Özünün tayı olan Ermənistanın Azərbaycanın sülh təklifini qəbul etməsinə hər vəchlə mane olur, onun yanında olduğunu, müdafiəsində dayandığını nümayiş etdirərək bacısı Ermənistanı "cəsarətləndirir"
Vətən müharibəsindəki Qələbədən sonra dünya dövlətlərinin bəzilərinin Azərbaycana qarşı münasibətləri dəyişdi, daha doğrusu, onların iç üzləri açıldı. Azərbaycana qarşı ikiüzlü münasibəti, işğalçı, terrorçu ölkənin maraqlarını müdafiə etməsi bu prosesin önündə edən Fransanın yanlış siyasət yürütdüyünün əyani sübutudur. Dünyada işğalçı ölkə kimi tanınan Fransa hazırda da bu missiyanı adına layiq şəkildə həyata keçirir.
Əsrlər boyu 50-dən çox dövlətin torpaqlarını zəbt edən, sərvətlərini talayan, müharibə cinayətləri törədən, 1954-1962-ci illərdə Əlcəzair qiyamı zamanı 1.5 milyon insan öldürən, mənsub olduğu dindən imtina edib Fransa təbəəliyini qəbul etməyən yerli əhalini qətlə yetirən, işğal etdiyi ərazilərin əhalisinə öz ana dilində danışmağı, oxuyub-yazmağı, adət-ənənələrini yaşatmağı qadağan edən, Sakit okeanda keçirdiyi nüvə silahı sınaqları ilə müxtəlif xalqlara və ətraf mühitə zərər verən Fransa bu gün Azərbaycanın daxili işlərinə müdaxilə edir, ölkəmizin ayrılmaz tərkib hissəsi olan Qarabağda hələ də mövcud olan erməni separatçılarının dəyirmanına su tökməklə Cənubi Qafqaz regionunda sülhün, təhlükəsizliyin bərqərar olmasına əngəl törədir.
Müharibədən sonrakı dövrdə də Fransanın hakimiyyət orqanları, ayrı-ayrı siyasətçilər Azərbaycan qarşı qondarma ittihamlar səsləndirməkdə davam edirlər. Fransa Senatı, Milli Assambleyası beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq Azərbaycanın ərazi bütövlüyünə və və suverenliyinə hörmətsizlik nümayiş etdirdilər. Qondarma “Dağlıq Qarabağ Respublikası”nın “müstəqilliyini“ tanımağa çağıran qətnamələr qəbul etdilər. Fransada prezident seçkiləri dövründə namizədlər və onları dəstəkləyən bir sıra siyasətçilər gizli şəkildə Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazisinə qeyri-qanuni gedib-gəldilər. Beynəlxalq qurumlarda, o cümlədən BMT Təhlükəsizlik Şurasında Fransanın xüsusi aktivliyi sayəsində müzakirələr təşkil olundu, Azərbaycana qarşı sənədlər qəbul edilməyə səylər göstərildi. Lakin bu səylər Fransa prezidenti üçün uğursuzluqla nəticələndi. Belə ki, Azərbaycan Fransanı daimi üzvü olduğu BMT Təhlükəsizlik Şurası müstəvisində məğlub etdi, qurumun üzvlərinə və beynəlxalq ictimaiyyətə rəsmi Parisin riyakarlıqla məşğul olduğunu sübut etdi.
Fransa Azərbaycan və Ermənistan arasındakı danışıqlar prosesinin Brüssel formatını da pozmağa çalışır. Azərbaycan Prezidenti dəfələrlə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə aparılan danışıqların Azərbaycan-Ermənistan sülh prosesinə verdiyi töhfəni yüksək qiymətləndirib, rəsmi Paris isə bu danışıqları pozmağa cəhd göstərib. Bu, Avropa İttifaqının Cənubi Qafqazda sülhə yönələn addımlarına zərbədir və həmin beynəlxalq qurumu narahat etməli olan məsələdir.
Rəsmi Parisin Azərbaycana qarşı qərəzli mövqeyi guya “Laçın dəhlizinin bağlanması”, “Qarabağ ermənilərinin blokadaya alınması”, “Bölgədə humanitar böhranın yaranması” və s. kimi sərsəm iddialarla Ermənistanın apardığı kampaniya zamanı özünü çılpaqlığı ilə bir daha göstərdi. Fransanın yüksək səviyyəli müxtəlif siyasətçiləri anti-Azərbaycan ritorika ilə çıxış etdilər. Qarabağ ermənilərinə humanitar yardım adı altında 2 yük maşını Azərbaycan sərhədlərinə göndərildi, Parisin meri Ann İdalqo Ermənistan-Azərbaycan sərhədi yaxınlığına gəlib binoklla Azərbaycan ərazilərini seyr etdi və Parisə qayıtdı. Ermənilərin Qarabağda göstərdiyi aclıq şousuna yaxından dəstək verən Fransa humanitar yardım adı altında Azərbaycan sərhədlərini keçməyə cəhd etdi. Ancaq unutdu ki, icazəsiz heç bir ölkənin sərhədlərini keçmək olmaz. Onun bu addımı açıq şəkildə suverenliyimizə və qanunlarımıza qarşı hörmətsizlikdir.
