Dünyanın müxtəlif güşələrində sərnişinlərin rahatlığını nəzərə alan dizaynerlər onlar üçün rahat və eyni zamanda maraqlı dizaynı ilə seçilən dayanacaqlar hazırlayıblar. Həmin dayanacaqları təqdim edirik.
Avtobusa bənzər dayanacaq (Azərbaycan)
Paytaxtın Binəqədi rayonu ərazisində bir-birindən fərqli üslubda dayanacaqlar quraşdırılıb. Çox maraqlıdır ki, burada sərnişinlər hətta pulsuz çay da içə bilərlər.
Avtobusa bənzər sarı rəngli bu dayanacaq ilk baxışdan sərnişin avtobusuna oxşayır.
Yarpağa bənzər dayanacaq (Böyük Britaniya)
Böyük Britaniyanın Norviç şəhərində qeyri-adi dizaynı ilə fərqlənən avtobus dayanacağı dizayner Maykl Spayser tərəfindən hazırlanıb.
Böyük bir yarpağı xatırladan dayanacaq kifayət qədər böyük bir sahə üçün sığınacaq rolunu da oynayır.
Memarlar tərəfindən vestibül və sərnişin gözləmə zonasını örtmək üçün alüminium panellərdən və şəffaf materiallardan dəmir tent düzəldilib. Bu zaman həm də təbii ventilyasiya və bol gün işığının da qayğısına qalıblar.
100 min detaldan ibarət dayanacaq (London)
LEGO şirkəti ilə "Trueform" injinirinq şirkəti Londonda avtobus dayanacağı hazırlayıb. Qeyri-adi dizayna malik olan nəhəng dayanacaq nə az, nə çox 100 min detaldan ibarətdir.
Əslində Londonda bir neçə qeyri-adi dayanacaqlar mövcuddur. Bunlardan biri də yellənçəkli dayanacaqdır. Burada insanlar avtobusu gözləyərkən biraz əylənib yellənçəkdən istifadə edə bilərlər.
Lüks dayanacaq (Sinqapur)
Sinqapurda yüksək təbəqənin yaşayış kompleksi sayılan Hamilton Scotts öz sakinlərinə bahalı və möhtəşəm dizaynlı mənzillərlə yanaşı, həm də qeyri-adi və oriqinal dayanacaq xidməti təklif edir. Belə ki, şirkət tərəfindən təqdim olunan mənzillərin içində avtomobil üçün dayanacaq yeri də ayrılıb. Bəs görəsən, bu avtomobillər mənzillərə necə yerləşdirilir? Burada sakinlər binaya daxil olarkən avtomobillərini liftin şüşəli şaxtasında yerləşdirirlər və onların avtomobilləri mənzillərinin şüşəbəndinə çatdırılır.
LED lampalarından yığılan dayanacaq (Paris)
Fransanın məşhur Paris şəhərində də qeyri-adi dizaynı ilə seçilən dayanacaq mövcuddur. Çox maraqlıdır ki, həmin dayanacaq minlərlə müxtəlif LED lampalardan yığılıb.
Qarpızabənzər dayanacaq (Yaponiya)
Yaponiya insanların diqqətini cəlb etmək üçün maraqlı bir dayanacaq inşa edib. Həmin dayanacaq qarpıza bənzəyir. Bu dayanacağın içində nəinki oturacaqlar, həmçinin əl-üz yumaq üçün yerdə mövcuddur.
Radioya bənzər dayanacaq (İran)
İranın şimalında XX əsrin əvvəllərinə aid klassik radioqəbuledici şəklində tikilən avtobus dayanacağı var. Qeyd edək ki, bu qeyri-adi konstruksiya az bir zamanda insanların diqqətini cəlb edib. İranın Gülüstan əyalətinin inzibati mərkəzi olan Gürgan şəhərində yerləşən bu dayanacaq haqqında ilk məlumatı, “Sputnik Persian” portalı verib.
Maraqlı dizaynı ilə seçilən dayanacağın divarlarına, daxilindən gecə-gündüz ətrafa ənənəvi fars musiqisi yayılan səsli dinamiklər quraşdırılıb.
Dayanacağın şəkilləri qısa müddət ərzində sosial şəbəkələrdə yayılıb və şəhər rəhbərliyinin şəhərin abadlığına bu cür yaradıcı yanaşması sosial şəbəkə istifadəçilərinin əksəriyyətinin ürəyincə olub. Onların fikrincə, «radio-dayanacaq» əyalətin mərkəzi olan Gürgan şəhərinin ayrılmaz hissəsinə çevrilib.
Bir çox İran vətəndaşı etiraf edib ki, ilk dəfə dayanacağın şəkillərini gördükdə, fotonun xaricdə çəkildiyini düşünüblər.
İstifadəçilərdən biri isə öz növbəsində, qeyd edib ki, belə dayanacağın bir “mənfi” tərəfi də var: burada dayanan sərnişin qəflətən gözəl musiqiyə maraqla qulaq asmaqla, lazım olan avtobusu əldən buraxa bilər.
