Bəlkə də bir çoxumuz ən azı bir dəfə bu və ya digər yeməyin niyə belə adlandırıldığı ilə maraqlanmışıq. Sizə də maraqlıdırsa buyurun.
“Sezar” salatı
Hazırda “ Sezar” salatı dünyanın ən məşhur salatlarından biridir. Çoxları səhvən bu salatın adının qədim Roma imperatoru Yuli Sezarın şərəfinə adlandırıldığını düşünsə də, lakin bu, belə deyil. Əslində ləziz salat onu ilk dəfə hazırlayan italiyalı aşbaz Sezar Kardinininin şərəfinə adlandırılıb. Belə ki,1924-cü ildə ABŞ-da yaşayan Sezar Kardininin restoranına gecənin bir yarısı müştərilər axışaraq ondan yemək tələb etməyə başlayıblar. Peşəkar aşbaz mətbəxində qalan bir neçə ərzaqlardan salat hazırlayır. Amerikalıların zövqünə uyğun olan bu salat uzun illərdir ki, Kulinar müsabiqələrdə birinciliyini saxlayır. Yeri gəlmişkən, 1953-cü ildə “Sezar” salatı Parisdəki Epikür Cəmiyyəti tərəfindən "son yarım əsrdə ABŞ-da peyda olmuş ən yaxşı resept" adına layiq görülmüşdü.
Qeyd edək ki,bu salatın 20-dən artıq növü öz aktuallığını qoruyub-saxlamaqdadır.
“Karpaçço”
Karpaçço zeytun yağı və limon əsaslı sousla mövsümlənən və nazik dilimlənmiş çiy mal əti filesi ilə bişirilən yeməkdir. Ənənəvi olaraq masaya soyuq yemək və ya məzə kimi verilir. Bu yemək 1950-ci ildə Venesiyada yerləşən ikonik "Harrinin barı" restoranın sahibi Cüzeppe Çipriani ( O, həmçinin "Bellini" kokteylinin ixtirası ilə də tanınır) tərəfindən hazırlanmışdı. Həmin yemək rəsmləri qırmızı və ağ rəng çalarları ilə bol olan Renessans rəssamı Vittore Karpaççonun şərəfinə adlandırılıb. Həmin il Venesiyada rəssamın möhtəşəm sərgisi keçirilirdi. Çipirani də bu resepti həkimlərin istilik emalına məruz qalmış ət yeməsini qadağan etdiyi qrafinya Amaliya Nani Moçeniqo üçün xüsusən hazırlamışdı.
“Paytaxt”, yoxsa"Oliviye"?
Salat öz adını reseptin yaradıcısı, 1860-cı illərdə Moskvanın ən məşhur restoranlarından biri olan "Ermitaj"ın Belçika əsilli baş aşpazı Lusyen Oliviyenin şərəfinə adlandırılıb. 20-ci əsrin əvvəllərində Oliviyenin köməkçi aşpazlarından biri İvan İvanov resepti oğurlamışdı. Daha sonra İvanov işindən ayrılaraq "Moskva" restoranında aşpaz işləməyə başlamış və orada bir qədər fərqli şəkildə bu salatı “Metropolitan (Paytaxt) salatı” adı altında təqdim etməyə başlamışdı. Daha sonra İvanov salatın reseptini müxtəlif nəşriyyatlara satmış, bu da salatın “Paytaxt” salatı adı ilə daha da məşhurlaşmasına səbəb olmuşdu. Yalnız 1905-ci ildə “Ermitaj” restoranının bağlanması və Oliviye ailəsinin daha sonra Rusiyanı tərk etməsindən sonra salat "Oliviye" adlandırılmağa başlamışdır.
“Marqarita”
İlk dəfə olaraq bu pizza 1889-cu ildə Neapolda İtaliya kralı olan I Umbertonun xanımı kraliça Marqaritanın şərəfinə hazırlanmış və onun adı da bu pizzaya verilmişdir.
Bu pizzanı kraliça üçün Rafael Espozito hazırlamışdı. Kraliçası Marqarita pizzanın təkcə dadını deyil, həm də onun İtaliya bayrağının rənglərində hazırlanmasını bəyənmişdi.
Qeyd edək ki, həmin pizzaya pomidor, mossarella pendiri və reyhan əlavə olunmuşdu.
Çox maraqlıdır ki, "Marqarita" pizzasını kraliçanın əmrinə əsasən yalnız Kapodimonte sarayının peçlərində hazırlamaq olardı. Zaman keçdikcə "Marqarita" bütün italyanların sevimli qidasına çevrildi. Yəni, balıqçıdan markizə qədər hamı bu yeməyi sevdi. Hazırkı dövrdə də İtaliyada 2000-dən artıq pizza növü mövcuddur. İtaliyada keçirilən sorğulara görə, italyanların 39 faizi bu pizzanı İtaliya mətbəxinin rəmzi sayır. İtalyanlar ildə 7,6 kilo “Margarita” pizzası yeyir.
