19 sentyabr 2023 01:15
349

Gələn il pensiyalar nə qədər artacaq?

Bu ilin ilk 7 ayında Azərbaycanda orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,3 faiz artaraq 925,3 manat olub. Orta aylıq əmək haqqındakı artım faizi növbəti ilin yanvar ayında pensiyaların indeksasiyası zamanı istifadə edilən göstəricidir. Yəni, bu il ərzində orta maaş nə qədər artacaqsa pensiyalarda artım da o qədər olacaq.

Hazırda indeksləşmədə iki göstəricidən (orta aylıq əmək haqqının artım səviyyəsi və inflyasiya göstəricisi) istifadə edilir. Pensiya məbləği əvvəlki ildə orta aylıq nominal əmək haqqında artım tempinə, pensiya kapitalı isə inflyasiya göstəricisinə indeksasiya olunur. Bu ildən tətbiq olunan vahid indeksasiya sistemi bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərinin hər il yanvar ayında əvvəlki il üzrə orta aylıq əmək haqqındakı artım faizinə uyğun artırılmasını nəzərdə tutur.

Bu ilin 7 ayındakı tendensiya saxlanacağı halda gələn ilin yanvar ayında pensiyalar təxminən 11 faizə indeksasiya olunacaq. Təbii ki, daha dəqiq rəqəm 2024-cü ilin yanvar ayında elan olunacaq. Bütün hallarda, orta maaşda artım tempi yüksəldikcə pensiyalarda daha çox artımlar müşahidə olunacaq. Bu baxımdan, orta aylıq əmək haqqındakı artım faizi yalnız ölkə iqtisadiyyatında muzdla çalışan işçilər üçün deyil, həmçinin pensiyaçılar üçün də əhəmiyyətlidir.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məlumatına görə, 2023-cü il 1 iyul traixinə ölkədə 1 milyon 96 min nəfər pensiyaçı qeydiyyatda olub. Yəni, ölkə əhalisinin 10.8 faizi pensiyaçılardır. Onların 64,1 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

Ötən ilin iyulun 1-i ilə müqayisədə qeydiyyatda olan pensiyaçıların sayı isə 5,4 faiz azalıb. Yəni, ötən ilin iyul ayında Azərbaycanda pensiya alanların sayı daha çox idi. Pensiyaçıların sayının azalmasının əsas səbəblərindən biri əlilliyə görə pensiya alanların sayında qeydə alınan ikirəqəmli düşüşdür. Belə ki, əlilliyə görə pensiya alanların sayı 16,4 faiz azalıb. Buna səbəb əlilliyin yenidən qiymətləndirilməsi zamanı imtinaların sayının əvvəlki dövrlər ilə müqayisədə artması və meyarların dəyişdirilməsidir. Bu kateqoriya üzrə azalmalar ümumi pensiyaçıların sayına birbaşa təsir göstərmişdir. Digər tərəfdən, ailə başçısını itirməyə görə pensiya alanların sayında da azalma qeydə alınıb (9,7 faiz).

Bütün bunlarla yanaşı, DSMF-in məlumatına görə, həmin dövrə yaşa görə pensiya alanların sayı isə 0,4 faiz artıb. Bu yaşa görə pensiya alanların sayında kiçik də olsa artımın qeydə alınması anlamına gəlir. Orta pensiya məbləği ötən ilin uyğun dövrü ilə müqayisədə 18,2 faiz artaraq 435,0 manat olub. Əmək pensiyasının minimum məbləği isə 16,7 faiz artırılaraq 2023-cü ilin 1 fevral tarixindən 280 manat müəyyən edilib.

Cavid Əkbərov, “İki sahil”