yol alayarımçıq tikilib. Azərbaycan Ordusunun mövqelərindən cəmi 100 metr aralıda yerləşən hava limanı sərnişin daşımalarının təhlükəsizliyinə təminat ola bilməz. Hətta 3 ildir ki, Şurnuxda yeni evlərin tikintisi layihəsi insanlara söz verilsə də, işlər hələ də yekunlaşmayıb. Nikol öz təbiətinə və mahiyyətinə görə fəlakətdir, səfərləri ilə yalnız yalan və faciə toxumu səpməkdədir”, - deyə Tiqran Abramyan qeyd edib.

Ancaq Tiqranın ağlı gətirməyib desin ki, Paşinyanın səfərləri "yalnız yalan və faciə toxumu səpmək" deyil, həm də komizm gətirir. Hayların yas içərisində olduqları indiki günlərdə onları güldürməyin nəyi pisdir? Onsuz da BMT TŞ-dəki "toy" məsələsindən sonra bütün dünya haylara gülür...

Vəli İlyasov, "İki sahil"