Erməniləri "sevən" və "dəstəkləyən” Fransa, İran kimi dövlətlər məğlubiyyət acısı yaşayan Ermənistanı və onun hüquqsuz əhalisini uçurumun kənarına itələyir, Xankəndidəki xunta rejiminə vədlər verir, bir sözlə, bölgədə gərginliyi artırmaqla məşğuldurlar. Məhz belə himayədarların təhriki ilə şərti sərhəddə son zamanlar Ermənistan silahlı qüvvələrinin bölmələrinin və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin törətdiyi təxribatların sayı artıb. Amma bütün bu cəhdlər əbəsdir. Çünki həmin təxribatların qarşısı qətiyyətlə alınır. Ermənistan hakimiyyəti başda olmaqla Qarabağdakı separatçı rejimin qalıqları artıq xeyli müddətdir ki, müxtəlif yollarla dünya ictimaiyyətini, beynəlxalq təşkilatları inandırmağa çalışırlar ki, guya Azərbaycan Laçın yolunda sərhəd-keçid məntəqəsi qurmaqla Qarabağ ermənilərini blokadaya alıb, humanitar böhran vəziyyəti yaradıb, ermənilər ərzaq çatışmazlığı ilə üz-üzədirlər. Bütün bu iddialar ağ yalandır, həqiqəti əks etdirmir, qondarma rejimin və Ermənistan hakimiyyətinin növbəti qarayaxma kampaniyasından başqa bir şey deyil. Bu məntəqə ilə Azərbaycan təkcə Qarabağa daxil olan mallara deyil, həm də insanlara nəzarəti təmin edir. Hər gün onlarla erməni ailəsi həmin nəzarət-keçid məntəqəsindən rahat şəkildə istifadə edir.
Qeyd etməli olduğumuz digər vacib məqamlardan biri də Fransa Prezidenti Emmanuel Makronun təkcə ölkə daxilində həyata keçirdiyi uğursuz siyasəti ilə deyil, həm də xarici siyasətindəki neokolonializmi ilə tarixə düşməsidir. Belə ki, son zamanlarda Nigerdə baş verən hadisələr Fransanın Afrika qitəsində həyata keçirdiyi müstəmləkəçiliyin, köləliyin və acgöz istismarın ağır nəticəsidir. Təsadüfi deyil ki, çevrilişə qalxan qüvvələr Fransa hakimiyyətindən istismara son qoymağı tələb edir. Bütün bunların müqabilində isə Makron utanmazcasına Nigerdəki maraqlarını hər şeydən üstün tutur, hətta bu xalqı hədələyir. Makronun hədəsindən sonra minlərlə insan etiraza çıxaraq diplomatik nümayəndəliyin qarşısındakı "Fransa səfirliyi" yazılmış lövhəni qopararaq onun yerinə Niger bayrağını asıblar. Bu səbəbdən də Fransa mediasında Emmanuel Makronun ölkəni çökdürməsi istiqamətində analiz və şərhlərin sayında artım müşahidə olunur. Məsələ ondadır ki, fransız jurnalistlər də Makron hakimiyyətinin uğursuzluğunu açıq-aşkar tənqid edirlər. Bunun nəticəsidir ki, ölkə siyasiləri və deputatlarının ardınca jurnalistlər də prezidenti hədəfə alıb. Makronun xarici və daxili siyasətdəki "üz ağartmayan" fəaliyyətini artıq hər kəs açıq şəkildə dilə gətirir. Pensiya yaşının artırılması ilə bağlı geniş vüsət alan etirazlar getdikcə daha çox alovlanır. Ölkə daxilində keçirilən sorğu nəticəsində Fransa vətəndaşlarının 70 faizinin Makron hakimiyyətindən narazı olduğu qənaətinə gəlinib. Doğrusu, Makronun xalqın onu istəmədiyindən xəbərdar olub hələ də öz yolundan geri dönməməsi təəccüblüdür.
Azərbaycanın sülh prosesinə sadiqliyi sarsılmazdır və bu mövqe 2020-ci ilin noyabr ayından etibarən tərəfimizdən atılan ardıcıl addımlarla sübut edilib. Fransa tərəfi Azərbaycanın beynəlxalq hüquqla qorunan suverenliyinə və ərazi bütövlüyünə qarşı yönələn, regionda kövrək normallaşma prosesini təhlükə altına alan əsassız bəyanatlarına son qoymalıdır.
Yaqut Ağaşahqızı, “İki sahil”