18 sentyabr 2023 23:59
280

Əli Kərimlinin yalandan don biçmək mərəzi

Biri var, hakimiyyətə müxalifət, bir də var dövlətə müxalifət. Birincilər konsturuktiv müxalifət hesab edilirlər. İkincilər isə dağıdıcı və qaragüruhçulardır. Məhz AXCP sədri Əli Kərimli ikincilərə aiddir  və o, çoxsaylı avantüralarına görə anti-Azərbaycan qüvvələrin istinad nöqtəsinə çevrilib. Adam sanki marığa yatıb ölkənin, dövlətin adına ləkə gətirən, vətəni aşağılayan nə qədər ifadə, yalançı arqument, böhtan, qərəz, şər varsa hamısını kin-kudurət şəklində püskürür. Onun rəhbəri olduğu dağıdıcı müxalifət düşərgəsi sentyabrın 15-də Şəhidlər xiyabanındakı Türk Şəhidliyini ziyarət edib. Əslində bunun adı ziyarət olsa da onlar orada  qeyri-qanuni mitinq keçiriblər. Əvvəla mitinq üçün icazə almaq lazım idi. Digər tərəfdən, mitinqdə hakimiyyət və dövlət əleyhinə qeyri-qanuni çağırışlar etmək, insanları itatətsizliyə səsləmək ən böyük qanun pozuntusudur və buna görə hər kəs qanun qarşısında cavab vermiəlidir və verəcək də…

 Eyni zamanda, Əli Kərimli və onun trol dəstəsi yalan və böhtan kampaniyalarına burada da davam edərək bildiriblər ki, guya hakimiyyətin təşkil etdiyi xüsusi adamlar onların ziyarətinə mane olublar. Məhz özlərinin  ziyarətlə bağlı «YouTube» kanalında yerləşdirdikləri videodan da aydın görünür ki, orada onlara heç kim mane olmayıb. Əksinə, onlar insanların gediş-gəlişinə, nəqliyyatın hərəkətinə kütləvi şəkildə maneçilik törədiblər.

Əli Kərimli və onun ətrafı qeyri-qanuni mitinqdə dövlətin və hakimiyyətin əleyhinə böhtan atmaqla kifayətlənməyərək  yaxın tariximizi də saxtalaşdırmağa çalışıblar. Əli Kərimli iddia edib ki, guya müstəqil Azərbaycan dövlətini məhz onlar yaradıblar. Təbii ki, bu qaragüruhçuların sayıqlamalarına əhəmiyyət mək də olar. Çünki heç bir siyasi gücü, geniş intellekti olmayan siyasətçinin söylədikləri sıfır effekti verir. Ancaq bununla belə, danışılan yalan, atılan böhtanlar məhz dövlətin əleyhinə olduğundan ən azı o fikirlərin kökündən yanlış və qərəz olduğunu göstərmək lazımdır.

Yaxın tariximizə bələd olanlar yaxşı bilirlər ki, AXC-Müsavat hakimiyyəti 1992-93-cü illərdə ölkəni bərbad günə qoymuşdu. Hətta müharibə gedən ölkədə ordu iflic vəziyyətə salınmışdı. Ön cəbhədə döyüşlərin getdiyi vaxt arxa cəbhədə vəzifə davası aparılır, siyasi qruplaşmalar arasında açıq silahlı mübarizə gedirdi. Paytaxtda vəzifə davasına çıxanlar həmin silahlı birləşmələri cəbhə xəttindən geri çəkərək Bakıya gətirir, siyasi mübarizədə, vəzifə bölgüsündə təzyiq aləti kimi istifadə edirdilər. Nəticədə erməni işğalçıları Dağlıq Qarabağla birgə ətraf yeddi rayonu da zəbt etməyə nail oldular.

Bəli məhz həmin dövrdə xalq ölkənin  xilasını Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri, böyük siyasətçi Heydər Əliyevin rəhbərliyə gətirilməsində gördü və tələb etdi. 1993-cü ilin iyunun 15-də Ali Sovetin sədri seçilən Ulu Öndər ilk növbədə Azərbaycanı etnik və regional zəmində parçalanma təhlükəsindən, vətəndaş müharibəsi və xaosdan xilas etdi.

Əli Kərimli və böhtançı ətrafı bütün bunları bilə-bilə hələ də yalan danışır, böhtanlar tirajlayırlar. Onlar iddia edirlər ki,  guya ölkədə bütün sahələrdə inkişaf, güclü iqtisadiyyat, yüksək rifah və s. təmin olunubmuş. Amma tarix tarixliyində qalır və faktlar göstərir ki, həmin illər ölkəmiz üçün ən biabırçı dövr olub. Onlardan soruşmaq lazımdır ki,   niyə AXC hakimiyyəti cəmi 11 ay davam gətirə bildi? Niyə Qarabağ ermənilərdən təmizlənmədi, siyasi-iqtisadi islahatlar aparılmadı, əvəzində niyə  ölkədə vətəndaş müharibəsi və separatizm meyilləri baş qaldırdı? Məhz onların hakimiyyəti dövründə xalqa xilaskar kimi təqdim edib «milli qəhrəman» adı verdikləri Surət Hüseynov kimi bir avantürist Qarabağ, Gəncəbasar zonaları da daxil olmaqla ölkənin böyük bir hissəsində, necə deyərlər, «meydan sulayırdı». Həmçinin cənub bölgəsində AXC-nin i separatçı Əlikram Hümbətovun qondarma «Talış-Muğam respublikası» elan etməsi, şimalda siyasi qruplaşmaların ölkəni parçalamaq cəhdləri də onların hakmiyyəti dövründə baş vermişdi.

Məhz AXC- Müsavat hakimiyyəti dövründə nə ordudan, nə də hərbi uğurlardan danışmaq mümkün deyildi. Ölkədə ordu əvəzinə çoxsaylı silahlı qruplaşmalar mövcud idi. Özünü «lider» hesab edən hər kəs bir batalyon saxlayırdı. Bunun da nəticəsi olaraq erməni hərbi birləşmələrinin işğalının qarşısını almaq mümkün olmurdu. Necə ki, Dağlıq Qarabağla yanaşı, Kəlbəcər kimi strateji əhəmiyyətli rayon AXC-Müsavat hakimiyyətinin məsuliyyətsizliyi və günahı ucbatından əldən verildi. Nəticədə AXC hakimiyyətinin hərbi sahədəki «nailiyyətləri» ona gətirib çıxardı ki, ermənilər torpaqlarımızın 20 faizini işğal etdilər.

Ölkənin siyasi sistemində də vəziyyət acınacaqlı idi. AXC-Müsavat cütlüyü hakimiyyətə demokratik şüarlarla hakimiyyətə gəlsə də, tezliklə avtoritar xarakterini ortaya qoydu. Müxalif sözə, tənqidə dözümsüzlük nümayiş etdirdi. Ölkədə azad sözün, plüralizmin, mətbuatın boğulmasına başlandı.  Məhz bütün bunlara rəğmən Əli Kərimlinin «müstəqil Azərbaycanı biz qurduq» ifadəsi  tarixi saxtalaşdırmağın başqa bir riyakar variantı hesab etmək olar.

Elçin Zaman, «İki sahil»