24 avqust 2023 22:46
543

Hadijaca Labib hayların torundan xilas ola biləcəkmi?

Cənubi Qafqaz ölkələrinə turnesi çərçivəsində Ermənistanda səfərdə olan Belçikanın xarici işlər naziri Hadijaca Labib ölkəmizin əleyhinə həqiqətə uyğun olmayan, daha doğrusu, ermənipərəst fikirlər səsləndirib. Yaralı erməni əsgərlərinə gül-çiçək verən, qondarma “erməni soyqırımı” abidəsini ziyarət edən, öz çıxışında "Dağlıq Qarabağ və "blokada", “Laçın yolu açılmalıdır” kimi əsassız ifadələr işlədən Labib Hadija hətta Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin problemlərinin və üzləşdikləri çətinliklərin  onu çox narahat etdiyini dilə gətirib.

Amma  İrəvanda verdiyi açıqlamalardan açıq-aydın görünür ki, o, Qarabağda baş verən proseslərdən o qədər də yaxşı hali deyil. Onun “Azərbaycan Laçın dəhlizi ilə insanların və malların sərbəst hərəkətini təmin etməlidir” fikri də bunu sübut edir. Halbuki rəsmi Bakı beynəlxalq normalar çərçivəsində Laçın yolunda  Qarabağ  iqtisadi rayonunda yaşayan erməni sakinlərinin sərbəst hərəkətini təmin edib.

Xanım xarici işlər naziri səfərinin məqsədinin  Ermənistan-Belçika münasibətlərinə yeni enerji verməkdən ibarət olduğunu bəyan edib: “Mən də uzun müddətdir həll olunmayan və artıq çoxlu qurbanlar verən münaqişə kontekstində sizi dəstəkləmək və həvəsləndirmək üçün buradayam. Belçika Dağlıq Qarabağ probleminin yaratdığı gərginlikdən narahatdır”.  O, birmənalı şəkildə ölkəsinin Ermənistanın yanında olacağını vurğulayıb. Üstəlik, Belçikanın 2024-cü il yanvarın 1-dən Avropa İttifaqına rəhbərlik edəcəyini və “problemlərin” həllində  Ermənistana yardım göstərəcəklərini vurğulayan belçikalı nazir bununla da hayları şirnikləndirib.

Nə yazıq ki, Belçika kimi bir ölkə də  əsassız iddia­larla müxtəlif instansiyalara müraciətlər ünvanlayan Ermənistan hakimiyyətinin toruna düşərək bu təcavüzkar ölkənin saxtakar dəstəkçisinə çevrilib. Elə bu faktlar Hadijaca Labibin, eləcə də onun ölkəsinin Ermənistanın manipulyasiya, riyakarlıq siyasətinin, şoularının qurbanı olduğundan xəbər verir.

Şübhəsiz, onun bu kimi açıqlamarının mərkəzində həm də Belçikanın Azərbaycanın uğurlarını həzm edə bilməməsi dayanır. Yeri gəlmişkən qeyd edək ki, hazırda bu ölkədə ermənilərin 30 min nəfərdən ibarət diasporu var. Şübhəsiz, onun bu sayıqlamalarında onların da istəkləri nəzərə alınıb. 

Dünən Azərbaycanda səfərdə olan Belçikanın xarici işlər naziri  ölkəmizin xarici işlər naziri Ceyhun Bayramovla görüşüb. Görüşdən sonra keçirilən brifinqdə Ceyhun Bayramov bir daha Azərbaycan həqiqətlərini onun diqqətinə catdırıb. Bildirib ki, Azərbaycan öz suveren ərazisində sərhəd-keçid məntəqəsi qurub: “Bundan sonrakı dönəmdə bunu həzm edə bilməyən Ermənistan təxribatlara əl atıb”. Humanitar yükün gətirilməsi istiqamətində Ermənistanın siyasi manipulyasiya xəttini tutduğunu deyən nazir bildirib: “Humanitar yardımın siyasiləşdirilməsi yolverilməzdir. Əgər bir tərəf humanitar yardımı yalnız bir yolla qəbul edib, digər yoldan imtina edirsə, bu, humanitar yardımın siyasiləşdirilməsidir ki, Ermənistan tərəfi belə addım atır”. Nazir Ceyhun Bayramov, həmçinin işğaldan azad olunan ərazilərdə mina problemi, ərazi bütövlüyümüz təmin olunduqdan sonra bölgədə yaranmış yeni imkanlar və Azərbaycan dövlətinin baxışlarından söz açıb.  Daha sonra ölkəmizə qarşı yürüdülən ikili siyasətdən danışan nazir deyib: “Bizim istəyimiz və gözləntimiz növbəti illərdə ölkəmizə qarşı ikili standartların şahidi olmamağımızdır. Biz bəzi Avropa ölkələrinin separatçılığa necə həssas yanaşdıqlarını, necə mühüm qərarlar qəbul etdiklərini bilirik. Biz istərdik ki, Azərbaycanın həyata keçirdiyi işlərlə bağlı rəy verməzdən əvvəl addımın mahiyyətini başa düşsünlər. Ermənistanın separatçı, təxribat xarakterli addımları belə asanlıqla humanitar məsələ kimi qəbul edilə bilməz”.

Nazir Belçikadan Azərbaycana qoyulan investisiyanın 120 milyon, Azərbaycandan Belçikaya qoyulan investisiya isə 250 milyon ABŞ dolları həcmində olduğunu, ölkəmizdə 18 Belçika şirkətinin fəaliyyət göstərdiyini və 2022-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi təxminən 80 milyon ABŞ dolları olduğunu da belçikalı həmkarının diqqətinə çatdırıb.

Belçikanın xarici işlər naziri Hadija Labib ölkəsinin Azərbaycanla əlaqələrin dərinləşməsində maraqlı olduğunu bildirməklə yanaşı, Avropa İttifaqında Azərbaycanı vacib tərəfdaş hesab etdiklərin söyləyib. Azərbaycanın Avropanın enerji təchizatında çox önəmli rol oynadığını deyən belçikalı nazir, həmçinin Ukraynaya yardım məsələsində Azərbaycana xüsusi olaraq təşəkkür edib. Daha sonra o deyib: ”Biz bilirik ki, Azərbaycan dayanıqlı sülh üçün addımlar atır. Bir neçə gün əvvəl Ermənistan XİN rəhbərinə bildirdim ki, bu tarixi fürsətdir və dialoqdan yararlanmaq lazımdır”. Nazir əlavə edib ki, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşılmalıdır: ”Biz bunu dəstəkləyirik”. Onun fikrincə, sülh həm Ermənistan, həm Azərbaycan, həm də bütün dünya üçün vacibdir.

Göründüyü kimi, brifinqdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belçikanın xarici işlər naziri Hadija Labibin Ermənistandakı açıqlamarının üstündən xətt çəkməyi bacarıb.  İndi qalır məsələ Hadija Labibin insafına… Bizi isə bir məsələ maraqlandırır. Görəsən, bu xanım nazir hayların torundan qurtulmaq üçün özündə cəsarət tapacaqmı?

Qvami Məhəbbətoğlu, “İki sahil”