Dalğaya bənzər dayanacaq (Abxaziya)
Dünyanın ən qeyri-adi avtobus dayanacaqları siyasına daxil olan nəhənq dalğaya bənzəyən bu dayanacaq Abxaziyanın Qaqra şəhərində yerləşir. Bu dayanacaq məşhur Qaudinin parlaq və mürəkkəb mozaikasına bənzəyir.Həmin dayanacaq Abxaziyanın məşhur memarı Zurab Tsereteli tərəfindən inşa edilib.
“NCTU” dayanacağı (Tayvan)
Tayvanın “CHU Studio” studiyasının memarlarının layihəsi əsasında ölkənin ən yaxşı universitetlərindən olan Milli Chiao Tung Universitetinin yaxınlığında maraqlı avtobus dayanacağı quraşdırılıb.
Belə ki, “NCTU” adlanan avtobus dayanacağında aydın şəkildə işarələnmiş oturacaqlar yoxdur.Burada ictimai nəqliyyatı yalnız oturaraq deyil, hətta uzanaraq da gözləmək olar.
Bundan başqa qeyri-adiliyi ilə seçilən bu dayanacağın damı da abadlaşdırılıb. Belə ki, burada hər kəs sərbəst şəkildə damda gəzə, ağacların altında dincələ, eləcə də idman tədbirlərinə baxa bilər.
Qərbi Avropanın ən nəhəng stansiyası
Beynəlxalq memarlıq firması “BDP”nin memarları olan Keith Ingham və Çarles Vislon tərəfindən hazırlanan, Qərbi Avropanın ən böyük stansiyasının dizaynı praktik və zərifdir. Bura təxminən 1100-ə qədər avtomobil və 80 ikimərtəbəli avtobus tutumuna malikdir. Maraqlıdır ki, 10 il əvvəl stansiya sökülmə təhlükəsini yaşasa da, sonra memarlıq əsərləri sırasına daxil olan bu stansiyaya toxunmayıblar.
İnfraqırmızı işıqları ilə məşhur olan dayanacaq (Böyük Britaniya)
Böyük Britaniyanın Slough şəhərində yerləşən avtobus dayanacağı 1800-cü ildə infraqırmızı şüalanmanı kəşf edən yerli astronom Uilyam Herşelin şərəfinə inşa edilib. "Dalğalı" dizaynı ilə seçilən bu dayanacaq müxtəlif infraqırmızı dalğa uzunluqlarını izləyir. Fasadın hamar və parlaq səthinin müxtəlif işıqlandırılması sayəsində binanın görünüşü daim dəyişir.
Balinanın açıq ağzına bənzəyən dayanacaq (Hollandiya)
Hollandiyada məşhur Spaarne xəstəxanasının yanında qeyri-adiliyi ilə seçilən dayanacaq, sanki parlaq narıncı balinanın açıq ağzına bənzəyir. Bu avtobus dayanacağı dünyanın süni materiallardan tikilmiş ən böyük binası kimi tanınmaqdadır.
“Branden” avtobus dayanacağı-Avstriya
Avstriyada yerləşən "Branden" avtobus dayanacağı Seo Fujimoto tərəfindən inşa edilib. Dizaynı ilə digərlərindən çox fərqlənən “Branden” yerli dayanacaqların heç bir funksiyasını yerinə yetimrir. Belə ki, insanları nə soyuqdan, nə də günəşdən qorumayan bu dayanacaq spiral piləkənləri dəstəkləyən nazik polad çubuqlardan inşa edilib və həqiqi meşəyə bənzəyir.
Təyyarəyə bənzər “Poppenbüttel” avtovağzalı (Almaniya)
Almaniyada yerləşən məşhur “Poppenbüttel” avtovağzalı sanki bir təyyarəyə bənzəyir. Burada şəffaf damın altında səkkiz avtobus üçün dayanacaq, eləcə də geniş gözləmə zalı inşa edilmişdir.
Guimaraesin məşhur dayanacağı (Portuqaliya)
Portuqaliyada yerləşən bu avtobus dayanacağı “Arriva” nəqliyyat şirkətinin (avtobusları burada dayanır) logistik problemlərini həll etmək üçün inşa edilmişdi. Dayanacaq 96 avtobus tutumuna malikdir. Qeyri-adi dayanacağın şüşə divarları ətrafda yerləşən obyektlər ilə sanki bir vəhdət təşkil edir və ən əsası bol gün işığını özündə əks etdirir.
Palıd taxtalardan inşa edilən dayanacaq (Avstriya)
Avstriyanın Krumbax şəhərində yerləşən avtobus dayanacağı ispan memarları Anton Qarsia-Abril və Debora Mesa tərəfindən inşa edilmişdir. Sanki yerli zavodlarda qalıqlardan tikilmiş bu dayanacaq əslində elə kobud, işlənməmiş palıd taxtalardan ibarətdir. Bu dayanacaqlar sanki ödənişsiz istirahət yeridir.
Samirə Tağıyeva, “İki sahil”