18 sentyabr 2023 17:00
539

“Xəzəri Qoruyaq!” genişmiqyaslı təmizlik aksiyası başa çatıb - FOTO

16 sentyabr 2023-cü il tarixində “EcoHub” ekoloji platforması ictimai birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) tərəfdaşlığı ilə keçirilən “Xəzəri Qoruyaq!” adlı genişmiqyaslı ekoloji aksiya başa çatıb.

“İki sahil” xəbər verir ki, ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin bu sahədə maarifləndirilməsi və ətraf mühitə məsuliyyətli yanaşma vərdişlərini təbliğ etmək məqsədilə baş tutan son aksiyada müxtəlif dövlət və özəl qurumların əməkdaşları könüllü şəkildə iştirak edib.

1 sentyabr tarixindən etibarən Xəzərin Xaçmaz, Lənkaran, Astara, Şabran, Siyəzən, Neftçala, Sumqayıt çimərliklərini əhatə edən və 16 sentyabr tarixində Bilgəh çimərliyində yekunlaşan aksiyada 1500-dən çox könüllü 11 hektar ərazini 5 ton tullantıdan təmizləyib.

Layihənin digər tərəfdaşları Coca-Cola, “Carlsberg Azerbaijan”, “PAŞA Bank”, “Bakcell” və “McDonald's” şirkətləridir.

“Xəzəri Qoruyaq!” şüarı ilə keçirilən ekoloji aksiya 1986-cı ildə təsis edilən “Beynəlxalq Sahilyanı Təmizlik Günü” çərçivəsində təşkil edilib. Dünyada su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən böyük beynəlxalq könüllü hərəkatında ölkəmiz 13 ildir “Xəzəri qoruyaq!” şüarı ilə iştirak edir.