18 sentyabr 2023 23:36
244

Almaniya dörd günlük iş həftəsinə keçir?

Almaniyada dörd günlük iş həftəsi sisteminin sınaqdan keçirilməsi üçün pilot layihəyə start veriləcək. Berlində yerləşən "Intraprenör" konsaltinq şirkəti tərəfindən həyata keçiriləcək layihədə 50-dən çox şirkətin iştirakı gözlənilir.

“İki sahil” xəbər verir ki, layihə çərçivəsində şirkətlər altı ay ərzində həftədə dörd gün işləyəcək. Bu prosesdə iş vaxtı 80 faizə enəcək, lakin məhsuldarlıq və əmək haqqı 100 faiz səviyyəsində saxlanılacaq.

Layihənin məqsədi dörd günlük iş həftəsinin məhsuldarlığa, iş-həyat balansına və işçilərin məmnunluğuna təsirini ölçməkdir.

Hans Bökler mərkəzi tərəfindən aparılan sorğuya görə, alman işçilərin 73 faizi qazandıqları pul eyni qaldığı müddətcə həftənin dörd günü işləməyə razıdır.

Sorğuda iştirak edənlərin 17 faizi həftədə dörd gün işləməyin əleyhinədir. Bu qrupun işləməkdən həzz aldığı, iş saatlarının qısaldılmasının iş sistemini dəyişəcəyindən narahat olduğu, işlərini bitirə bilməyəcəklərini düşündüyü bildirilir.

Orta Ölçülü Müəssisələr Birliyi isə həftənin dörd günü işləməkdən uzaqdır. Birlik işəgötürənlər və işçilər arasında fərdi həllərin mümkün ola biləcəyinə inanır, lakin dövlətin mümkün müdaxiləsinə qarşıdır.

Birliyin baş katibi Kristof Olhaus, iş vaxtının azaldılmasının məhsuldarlığın azalmasına səbəb ola biləcəyini ifadə edərək, əvvəlcə müəssisələrin, sonra isə hər kəsin zərər çəkəcəyini bildirir.

Almaniyanın ən böyük birliyi olan "IG Metall" bu fikirdədir ki, dörd günlük iş həftəsi ilə bağlı müzakirələrdə Almaniyanın metal və elektronika sənayesindəki rəqabət qabiliyyəti nəzərə alınmalıdır.

"IG Metall"ın prezidenti Yorq Hofmann dörd günlük iş həftəsi modelinin gələn il keçiriləcək kollektiv müqavilə danışıqlarında "IG Metall"in tələbləri siyahısında olmayacağını və bunun "uzunmüddətli məsələ" olduğunu söyləyib.

Eyni layihə daha əvvəl İngiltərədə də həyata keçirilib və şirkətlər layihənin sonunda müsbət balans tərtib ediblər. Böyük Britaniyada layihədə iştirak edən 61 şirkətdən 56-sı dörd günlük iş həftəsi sistemini davam etdirəcəklərini bildirib.

Sınaq dövründə xəstəlik məzuniyyəti alan işçilərin nisbəti 65 faiz, işdən çıxan işçilərin nisbəti isə 57 faiz azalıb. Boston və Kembricdən olan mütəxəssislərin apardıqları təhlillərə görə, sınaq müddətində şirkətlərin dövriyyəsində orta hesabla 1,4 faiz artım qeydə alınıb.