"Pavlova" tortu
“Pavlova” tortu və ya deserti əsasən bezedən hazırlanır, üzərinə qaymaqlı krem çəkilir və çoxlu giləmeyvələr düzülür. Bu desert növü daha çox Yeni Zelandiya və Avstraliyada çox populyardır. “Pavlova”nı tort şəklində və ya daha kiçik formalarda hazırlamaq mümkündür.
Desert məhşur balerina Anna Pavlovanın şərəfinə belə adlandırılmışdır. Alber Saks adlı aşbaz bu deserti balerinanın ad günü üçün hazırlayır və deserti təqdim edərkən: “Anna Pavlova kimi havalıdır.” deyir. Doğurdan da bu desert çox yüngül və havalıdır.
Anna Pavlova 1926-cı ildə Yeni Zellandiya və Avstraliyada çoxlu qastrollararda olurdu. Qeyd edək ki, həmin vaxtlar bir çox əşyaları (konfet, ətir, geyim və s.) məşhur balerinanın şərəfinə Pavlova adlandırırdılar.
“Sendviç”
Heç bilirdinizmi ki, “Sendviç” 18-ci əsrdə ingilis diplomatı Earl Con Montagu, 4-cü Sendviç qrafı sayəsində məşhurlaşdı? Qraf qumarbaz idi və kart masasında saatlarla vaxt keçirirdi. Bir dəfə Montaqu uzun bir oyun zamanı aşpazından ona qəlyanaltı gətirməsini xahiş edir. Oyundan yayınmamaq, əlini bulandırmamaq üçün o, aşpaza iki tikə çörəyin arasına bir tikə ət qoymağı əmr edir. Tezliklə London elitası arasında məşhurlaşan sendviç belə yaranır.
"Zaxer" tortu
“Zaxer”tortu avstriyalı qənnad Frans Zaxerin şərəfinə adlandırılmışdı. Deyilənlərə görə, Avstriyanın ən məşhur şokoladlı tortlarından biri olan “ Zaxer”i hazırlayarkən Fransın cəmi 16 yaşı olub. Şahzadə Venzel fon Metternixin əmri ilə hazırlanan bu tort nəinki vətənində, həmçinin bir çox başqa ölkələrdə, o cümlədən Rusiyada da məşhurlaşdı.
“Beef Stroqanoff" yeməyi
Bu yemək Qraf Aleksandr Qriqoryeviç Stroqanovun adını daşıyır.
Bu yemək fransız və rus mətbəxlərini uğurla birləşdirən qrafın aşpazlarından biri tərəfindən icad edilmiş və nəticədə kulinariyanın çox dadlı şah əsərlərindən biri ortaya çıxmışdı.
“Şillerin qıvrımları”
Kimin ağlına gələr ki, qat-qat xəmirdən içi kremli borular şair Fridrix Şillerin adını daşıyır. Fridrix Şiller təkcə şeirləri ilə deyil, həm də qüsursuz böyük qıvrımları ilə tanınırdı. Onun bu saç düzümü onu 18-ci əsrin əsl ulduzuna çevirmişdi.
Bu buruqlar alman kulinariya mütəxəssislərini o qədər ilhamlandırmışdı ki, ona bənzər bir “yemək” hazırlayıb şairin adını vermişdilər.
“Şaftalı Melba”
Məşhur Fransız kulinariya mütəxəssisi Auquste Eskoffier məşhur opera divası Nelli Melbanın şərəfinə şaftalı, dondurma və moruq püresindən ibarət heyrətamiz desert hazırladıqdan sonra xüsusilə ABŞ-da çox məşhurlaşdı. Hətta ABŞ-da 13 yanvarda qeyd olunan milli “Şaftalı Melba” günü var.
"Esterhazy" tortu
Macarıstan, Avstriya və Almaniyada məşhur olan bu badamlı şokoladlı tort Macarıstan diplomatı şahzadə Pala Antal Esterhazinin adını daşıyır.
1847-ci ildə Esterhazi ailəsinin evində xidmət edən aşpazı şahzadə Pala Antal Esterhazinin doğum günü üçün tort hazırlayır. Bu şirniyyatı təkcə uşağı deyil, bütün orada olan qonaqlar çox bəyənir. Tezliklə bu resept bütün dünyaya yayılır. Yeri gəlmişkən, “Esterhazi”nin macar köklərinə baxmayaraq, desert avstriyalı sayılır. Çünki bu ailə uzun müddət Avstriyada yaşamış və bu ölkəyə xidmət etmişdir.
Samirə Tağıyeva, “İki sahil”